Gəncədə Xalq Cümhuriyyətinin Varisləriyik devizi altında silsilə tədbirlər həyata keçirilib - (+FOTOLAR)

Gəncədə “Xalq Cümhuriyyətinin Varisləriyik” devizi altında silsilə tədbirlər həyata keçirilib (+FOTOLAR)

Azərbaycan Xalq Cümhuriyyətinin birinci paytaxtı olmuş Gəncə şəhərində müsəlman şərqində ilk parlamentli Respublikanın yaranmasının yüz illiyi münasibətilə “Xalq Cümhuriyyətinin Varisləriyik” devizi altında silsilə tədbirlər həyata keçirilib.
Tədbirlərdə Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Azərbaycan və Türkiyə Respublikaları Müdafiə Nazirliklərinin, Gəncədəki diplomatik korpusların rəsmiləri, qonşu şəhər və rayonların, eləcə də Gəncə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şəhərin mərkəzində, Heydər Əliyev adına meydanda xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarətlə başlanan tədbir “Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi”ni tanışlıqla davam etdirilib.
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabinetinin fəaliyyət göstərdiyi binada yaradılmış və yubiley ərəfəsində yenidən qurulmuş muzey zəngin ekspozisiyaya malikdir. Burada Cümhuriyyətin qurucuları, onun fəalları haqqında ətraflı məlumat verilir, AXC-nin yaranmasının XIX əsrin sonu və XX əsrin əvvəllərində ölkəmizdə və dünyada gedən ictimai-siyasi proseslərin, Azərbaycan xalqının milli özünüdərkinin, oyanışının məntiqi nəticəsi olduğu foto, sənəd və digər arxiv materiallarında əks etdirilir.
Muzeydə Xalq Cümhuriyyətinin ilk qurucularından olan Nazirlər Kabinetinin rəhbəri, baş nazir Fətəli Xan Xoyskinin iş otağı, şəxsi əşyaları böyük maraq oyadır.
Azərbaycan-Türkiyə qardaşlığının rəmzinə çevrilmiş Nuru Paşanın Gəncəyə gəlişi, Qafqaz İslam Ordusunun yaranması, formalaşması, qətliamlar törədən ermənilərin tərksilah olunması uğrunda döyüşlərdə mehmetçikin şəhadətə çatması və Gəncədə ilk olaraq Azərbaycan torpağına əmanət edilməsi, Gəncədən Bakıya xilaskarlıq yürüşü, Gəncə oğullarının və Vətənimizə qardaş köməyinə gəlmiş türk ərənlərinin şücaət nümunələri barədə ətraflı məlumat verilir. Azərbaycan Xalq Cümhuriyyəti ordusunun döyüş bayrağı, süvari və piyada geyimləri göz oxşayır.
Son iki salonda isə ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AXC barədə fikirləri və onun fəaliyyətinə verdikləri yüksək qiymət öz ifadəsini tapıb.
Türkiyə Milli Müdafiə nazirinin müavini Şuay Alpay muzeydə babası Qaçaq Məhəmmədqasım bəyə həsr olunmuş xüsusi guşəni seyr edərkən duyğulu anlar yaşayıb.
Onun babası əslən Samux rayonundandır. Azərbaycan Xalq Cümhuriyyətinin fəal üzvlərindən biri olub. 1920-ci ildə bolşeviklərin Azərbaycanı işğalı zamanı Gəncənin müdafiəsində böyük fədakarlıqlar göstərib. Gəncə üsyanının igid döyüşçülərindəndir. Azərbaycanın işğalından sonra da o, silahını yerə qoymayıb və bir dəstə Gəncə dəliqanlısı ilə dağlara çəkilərək mübarizəsini davam etdirib. 1932-ci ildə Türkiyəyə mühacirət edib. Vətəndən uzaqlarda da Azərbaycanın nə vaxtsa müstəqilliyinə yenidən qovuşacağına inanıb və bu inamla da həmin günü səbirsizliklə gözləyib.
Qaçaq Məhəmmədqasımın nəvəsi Şuay Alpay babasından yadigar qalmış fotonun əslini muzeyə hədiyyə edib və rəy-təkliflər kitabına ürək sözlərini yazıb.
Sonra tədbir iştirakçıları Azərbaycan Dövlət Aqrar Universitetində tariximizin cümhuriyyət dövrünə həsr olunmuş guşə və stendlərə baxıb, Gəncə Dövlət Filarmoniyasının yeni binası ilə tanış olub, şəhərin görməli yerlərini gəziblər.
Heydər Əliyev park-kompleksinin Amfiteatrında Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbaninin layihəsi, ssenarisi və rejissorluğu əsasında hazırlanmış “Xalq Cümhuriyyətinin Varisləriyik” adlı teatrlaşdırılmış, kinolaşdırılmış kütləvi vətənpərvərlik tamaşası təqdim olunub.
On minə yaxın Gəncə sakininin, hərbi qulluqçuların və qonaqların izlədiyi tamaşanın leytmotivi Ulu Öndərimizin “Mən bu gün qürurla deyirəm ki, biz Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli və layiqli varisiyik... Biz tarixdən ibrət götürməliyik” və Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələri bu gün də yaşayır və müasir Azərbaycan onun hüquqi varisidir” fikirləri təşkil edir.
Tamaşa boyu Xalq Cümhuriyyətinin qısa, lakin şərəfli fəaliyyət yolu bədii formada təqdim edilib. Cümhuriyyət qurucularının, o cümlədən Fətəli Xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun, İstiqlal şairlərimiz Əhməd Cavadın, Məhəmməd Hadinin obrazları canlandırılıb.
Tamaşaçılar ilk Hərbiyyə nazirimiz Səməd bəy Mehmandarovun və onun müavini Əliağa Şıxlinskinin, süvari və piyadaların Cümhuriyyət Ordusunun döyüş bayrağı altında meydana daxil olmasını ayaq üstə, alqışlarla qarşılayıblar.
Aparıcılar Qaçaq Məhəmmədqasım bəyin uzun illərin ayrılığından sonra Vətənə, Xalq Cümhuriyyətinin yüz illik yubileyinə gəldiyini bildirəndə alqış səsləri səngimək bilməyib. Tamaşaçılar onun qiyafəsində aktyoru səhnədə görəndə qədəmlərinə gül-çiçək səpiblər.
Qaçaq Məhəmmədqasım bəy 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etdiyi xəbərindən ruhunun şadlandığını və bu gün də erməni təcavüzkarlarına qarşı, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz ruhu ilə döyüşməyə hazır olduğunu bəyan edib.
İgid döyüşçünün nəvəsinin mərasimdə olduğunu eşidən tamaşaçılar Şuay Alpaya öz sevgi və məhəbbətlərini bildiriblər. Gözlənilməz bu təqdimatdan təsirlənən hörmətli qonaq səhnəyə dəvət edilib.
Şuay Alpay Azərbaycana, Azərbaycan xalqına, baba ocağına salamlarını yetirib. Azərbaycanın uğurlarından qürur duyduğunu dilə gətirib, bu gün həyatının ən xoşbəxt anını yaşadığını qeyd edib. Bir xalq, iki dövlətin, sevinci və kədəri bir olan Azərbaycan və Türkiyə xalqlarının dostluğunun, qardaşlığının bundan sonra da daimi və sarsılmaz olacağına əminliyini bildirib. Azərbaycan Ordusunun bu gün regionun ən güclü ordusu olduğundan fərəh hissi keçirdiyini bildirib.
Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dəvəti məmnuniyyətlə qəbul edərək bugünkü tədbirə şərəf gətirən Şuay Alpayı Müdafiə Nazirliyinin rəhbərliyi adından salamlayıb, ona xoş arzularını bildirib.
Sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Şuay Alpayın Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında səmərəli xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti adından “Hərbi əməkdaşlığa görə” medalı ilə təltif olunması barədə əmri oxunub. Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev medalı əziz qonağa təqdim edib.
Tamaşada Azərbaycanın son yüz il ərzində, xüsusilə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi otuz ildən çox dövrdə ölkənin iqtisadi, siyasi, mədəni həyatında eləcə də, ordu quruculuğu sahəsində qazandığı nailiyyətlərdən söhbət açılıb, cənab İlham Əliyevin müstəsna xidmətləri qeyd olunub. Dövlətimizin başçısının son on beş ildə on yeddi dəfə Gəncədə olduğu nəzərə çatdırılıb. Video-görüntülərlə Gəncənin dinamik sürətlə inkişaf etdiyi, quruculuq-abadlıq işlərinin geniş vüsət aldığı diqqətə çatdırılıb.
Tamaşaçılar sonda builki Prezident seçkilərində yenidən uğur qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin müraciətini hərarətlə qarşılayıblar: “Biz hamımız çalışmalıyıq ki, bundan sonra da ölkəmizi gücləndirək... Biz müstəqil ölkəyik, güclü ölkəyik. Biz tutduğumuz yolla gedirik. Əminəm ki, bu yol Azərbaycanı daha xoşbəxt gələcəyə çatdıracaq”.
Kütləvi tamaşada Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Mahnı və Rəqs Ansamblı, Gəncə Dövlət Dram və Kukla teatrlarının, Gəncədəki dövlət universitetlərinin, kolleclərin, musiqi məktəblərinin kollektivləri, gənc əsgərlərin xoru, Xalq Artistlərindən Samir Cəfərov, Pərvanə Qurbanova, Alim Məmmədov, Aybəniz Haşımova, Əməkdar Artislərdən Cahangir Qurbanov, Ramil Qasımov, Ramiz Vəliyev, Sevda Orucova və başqaları iştirak ediblər. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !