Qarpızın qiyməti niyə bahadır? - - İlin bu vaxtında... (+VİDEO)

Qarpızın qiyməti niyə bahadır? - İlin bu vaxtında... (+VİDEO)

Qarpızın qiyməti və nazirin işi...

Aprel ayında - prezident seçkilərindən sonra hökumət kabinetində xeyli yeniliklər oldu. Üç nazirliyin, bir xidmətin, üç komitənin rəhbəri dəyişdi. Yeni təyinatlar arasında ən çox müzakirələr kənd təsərrüfatı naziri ilə bağlı oldu. Azərbaycanda “ASAN xidmət” kimi korrupsiyadan azad bir xidmət qurumunun fəaliyyətinə rəhbərlik edən İnam Kərimovun aqrar sahənin başına gətirilməsini təqdir edənlər çox oldu. Az bir qisim isə kənd təsərrüfatının spesifik sahə olmasını əsas gətirməklə gənc nazirin bu sahədə uğur qazanacağını sual altına aldı. Amma əksəriyyət yeni nazirin aqrar sektoru da ASAN-laşdıracağına inanır. Bu baxımdan, İ. Kərimovun üzərinə çox böyük məsuliyyət qoyulub: inamı doğrultmaq, cəmiyyətin gözləntilərini reallaşdırmaq çox çətin, çox da ağır işdir...

Təyinatlardan düz üç ay keçir. Bu müddət ərzində vəzifəyə gələnlər bir sıra işlər görüblər. İlk növbədə kadr islahatından başlayıb, çoxlu sayda məmurları yenisi ilə əvəzləyiblər. Bu yenilənmə Kənd Təsərrüfatı Nazirliyindən də yan ötməyib. Amma açığını söyləmək lazımdır ki, əksərindən fərqli olaraq bu qurumda kadr dəyişikliyi sırf keçmiş nazirin adamlarını işdən kənarlaşdırmağa hədəflənmədi. Burada ilk öncə gənc və fəal kadrların iş başına gətirilməsi, daha sonra isə işində pozuntulara yol verən kadrların əvəzlənməsi prosesi gedib, indi də davam edir.

Hamı bilir ki, aqrar sektor çox mürəkkəb, çox da geniş bir sahədir. Son illərdə prioritetə çevriləndən sonra bu sahəyə yönəldilən dövlət vəsaitlərinin həcmi milyard manatlarla ölçülür. Kənd təsərrüfatı həm də yaxşı və ya pisliyindən asılı olmayaraq, hansısa nəticələrin gec əldə oluna bildiyi sahədir. Yüz milyonların axdığı mürəkkəb bir sahədə kardinal dəyişikliyə 3 ay ərzində nail olmaq mümkünsüzdür. Bu baxımdan, kənd təsərrüfatında baş verən hər neqativə görə 3 ay əvvəl nazir təyin olunan şəxsin üzərinə yürümək ən yaxşı halda məntiqsizlik, ən pis halda isə qərəzlilikdir.

Bu il qarpız az əkilib - pambığa görə. Buna görə də qiymət bahalaşıb. Bəziləri İ.Kərimovu ittiham edir, “qucağına quzu almaqdansa, qarpız al” deyə, hətta zarafata da salırlar. Halbuki bu adam nazir təyin olunanda pambıq səpini yekunlaşırdı artıq: nə əkilən sahənin ölçüsünü, nə də yerini müəyyən etməyib.

Bu günlərdə ölkədə taxıl biçini başa çatmaq üzrədir. Bütün ölkəboyu taxıl sahələrində kombayn problemi yaşandı. Biçin gecikdiyinə görə son yağışlar xeyli məhsulu zay elədi. Və hamı yenə də yeni naziri suçlayır. Əlbəttə, aqrar sektorda yaranan problemlərə görə bu sahədə münasibətləri tənzimləyən əsas dövlət qurumundan narazılığın olması təbiidir. Təbii olmayan odur ki, biriləri yeni naziri hədəf seçərək danışır.

“Aqrolizinq” illər boyudur korrupsiya məskəninə çevrilib, aqrotexnikanın alınmasına ayrılan pullar yüz cür fırıldaqla mənimsənilib. Gətirilən texnikaların çoxu keyfiyyətsizliyinə görə tezliklə sıradan çıxıb. Aydın məsələdir ki, bu vəziyyəti 3 aya düzəldib, kənd təsərrüfatını zəruri texnika ilə təmin etmək mümkünsüzdür. Sözün həqiqi mənasında, xaraba qoyulmuş bir sahədə 90 günə cənnət qurmaq, yumşaq desək, xam xəyaldır.

Bunları yazmaqla, İ.Kərimovun bütün problemlərdən kənarda saxlanmasını təklif etmirəm, etməm mümkün də deyil. Lakin onun rəhbərlik etdiyi sahənin spesifikliyini nəzərə alaraq, heç olmasa 1 il vaxt verilməsinin gərəkdiyini düşünürəm. Ortada ASAN təcrübəsi var - bir məmurun fəaliyyət qabiliyyətini qiymətləndirmək üçün yetər də, artar da. Bu qabiliyyətin kənd təsərrüfatında özünü təsdiq edib-etməyəcəyini qiymətləndirmək üçün adama vaxt verilməlidir. Gəlin İ.Kərimovun işini real nəticələrin əldə oluna biləcəyi vaxtda qiymətləndirək. Yerli-yersiz tənqidlərlə ruhdan salıb, iş həvəsini öldürmək nə bizə lazımdır, nə də aqrar sektorumuza...

Sonda bir məsələni deyim ki, dünyada yeni vəzifəyə gələn-gətirilən şəxslərin işini dəyərləndirərkən ən azı 100 günlük dövr götürülür. Biz isə səbirsizliyimizi burada da göstərərək, 90 günün hesabını soruruq. Bir qədər səbirli olmağa dəyər, nə deyirsiniz? 

Dünya Sakit 

musavat.com

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !