ƏLADAN ƏLA - - Nəriman Qasımoğlu

ƏLADAN ƏLA - Nəriman Qasımoğlu

2004-cü ilin yazı idi, Amerikanın Georgetown University-ində araşdırmaçı qismində çalışırdım. Ofisim Center for Muslim-Christian Understanding (Müsəlman-Xristian Anlaşma Mərkəzi)-ində idi.

Bir gün həmkarlarımdan biri zəng edib bildirir “xaricdən Amerikaya gənc ilahiyyatçılar və din xadimlərindən ibarət nümayəndə heyəti gəlib, ABŞ-da ziyarət edəcəklərinin sırasında universitetimiz də var. Məsləhət olub həmin nümayəndə heyətini sən qəbul edəsən”. Soruşuram “nə məsələdir, mənim səlahiyyətimdə deyil axı?!” Həmkarım izah edir “niyə də yox, sən də bizim əməkdaşımız”. Nümayəndə heyətinin hansı ölkədən olduğunu soruşuram, deyir “Azərbaycandan gəliblər”. “Great!”, yəni “əla!” deyib görüş vaxtını öyrənirəm.

Əhvalım da əladır: bir azdan həmvətənlərimi bir Amerika universitetinin təmsilçisi kimi rəsmən qəbul etməliyəm.

Qəbul zalındayam. Heyətin üzvləri içəri daxil olurlar. Tərcüməçi də Bakıdandır. Qonaqları salamlayandan sonra Amerika-Azərbaycan əlaqələrinin strateji mahiyyətindən, Amerikada etiqad azadlıqlarının tarixindən, təmsil etdiyim universitetin keçirdiyi dinlərarası dialoq tədbirlərindən və s.-dən uzun-uzadı söhbət aparıram. Cümlələrimə fasilə də verirəm ki, tərcüməçi dediklərimi Azərbaycan dilinə rahat tərcümə edə bilsin. Sonra keçirik açıq söhbətə, sorğu-suala. Azərbaycanda etiqad azadlıqları barədə soruşuram, onlar mənə Azərbaycanda dini tolerantlığın tarixindən danışırlar.

Görüş bitir, söhbəti elə zaldaca qonaqların şərəfinə təşkil edilən kofe-şirniyyat süfrəsi ətrafında davam etdiririk. Bakılı tərcüməçi məndən əslimi soruşur. “Roluma” davam edib əslən azərbaycanlı olduğumu, ABŞ-a nə zamansa babalarımın hicrət etdiyini deyirəm. Ona maraqlı gəlir. Dilimizi bilib-bilməməyimi soruşur. Bir-iki kəlmə “qırıldadıb” deyirəm bildiyim elə budur. Gənc din xadimlərindən biri yaxınlaşıb mənə şərq miniatürləri ilə bəzənmiş qələmdan hədiyyəsini verir. Nümayəndə heyətində bir gənc xanım da var, ilahiyyat fakültəsini bitirib. Space-də bir dəfə mövhumatçıların cərgəsində mənimlə mübahisəsi də düşüb. Maraqla məni süzür, bilirəm fikrindən keçirir görəsən bu mən olaram, ya bir başqası. Yaxınlaşıb ehtiyatla ingiliscə salam verir. Onun üçün gözlənilməz olaraq Azərbaycanca salamlaşıb hal-əhval tuturam və deyirəm “indi isə məni tanımamış olmazsınız”. Gülümsünür. Tərcüməçi çaş-baş qalıb. Ümumilikdə isə hiss edirəm bu durum onlarda pozitiv ovqat yaradıb. Azərbaycan dilində danışdığımı eşidib digərləri də ətrafıma toplanırlar. Söhbətimiz şirin məcraya yönəlir. Gənclər bir-bir yaxınlaşıb mənimlə Georgetown universitetinin foyesində, pilləkanlarında şəkil çəkdirirlər. Biri deyir, “görün burada sizin nə qədər hörmətiniz var ki, xarici nümayəndə heyətini amerikalılar adından qəbul etməyi sizə tapşırıblar”.

Əhvalım bu dəfə isə “is better than great”, yəni əladan da əladır. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !