AZpress.AZ-ın arxivindən: - ŞƏFİQƏ AXUNDOVA: "AİLƏSİZ QADIN SINIQ BOŞQAB KİMİDİR"

AZpress.AZ-ın arxivindən: ŞƏFİQƏ AXUNDOVA: "AİLƏSİZ QADIN SINIQ BOŞQAB KİMİDİR"

(Müsahibə lent yazısına alınıb və yaxın günlərdə AzPreesTV-də
nümaiş etdiriləcək. AzPress TV-nin proqramlarını izləyin.)

 

Ona olan məhəbbətim çox güman ki, bəstələrinə olan sevgimdən, sənətinə olan vurğunluğumdan, ən əsası isə bir qadın olaraq, onun bütün duyğularını demək olar ki, olduğu kimi hiss etdiyimdən, sənət həyatına olan sevgim qədər şəxsi həyatının bir çox nüaslarına olan baxışlarımdan yaranıb. Həyatı sevən, həyata bağlı olan zərif bir qadın ürəyi üçün bəzən həyatın gözlənilməz və xoşagəlməz surprizləri ilə rastlaşmaq nə qədər ağır olsa da o, bu ağır surprizləri də dözümü və iradəsi ilə qarşılayıb. İncisə də həyatından küsməyib. 87 yaşında belə həyata gənclik illərinin sevgisi ilə "Həyat, sən nə şirinsən" deyir. Yaşlı çöhrəsindəki nur, işıq, mehribanlıq onun zahiri gözəlliyini hələ də saxlayır. Bu gözəlliyi görmək üçün onun çöhrəsinə sadəcə bircə dəfə baxmaq bəs edər. Daxili dünyasındansa müəllifi olduğu mahnılar xəbər verir. Mən xanım bəstəkar Şəfiqə Axundova haqqında danışıram. Azərbaycanın xalq artisti, Şöhrət ordenli, Şərqin opera yazan ilk qadın bəstəkarı, yüzlərlə mahnının müəllifi, minlərlə insanın sevimlisi Şəfiqə Axundova. Bir vaxtlar həyatın bütün sınaqlarına qadın iradəsi ilə sinə gərən, bütün duyğularını yalnız və yalnız öz bəstələrində əks etdirən Şəfiqə xanımın gözlərində yaş görünməzdi. İndisə qəlbində qədərindən çox olan kövrəklik və həssaslıq onun nurlu çöhrəsinə xüsusi gözəllik verən gözlərinə zirayət edir və bu gözlərdə tez-tez pucur-pucur gilələnən yaş damcıları görünür. Yaradıcı insanlar həssas olurlar, yaşlı insanlar da həmçinin. Bu baxımdan da Şəfiqə xanımın bu gün nə üçün bu qədər kövrək və həssas olduğunu anlamaq çətin deyil. Həm də həyatın bir çox gözlənilməz və xoş olmayan surprizləri ilə rastlaşan bu ağbircək xanım üçün bu kövrəklik və həssaslıq heç də qeyri-adi deyil. Bir sənətkar kimi lazım olandan da çox sənət nümaiş etdirib, Azərbaycan musiqi tarixində Xalq Artisti kimi ad qoyub, insan duyğularına toxunan mahnılarla könüllərdə və dillərdə əbədilik qazanıb, sənət aləmində qibtə ediləcək qədər ideal bir qadın olmaq üçün şəxsi həyatının bir çox vacib məqamlarına laqeyd yanaşıb. Ona elə gəlib ki, musiqisiz yaşaya bilməz. Musiqiyə həddən artıq aludə olmağı ona şəxsi həyatını və sənətini tarazlıqda saxlamaq üçün düşünməyə imkan verməyib. Sonralar bunun gec olduğunu başa düşəndəsə, artıq geri dönməyi bəlkə də qadın qüruruna sığışdırmayıb. Nə bilmək olar, bəlkə də belə olsaydı, Çəfiqə xanımın yaradıcılığı bu qədər əhatəli olmazdı, ya bəlkə də əksinə... Bu barədə indi nə isə düşünmək əsassız olsa da onu yaxından tanıyandan, onunla həmsöhbət olandan, onun duyğularını hiss etdikdən sonra bu barədə düşünməyə bilmirsən. Hər halda Şəfiqə xanım böyük Azərbaycan musiqisinə şəxsi həyatını qurban verən bir qadındır. Musiqi də onun həyatıdır, lakin yarıda qalan ailə həyatı, bu ailədən ona tək yadigar qalan oglu Talehin ölümü Şəfiqə xanımın qəlbində və gözlərində yaşayan nisgilidir. Bəlkə də elə ona görə bir az təsəlli üçün, bir az stimul üçün o bütün günü qapı səsini, onu ziyarət etməyə gələnləri gözləyir. Tanıdı, tanımadı hər kəsin onun evində qonaq olmağını arzulayır. Təbii ki, özü demiş bu ona sevənlərinin bir diqqətidir. Çoxdan onunla görüşmək arzusunda idim. Odur ki, bu arzu və redaksiyanın təşəbbüsü ilə biz də Rəsulla birlikdə Şəfiqə xanımın qapısını döyənlərdən olduq. Bu ziyarətdən çox xoş olduğu, səmimi münaisibətindən və bizi qarşılama sevincindən hiss olundu. Görüşdük, danışdıq, söhbətləşdik. Bütü bu vaxt ərzində onun əhvalı tez-tez dəyişdi. Gah güldü, gah ağladı, gah susdu, gah danışdı. Bəzi məqamlarda ürəkdən gülsə də bəzi məqamlarda da göz yaşlarını, qəhərini boğmağı bacardı. Söhbətə mən başladım:
-Şəfiqə xanım, sizə baxıram çöhrənizdəki gözəllik hələ də sizinlədi. üzünüzdən nur, işıq tökülür. İnsana pozetiv enerji verirsiz. Adınızla özünüz bir-birini tamamlayır. Şəfəqlisiz. Bu vaxta qədər bunu sizə deyən olmuşdumu?
Gülümsündü.
- Çox sağ olun. Hə, deyən olmuşdu. Xalqımız ümumiyyətlə, musiqini çox sevir, sənətkarlara hörməti var. O cümlədən, mənə də. Mən xalqımızdan çox razıyam. Mənimlə camaatın arasına çıxsaz, görərsiz nə edirlər. Səhnədəkilər bir yana qalır, hamı mənimlə görüşməyə can atır. Camaatımız sənəti çox sevir. Qədirbilən xalqdı, həddindən artıq mehribandı. Ona görə də mən "Mehriban olaq" mahnısını yazmışam.
-Bütün mahnılarınız qəlbinizdən süzülüb gəlir.Adınız özünüzə yaraşdığı kimi, çöhrənizdəki gözəllik də daxili dünyanıza işıq salır. Daxili dünyanızla xarici dünyanızın harmoniyasından mahnılar yaranır. Ona görə də mahnılarınız həm tez yadda qalır, həm də çox sevilir.
-Hə, bütün mahnılarım qəlbimdən gəlir. Mahnılarımın hamısında mən özüməm.
Nə isə fikirləşir, Rəsula baxır.
-Qəşəng oğlandı. Evlisənmi? Evlənsən yaxşıdı... Övlad yaxşı şeydi...
Kövrəlir.
-Həyatı şox sevirəm. Gənclərimizə çox hüsnü-rəğbət bəsləyirəm. Allah cəmi balaları saxlasın. Bala gözəl şeydi...
Susdu və təəssüflə başını yellədi.
Kövrəldiyi üçün fikrini dağıtmağa çalışdım.
-Tale elə gətirib ki, çox məşhur ailədə dünyaya göz açmısız, məşhur nəslin nümayədəsisiniz. Həyatınız boyu da məşhurlar əhatəsində olmusuz. Həmişə xatırlamısız ki, sizin əlinizdən məşhurlar tutub sənətə gətiriblər, sizə kömək ediblər. Bir istedad kimi parlamanızda sizə yardımçı olublar.
-Hə, mənim böyük bacım filalogiya elmləri namizədi idi. Dövlət Universitetində dərs deyirdi. Mən ziyalı ailədə doğulmuşam. Atam da məşhur adam idi. Şəkidə ona "bolşevik Qulam" deyərdilər. Ailəmdən çox razıyam, elə indi də. İndi mənim qayğımı bacım çəkir. Mənim bu cür qalmağıma bacım yardımçıdı. Allah ona can sağlığı versin. Mən onsuz neyləyərdim? Gecə-gündüz ona dua edirəm.
-Yaxşı ailənin olmağı da elə bir naxışdı.
-Elədir. Bu özü də bir qismətdi. Özü də ailədə səni əzizləyirlərsə, bu insana ruh, yaşamaq həvəsi verir. İnsanlara qarşı gözəl münasibətə daha da stimul olur. Mənim bir mahnım var, Flora xanım oxuyur.
Həyat, sən nə şirinsən,
Kim səndən doydu getdi?
Gedənlər öz qəlbini
Dünyada qoydu getdi.
Həyat gözəldi. Hərənin öz qisməti, taleyi var. Mənim də bir oğlum var idi. Elə gözəl çalırdı. Çox gözəl çalırdı. Nə bilim, taleyin qismətidi də. Qismət Allahdan. Taleyin qisməti heç kəsdən asılı deyil. Onun da həyatı belə imiş.
Fikrə gedir, təsəlli verməyə çalışıram.
-Hər halda qısa həyat yolu olsa da gözəl musiqi müəllifi kimi tanındı. Hələ indi də dinləyənlər tərəfindən xatırlanır. Mən özüm də onun mahnılarını dinləmişəm.
Kövrəlsə də oğlundan həvəslə danışır.
-O, mənə elə kömək edərdi ki... Məsələn, mən "Gəlin qayası" operasını yazmışam, operetta yazmışam "Ev bizim, sirr bizim" onun klavirini xalq bir aya məşq edərdi ki, onu çalsın. Mənim oğlum üzündən elə tez oxuyardı klaviri. Çox savadlı uşaq idi, o qədər gözəl çalırdı ki, mən özüm ona valeh olurdum. Onu dinləyənlər dəfələrlə mənə deyirdilər ki, ondan muğayyat ol. Nə isə, tez getdi. Bu heç kimdən asılı deyil. Onun da taleyi belə imiş. Elə bil, ürəyimə dammışdı doğulanda ona Taleh adı qoydum.
Ona təsəlli verməyə çalışıram.
-Siz dözümlü qadınsız.
-Hə, dözümlüyəm. Mənim indi bacım mənə ümid verib, məni yaşadır. Tənhalıq da bir şey deyil. Yaxşı ki, mən tənha deyiləm.
-Yox, siz tənha deyilsiz. Çünki sizi milyonlarla sevənlər var. Sizi ekranda görəndə ekran qarşısında növbəli şəkildə sizə baxmaq istəyənlər var. Dildə olan, həmişə populyar olan mahnılarınız var.
-Yox, mən tənha deyiləm... Yaşayıram, şəkililər demiş: indi harda qırılar, qırılar.
Susur. Ruhdan düşdüyünü hiss edirəm. Sual verməyi lazım bilirəm ki, danışsın, pessimis duyğuları dağılsın.
-Necə fikirləşirsiniz? Əgər ətrafınızda həmin populyar insanlar olmasaydı, siz öz istedadınız hesabına tək başına bu qədər məşhur ola bilərdinizmi?
-Yox, mən öz məşhurluğuma görə Üzeyir Hacıbəyova çox minnətdaram. Mən 8 il onun sinifində oxumuşam. Bu nadir haldır. Uzun illər Üzeyir bəylə təmasda olan bəstəkarlardan indi sağ qalanı yalnız mənəm. Üzeyir bəy dahi sənətkar, dahi də insan idi. Elə ki, sinifə gəlirdim ( qrupla, bir də indivudal dərs keçirdik) indivudal dərslərdə bir də görürdüm deyir ki, Şəfiqə, sən bu gün mənim xoşuma gəlmirsən. Deyəsən ağlamısan. Nə isə olub? O vaxt çörək müharibə dövrü olduğundan kartiçka ilə verilirdi. Mən də evimizin çörək kartiçkasını itirmişdim. Ağlayıb dərsə gəlmişdim. O, evdən bir çörək kartiçkası gətizdirdi və mənə dedi ki, evdə kartiçkanı itirməyini bildirmə. Bax o vaxtı belə adamlar var idi. Xatirələrim çoxdur. Danışanda bir-birinin ardınca xatırlayıram.
-Şəfiqə xanım, heç olubmu ki, siz özünüz də məşhur bəstəkar kimi, tanınmış bir xanım, sənət adamı kimi hansısa cavan bir istedada əl tutub, sənətə gəlməyinə kömək etmisiz. Necə ki, sizə əl tutmuşdular.
-Bilirsiz, sənətkarlardan mənim tələbələrim olub. Amma adları mənim yadımda deyil. Mən 40 il Teatr institutunda dərs demişəm. Onlardan yadımada qalan olmayıb bu da qocalıqdan irəli gəlir. Yaşım çoxdur. Bu tələbələrim indi əlbəttə yaxşı yerlərdə işləyirlər. Musiqili Komediya teatrında, Opera teatrında.
-Hər-halda siz onların yadında qalmısız.
-Mən onların yadında qalmış olaram. Amma 40 il dərs dediyim müddətdə görün neçə - neçə tələbələrim mənim sinfimdə qrup şəklində dərsdə olublar. Nə deyim? İnsan yaşamalıdır və yaşadıqca başqalarına da kömək eləməlidir. Mən elə adamlara kömək etmişəm ki, məsələn, onların adı indi mənim yadımda deyil. İşləyirlər, cavandırlar, qoy xoşbəxt olsunlar.
- Hər- halda hər hansı bir cavan müğənni sizin mahnınızla məşhur olubsa bu da sizin onlara bir köməyiniz və dəstəyinizdir.
- Mənim mahnımı Türkiyədə İbrahim Tatlısəs oxuyub. "Nədən oldu" mahnısını. Dünən mən Respublika sarayında Əhməd Şəfəqin konsertində idim.
Nəyi isə unudur, bacısı ona xatırlamağa kömək edir.
- Əhməd Şəfəq özü məni konsertə dəvət etmişdir. O mənim əlimdən öpdü və mənim mahnımı oxudu. O Bakıya gələn kimi bəstəkarlarla söhbətində söyləyib ki, Şəfiqə xanımın qədrini bilin. Onu Türkiyədə uşaqdan böyüyə hamı tanıyır.
- Sizin mahnılarınızı hər kəs sevir. Hər yerdə sizi tanıyırlar. Elə bir insan yoxdur ki, heç olmasa sizin bir mahnınızı da olsa bilməsin.
- Xalq məni sevir. Bütün sənətkarlar kimi mənə də hörmət edirlər.
- Şəfiqə xanım, bəs sizə məşhurluq gətirən ilk mahnınızı xatırlayırsınızmı?
- "Bala" mahnısı. Aşıq Mirzə Bayramovun sözlərinə yazmışam. Bax o mahnı tez sevildi və məni birdən - birə məşhurlaşdırdı. Mənim altı yüzə qədər mahnım var. Operam var - Gəlin Qayası, operettam var Novruz Gəncəlinin liberettası, İsgəndər Coşqunun liberettası əsasında "Ev bizim, sirr bizim." İlk simfonik poemanı mən yazmışam. Demək olar ki, musiqinin istər sadə, istərsə də mürəkkəb formalarında yazıb- yaradan ilk qadın bəstəkaram. Bəstəkarlar olublar- Ağabacı Rzayeva, Ədilə Həsənova, Hökumə Nəcəfova kimi qadınlar olublar. Çünki dahi Üzeyir Hacıbəyov çox istəyirdi ki, qadınlardan da bəstəkar olsun. Amma onlar mənim qədər yazmayıblar. Çünki mən nəinki Azərbaycanda, Şərqdə ilk opera yazan qadın olmuşam. Mənim "Gəlin qayası" operam çox böyük müvəffəqiyyət qazanıb. Onun premyerasında tamaşaçı çoxluğuna mən məəttəl qalmışdım. Zal hər dəfə ağzına qədər dolu olardı və mən buna görə böyük qürur hissi duyurdum. Sevinirdim ki, mən bəstəkaram. Amma bizim evimizdə istəmirdilər ki, mən bəstəkar olum. Xüsusən də atam.
-Amma ananız sizə kömək edirdi.
-Mən çox danışmıram, çünki xalq mənim yaradıcılığımı məndən də yaxşı bilir. Görürsüz, siz bilirsiz ki, anam mənə kömək olub. Həyatdı da. Hərə bir sənətin sahibidir. Mən də öz sənətimi çox sevmişəm və bu sənətə çox bağlanmışam. Mən sənətimə minnətdaram ki, məni xalqıma sevdirdi, məni tanıtdırdı. Mənlə xalq arasında olsanız siz özünüz təəccüb edəcəksiniz ki, bizim xalqımız sənətkarlara nə qədər hörmət edirlər, o cümlədən, də mən sevildiyimi hiss edirəm.
-Şəfiqə xanım, sizin mahnılarınızın həmişə gözəl sözləri var.
-Çünki söz ürəyimə yatmasaydı mən ilhama gəlməzdim, yaza bilməzdim. Mahnılarımın sözləri də çox gözəldir. Ağıllı, ürəyəyatımlı, kökə bağlı, xalqın arasında bişmiş sözlərdi.
-İnsan qəlbini oyadan sözlərdir. Elə buna görə də, yəqin xatırlayırsız, Bəxtiyar Vahabzadə sizin haqqınızda deyib ki, Şəfiqə xanımın musiqisi şerin ruhunu duyaraq onu tənzimləyir.
-Bəxtiyardan mən çox yazmışam. Bəxtiyarı çox istəyirdim. O da mənə ata, qardaş olub. Mənə həyatda çox kömək edib. İndi onun yoxluğu, əlbəttə, mənim qələmimi də sındırıb, belimi də sındırıb. Onun yoxluğunu hiss edirəm. O, gözəl şair idi, həm də gözəl insan idi. Üzeyir bəy deyirdi ki, həm gözəl insan, həm də gözəl sənətkar olmaq hər adama nəsib olmur. Bu həyatdır. Kim bilir, sonu necə olacaq. Heç kim bilmir, sabah nə olacaq.
-Şəfiqə xanım, mahnının sözlərindən söhbət düşmüş ikən mənim özümə maraqlı oaln bir sual var. "Gözlərimin işığı" mahnısını kimə həsr etmisiniz?
Gülür... Gec cavab verir...
-"Gözlərimin işığı"... Heç kimə həsr etməmişəm. Mahnıdı da. Adi mahnılarımdandır.
Mən bu mahnının kimə həsr edildiyini bilirdim. Amma istədim ki, müəllif kimi o da söyləsin. Söyləmədisə, yəqin lazım bilmədi. Yenə də qadın qüruru...
-Yaxın günlərdə bir hadisənin şahidi oldum. Həyat yoldaşını itirən yaşlı bir qadın sizin "Nədən oldu" mahnısını dinləyərək, ağladı. Bəs sizin qəlbinizə toxunan, özünüzü ağladan mahnı hansıdır?
-"Lay-lay" mahnısı. Süleyman Rüstəmin sözlərinə yazmışam.
Lay-lay həyatım lay-lay,
Evim-eşiyim lay-lay.
Yuxu bilməz gözlərim,
Durmuşam keşiyində,
Mənim ürək sözlərim
Səslənir beşiyində.
Lay-lay həyatım lay-lay,
Qolum qanadım lay-lay.
Şəfiqə xanımın gözləri dolu idi. Məlumdur ki, bu mahnını o, öz oğluna həsr etmişdi və indi həyatda olmayan oğlu üçün bu laylanı oxumağın onun üçün nə qədər ağır olduğunu anlamaq çətin bir şey deyildi və yəqin ki, bu gün Şəfiqə xanım üçün bu layla bizim təsəvvür etdiyimizdən də çox həm qəlb, həm də göz ağladan yeganə mahnı idi.
O, əlavə etdi.
-Mahnılarım çoxdu. İndi qocalmışam, hətta yadımdan da çıxıb. Bir mahnı eşidirəm, deyirəm, əcəb mahnıdı. Deyirlər ki, sənin mahnındı da.
Gülüşürük.
-Şəfiqə xanım. Bayaq Talehdən danışdıq, sizin oğlunuzdan.
-Bilirsən, nə gözəl çalırdı?
-Əlbəttə, dinləmişəm. Müsahibələrdə qeyd etmisiniz ki, Talehdən sonra təsəllimi musiqilərdə tapdım. Özümü tamamilə musiqilərə verdim. Belə olan halda musiqini həyatınızın əsas mənası hesab edirsinizmi?
-Bəli, nə danışırsan? Şəfiqə və musiqi. Bu bir adamdı, bir məhfumdu. Mən həyatımı musiqisiz təsəvvür edə bilmərəm. Yazmasaydım yaşaya bilməzdim.
-Bu yaxınlarda nə isə yeni bir şey yazmısınız?
-Heydər Əliyev haqqında mahnım var mənim. Hələ indiyə qədər onu ortalığa çıxarmamışam. Nə isə belə soyuyan kimi olmuşam. Həyat elə bil məni sındırıb, qələmimi sındırıb, belimi sındırıb.
-Nədən?
Ağlamsınır.
-Necə yəni, mən anayam. Övlad itirmək çox böyük, ağır dərddir. Amma o mahnını işləyəcəm, bir az havalar isinsin, indi halım yoxdu.
-Amma sizi sevənlər, pərəstişkarlarınız maraqlanırlar ki, görəsən, Şəfiqə xanım yeni bir şey yazıbmı?
-Gülağa Tənhanın sözlərinə mahnı yazmışam. "Nə ayrılıq, nə ölüm olaydı" adlı. Belə bir mahnıdı.
-Bəs, elə bir mövzu varmı ki, qəlbinizdən keçir ki, onu yazasınız, amma hələ yazmamısınız.
-Yox, bütün mövzularda mən yazmışam. Elə bir mövzu yoxdur.
-Əgər qəlbinizdən keçən bütün mövzularda yazmısınızsa, özünüzü onlarda tapmısınızsa, elə bu özü də bəstəkar üçün böyük bir xoşbəxtlikdir.
-Əlbəttə, xoşbəxtlikdir. Yazdığım "Ev bizim, sirr bizim" operettasında baş rolda Əsmət rolunda Nəsibə xanım Zeynalova oynayırdı. Hər dəfə mənim operettam gedəndə zal ağzınacan dolu olurdu. Tək mənim musiqimə görə yox, Nəsibə xanımı da çox seviridlər. Ona görə də operettaya çox tamaşaçı gəlirdi. Allah ona rəhmət eləsin. Ondan yoxdur, mənə elə gəlir ki, bundan sonra da çətin olar.
-Mənə elə gəlir, elə sizdən də yoxdur və sizdən sonra da sizin kimi xanım bəstəkar çətin olar. Ümumiyyətlə, böyük sənətkarlar elə bir iz qoyub gedirlər ki, onları əvəz etmək qeyri mümkün olur.
Bu fikirlər görünür onun xoşuna gəldi. Başını yelləyir. Gülümsəyir.
-Yəqin, gənc ifaçıları da seyr edirsiz. İndiki gənc ifaçılardan kimin ifasında öz mahnınızı dinləmək istərdiniz.
-Eldar Ələkbərov adında cavan bir müğənni var. Onun çox gözəl, ürəyəyatımlı səsi var. Eldarın ifasında mənim "Sevgi ölmür" adlı mahnım var. Bəxtiyar Vahabzadənin sözlərinə.
Sevgi ölmür, sevgi ölmür heç zaman.
O mahnını gözəl oxuyur. Radioda tez-tez səslənir.
-Bəs, köhnə sənətçilərdən kimin ifası sizin daha çox qəlbinizə toxunub, sizi yerinizdən oynadıb.
-Hamısı. Məsələn vaxtilə Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva nə gözəl müğənnilər idilər. Onlar mənim mahnılarımı oxuyublar və onalrın ifasından çox razıyam, o mahnıları onlar demək olar ki, tarixdə yaşadırlar, öz məlahətli səsləri ilə. Çox gözəl oxuyurdu, məsələn, Şövkət Ələkbərova. Kim inkar edə bilər bunu? Heç kəs! Mənim mahnılarımın hamısı yaxşı ki, radionun qızıl fondunda var. Yəqin ki, həmişə də orada qalacaqlar.
-Şəfiqə xanım, müsahibələrinizin birində qeyd etmisiniz ki, öz şəxsi həyatınızı sənətinizə qurban vermisiniz. Amma bu gün cəmiyyətdə çoxlu sayda istedadlı qadınlar var ki, şəxsi həyatlarına istedadlarını qurban verirlər. Yəni cəmiyyət belə tələb edir. Böyük və istedadlı, sənətçi bir qadın kimi,tanınmış bir xanım kimi necə bilirsiz-İstedadlı qadın üçün istedad, sənət zəruridi, yoxsa şəxsi həyat, yəni ailə?
-Hər ikisi. Ailəsiz qadın sınıq boşqab kimidir. Sənətkarın yaxşı da ailəsi olmalıdır. Ailə onu daha da çox yaşadır. Ona daha da böyük ruh verir, ilham verir. Bir sözlə ailə gözəl şeydir, böyük şeydir. Ailəsiz çətindir.
-Mən bilirəm ki, şəxsi həyatınızda çox həssas duyğularla əbədi bir məhəbbət yaşamısınız. Bir məhəbbətiniz olub. O məhəbbəti öz daxili dünyanızda həmişə qoruyub, yaşatmısınız. Hansı seçilən bir mahnınız var ki, o mahnını öz məhəbbətinizə həsr etmisiniz.
-"Nədən oldu".
Şəfiqə xanım dolmuş gözlərini yerə dikdi, o, gərgin idi. Əlbəttə ki, bu mahnı ilə bağlı xatirələrə daldı. Amma heç nə demədi. Mən isə gözləyirdim. İstəyirdim daldığı həmin xatirələri dilə gətirsin. Bu mahnının yaranma tarixindən söhbət açsın. Bir-birlərini sevdikləri halda onun sənətə olan məhəbbətinin ona olan məhəbbətindən çox olduğu ilə barışa bilməyən həyat yoldaşının Şəfiqə xanımı tərk edib gedəndən sonra yaranan bu mahnının onun üçün nə qədər əhəmiyyətli olduğunu, mahnının sözlərində deyidiyi kimi,
Ancaq səndən ayrı düşən,
Ürək deyil bədən oldu,
Can deyir, can eşidərdik,
Bu ayrılıq nədən oldu?-
fikirləri ilə araya düşən ayrılıqdan sonra da öz məhəbbətinə məxsus hisslərlə ömrü boyu yaşadığını etiraf etməsini eşitmək istədim. Müəyyən bir vaxdan sonra əf edilmək üçün dönən həyat yoldaşını qüruruna sığınıb bağışlamasa da, onu unuda bilməyərək, həyatı boyu həsrətli bir məhəbbətin gözləntisi ilə yaşadığını, ondan tək yadigar kimi qalan yeganə oğlu Talehə ana məhəbbətindən başqa, həm də öz məhəbbətinin yadigarı kimi bağlandığını, qadın iradəsi, qadın əzmi, qadın qüruru ilə yoldaş olub, bundan sonra bütün həyatını mahnılarına həsr etsə də həmişə məhəbbətinə sadiq qaldığını söyləməsini istədim.
Lakin Şəfiqə xanım bu barədə heç nə danışmaq istəmədi. Gözlərini qaldırdı, üzümə baxdı və gözləri ilə mənim eşitmək istədiklərimi söyləmək istəmədiyini bildirdi. O, söyləməsə də mən bu hissləri onun gözlərindən oxudum, onun bu gün də qoruduğu qadın qüruruna hörmət etdim və bir qadın olaraq, qadın hisslərim peşə marağıma üstün gəldi. Onu bu gərginlikdən başqa bir sualla qurtarmağa çalışdım.
-O mahnını çox ifaçılar oxuyub. Sizə xoş gələn ən ən yaxşı ifa hansıdır?
-Məsələn, Türkiyədə İbrahim Tatlısəs, bu mahnıya hətta film də çəkib. Lakin mahnının müəllifini ananim yazmışdı. Sonra o, Bakıya gəlmişdi. Mən onunla görüşdüm və söylədim ki, "efendim siz nə danışırsınız? O şarkı mənim şarkım." Məəttəl qaldı. Əlimdən öpdü və üzr istədi. Ondan sonra oxuyanda həmişə deyirdi ki, musiqisi Şəfiqə Axundovanındır.
-Şəfiqə xanım, gözəl bir qadın üçün həm də gözəl sənətkar olmaq çox çətindir.
-Qadından çox şey asılıdır. Sənətkar xarici görünüşü ilə sənətkar olmur ki. Onun istedadı, qələmi onu sənətkar edir. Əlbəttə, qadınla maraqlanırlar, görürlər ki, göyçək qadındır, bir az da fərəhlənirlər.
-Bir ağbirçək sənətkar kimi, sənətdə olan qadın kimi, bu gün sənətdə olan qadınlarımıza nə tövsiyyə verərdiniz?
-Mən istərdim ki, qadın ailə qurubsa, ailəsindən möhkəm yapışsın. Qadın ailəsini heç nəyə qurban verməməlidir. Ailədə elə bir şey yaratmalıdır ki, onun yoldaşı da onun dedikləri ilə barışsın. Onu başa düşməlidir. Ailəni sənətə qurban vermək düz deyil...
Başını bulayır... Gülmsəyir... Onu maraqla dinləyirdim. Düz gözlərimə baxırdı, onu başa düşdüyümdən əmin idi və-Siz özünüz mənim nə demək istədiyimi başa düşürsüz-dedi.
Bəli, mən onun nə demək istədiyini başa düşürdüm. Lakin başa düşdüklərimi onun özündən almaq vəzifəm olsa da mən onu incitmək istəmədim və bunun üçün heç özümü qınamadım da. Çünki bəzi məqamlarda onun həyəcanını hiss etdikcə, mən də o həyəcanı yaşayırdım və ilk dəfə olaraq olaraq özümü müsahibim qarşısında bu qədər həyəcanlı hiss edirdim. Bəlkə də ona görə ki, onun həyat hekayəsinin çox hissəsindən xəbərim vardı. Müsahibə qarşı bu qədər həssaslıq bəlkə də jurnalist üçün bir o qədər də düzgün deyil. Amma müsahibimin çox yaşlı, həm də sənət fədaisi olduğunu nəzərə alsaq, insani duyğuların peşə qanunlarından üstün tutulmasına haqq qazandırmaq olar. Odur ki, başqa suala keçmək olar...
-Şəfiqə xanım, bu vaxta qədər yüzlərlə müsahibə vermisiniz, qəzetlərdə, jurnallarda, efirlərdə. Hansısa bir sual varmı ki, siz o sualı gözləmisiz, amma onu sizə verməyiblər.
-Yox, elə bir sual olmayıb. O nə sual ola bilər ki?
-Yəni daxili dünyanızda danışmaq istədiyiniz, etiraf etmək istədiyiniz nə isə bir şey varmı?
-Yox. Yoxdur, elə bir şey.
Sual növbəsini Rəsula ötürdüm.
Rəsul:
-Şəfiqə xanım, Gülağa müəllimlə nə vaxtdan tanışsınız? (Gülağa Tənha nəzərdə tutulur.)
-7-8 il olar.
Rəsul:
-Gülağa müəllimə münasibətiniz necədir?
-Onu can-ciyər kimi, dəyərli, istedadlı sənətkar kimi çox istəyirəm. İnsan kimi də gözəl insandır, xeyirxahdır. Onu hər kəs istəyər. Axı, hər adam elə olmur.
Nüşabə:
-Şəfiqə xanım, yeri gəlmişkən soruşum. Bu günki müasir yazarlardan sözlərini bəyəndiyiniz, mütailə etdiyiniz, sevdiyiniz başqa biri varmı?.
-Elə Gülağa Tənhanın mahnısını yazmışam. Camaat da o mahnını çox bəyənib. Mən özüm də çox bəyənirəm. "Anaları təklənməyə qoymayın."
Bir tənha ana gördüm.
Dərd əymişdi belini.
Belə bir sözləri var. Çox gözəldi.
Rəsul:
-Bəs Gülağa Tənhadan başqa sizinlə hansı xeyirxah insan maraqlanır?
-Xeyirxah insanlardan elə yalnız Gülağa Tənhadı. O həm gözəl sənətkardı, həm də gözəl insandı. O mənə çox köməklik edir. Bayramlarda da bizə gəlir. Məni unutmur. Bakıya gələndə məni görməmiş getmir. 80 illiyimdə tədbirin bütün maddi tələblərini o ödədi.
Rəsul:
-Gülağa müəllim sənətə hörmət edir. Siz Azərbaycanın böyük sənətkarlarından birisiz. O sizin də sənətinizə hörmət edir.
Azərbaycanın bir çox gözəl bölgələri vardır. Qarabağ, Şəki, Quba. Siz ən çox Şəki haqqında bəhs etdiz.
- Mənim Şəki haqqında mahnım var.
Uca dağlar qatar-qatar.
Dörd bir yana çəkib hasar
Nə gəzməli yerlərin var.
Bu mahnı Şəki radiosunda hər səhər çalınır,sonra radio öz işinə başlayır.
Sevdiyim məkan Şəkidi də. Mən ora çox bağlıyam.
O torpaqdan yarandım.
O torpağa borcluyam.
Nüşabə:
-Yaxınlarda Şəkini ziyarət etməmisiz ki?
-Yayda bacımla Şəkidə olmuşuq. Şəkisiz yaşamaq mümkün deyil. Hələ mən yenə istiyərdim gedək Şəkiyə. Gedəcəyik, inşallah! Şəkinin camaatı belə mehribandı ki. Burada bütün günü əli qoynunda oturursan, bir adam qapını açmır. Amma Şəkidə adamı tək qoymurlar.
Nüşabə:
-Bir çox sənət adamları var ki, şəhərə gəlirlər, işlə əlaqədar bura bağlanırlar, burda yaşayırlar. Amma doğulduğu, boya-başa çatdığı torpaqdan da qopmurlar. Məsələn, şairimiz Musa Yaqub şəhərdə yaşaya bilmir. Elə olub ki, bezmisiz şəhərin hay-küyündən, şəhər havasından, istəmisiz ki, Şəkiyə qayıdasız?
-Bəli, biz elə də eləyəcəyik. Şəkidə yaşayacağıq. Mən əziz bacımla Şəkidə yaşayacam. Belə qərara almışam ki, daha Bakıyla qurtardım. Şəkidə ev alıb,ora köçəcəm. Əgər Allah qismət eləsə. Allah hamının arzusun yerinə yetirsin, içində bizimdə. Allah həm də ruzi yetirsin. Ev almağa kömək edən olsa, ona ömrüm boyu minnətdar olaram.
Rəsul:
-Şəki Şəhərindən yaman bəhs edirsiz. Bəlkə Şəki ilə bağlı ən yadda qalan xatirələrdən danışasız?
Yadına saldı.
-Mən cavanığımda anama oxşayırmışam. Deyirlər, çox gözəl olmuşam. Bir gün ağ paltar geymişəm, ağ da şlyapa qoyumuşam. Mənim də uzun saçlarım var idi. Göyçək qız idim. Lovğalıqla Şəkinin aşağısından yuxarı-evimizə gəlirdim. Məni görən də mənə baxırdı da. Məni görən kimi 5-6 oğlan qaça-qaça gəldilər mənə tərəf, belə baxdılar ki mənə. Biri qayıtdı ki," özündən əvvəl papağına qurban olum". Sözə bax a! Bu mənim yadımdan heç çıxmır. Bax, bu mənim ən yadda qalan xatirəmdir. O, oğlanın dediyi söz bir tarixi sözdür mənim həyatımda.
Gülüşürük... Şəfiqə xanımın əhval-ruhiyyəsi qalxdığından bu əhvalı saxlamaq üçün ondan bir Şəki lətifəsi istəməyim yerinə düşdü.
-Şəkililər baməzə olurlar. Bəlkə bir Şəki lətifəsi danışasınız.
Bacısı ona xatırlamağa kömək etdi.
-Mənim Həsən dayım həm baməzə, həm də mərd kişi idi. O, əsgərlikdə olanda sırada durur. Komandir rus dilində əmr edir sağa dön bu sola dönür, əmr edir sola dön onda da sağa dönür. Axı o, rus dilində başa düşmürdü. Komandir dəfələrlə təkrar edir, o da öz bildiyini edirdi. Axırda komandir əsəbləşir. Dayım da ona deyir ki, əşi üç il burdayıq da, öyrənərik də. Bax bu mənim öz dayımın başına gələn hadisədir, lətifə kimi danışdım.
Bu xatirələr onu dodaqlara və çöhrəsinə xoş bir gülüş gətirdi və bu gülüş sona qədər davam etdi. Deyəsən, onu bir az kədərli duyğulardan ayıra bildik.
Rəsul:
-Azərbaycan sənətində siz qadınlara sənətinə görə qiymət verildiyini qeyd etdiniz. Müasir dövrdə isə qadınlara sənətindən çox özünə qiymət verilir. Yəni şou aləmində qadınların səsi ilə deyil, özü ilə maraqlanırlar.
-Bizim cəmiyyətdə indi belədir də. Nə deyə bilərəm ki? Bu çox incə sual, incə məsələdir. Bunu hər cürə yozmaq olar.
Novruz ərəfəsi olduğuna görə bir az da Novruz xatirələrini yada salmaq istədik.
Nüşabə:
-Novruz ərəfəsidir, Şəfiqə xanım. Uşaqlıqda papaq atıb, papaq doldurmusunuz?
-Yox, mən elə şeylərə qarışmamışam.
Rəsul:
-Novruz bayramının qızlara aid olan adətləri var. Ayaqqabı atamaq, qulaq falına çıxmaq, qapı pusmaq, üzük falı. Bəlkə bunlardan hansınısa etmisiniz?
-Yox, mən belə şeyləri bilməmişəm.
Rəsul:
-Yəni, belə adətlərə inanmırsınız.
- ---
Nüşabə:
-Görünür uşaqlıqda sakit olmusunuz, şıltaq olmamısınız.
-Yox, mən şıltaq olmamışam. Mənim beynimdə həmişə musiqi olub. Mən elə anadan musiqiçi doğulmuşam. Musiqiyə çox bağlı adam olmuşam. Elə fikrimdə, zikrimdə musiqi olub. Elə indiyə qədər də o hissələr mənimlə yaşayır. Nə deyim, musiqini sevmək hər adamın işi deyil. Mən nəinki musiqini sevmişəm, mən musiqinin dəlisiyəm. Musiqi yazmasam yaşaya bilmərəm... Heydər Əliyev haqqında bu yaxınlarda yazdığım mahnını hələ ortalığa çıxartmamışam. Halım yoxdur. Allah qoysa o mahnını may ayına çatdıra bilsəm ortalığa çıxardacam. O mahnı çox gözəl mahnıdır.
Rəsul:
-Bəstəkarlar adətən, mahnılarını yuxuda yazırlar. Yatarkən yuxuda mahnı yaranır, tez də oyanıb, həmin mahnını qələmə alırlar. Sizdə də belə bir hal olubmu ki, yuxuda mahnı yaranıb və ayılıb qələmə alasınız?
-Yox, mən ilhama gəlib öz-özümə züm-zümə eləmişəm, sonra da pianinonun arxasına oturub, onu bəstələməyə başlamışam. Nota köçürmüşəm klavirini yazmışam.
Nüşabə:
-Sizi ziyarət edənlər çoxdur. Tanınan, tanınmayam, sizi sevənlərin çoxları sizi görməyə gəlirlər. Amma qəlbinizdə elə bir insan varmı ki, siz onu həmişə gözləyirsiniz. Bayram ərəfəsidir, kimi gözləyirsiniz?
-Demək olar ki, mənim gözüm qapıdadır. Mən həmişə gözləyirəm. Gələnlər olur, Gülyaz və Gülyanaq bacıları məni çox istəyirlər, mən də onları çox istəyirəm.Elmira Süleymanova, Nailə Mirməmmədli.
Nüşabə:
-Yəqin bəstəkarlarımızdan sizdən tövsiyyyə almağa gələnlər də olub. Gənc bəstəkarlarımızdan sizə müraciət edəni olub?
-Yox, olmayıb.
Rəsul:
-Bəs, bəstəkarlardan sizə paxıllıq edəni olub ki, sizin mahnılarınıza, məhşurluğunuza paxılllıqdan sizin bəstələrinizdə əmma tapsın?
-Elə olsa da mən hiss etməmişəm ki, mənə paxıllıq edirlər. O hisslər mənə yaddır. Məndə bir xasiyyət var. Şəkililər demiş mən ic-mici deyiləm. Mən düz yolla gedənəm. Bu yol fərəhli yoldur. Əsl sənətkar yolu çox təmiz olmalıdır, möhkəm olmalıdır, öz-özünə inamlı olamalıdır. Mən öz-özümə inanmışam və günü bu günə qədər o hisslərlə yaşayıram. İndi ömrüm nə vaxt tamam olacaq, onu bilmirəm. Onu heç kəs bilmir. Ömrü verən də Allahdır, alan da. Sizə də Allahdan can sağlığı arzulayıram. Həmişə belə ürəkli olun, sənətkarlara qarşı diqqətli olun. Heç vaxt unutmayın ki, sənətkar hər şeydən əvvəl diqqət sevir. Diqqət gözəl şeydir. İnsana diqqət olanda o bilir ki, yaşayır.
Rəsul:
-Sizin kimi böyük sənətkara diqqətli olmaq bizim üçün borcdur. Azpressin adından, Rasim müəllimin və öz adımızdan sizə təşəkkür edir, sizə minnətdarlığımızı bildiririk. Bir daha Novruz bayarmınızı təbrik edirik. Sizə can sağlığı arzu edirik.
-Mən də sizə təşəkkür edirəm. Bu bayramı mənim üçün ikinci bayram etdiyinizə görə. Özünüzdən muğayyat olun, möhkəm olun, həmişə öz ağlınızla hərəkət edin. Yaşayın və başqalarını da yaşadın. Yansın çırağınız, gəlsin səsiniz.
Nüşabə:
-Sağ olun, Şəfiqə xanım. Həmişə gözəl, həmişə nurlu olasınız.
Şəfiqə xanımın könlünü sevindirə bildiyimizə, onunla baş tutan bu görüşümüzə görə çox şad olduq, onunla söhbətdən bir qədər kövrəlsəm də, Şəfiqə xanım bu diqqətdən sevindi, bizəsə, bu görüşdən təbii ki, çox xatirələr qalacaq. Həm də böyük bir sənətkardan, ağbircək bir qadından aldığımz bu xeyr-dua yəqin ki, həmişə yolumuza çıraq salacaq.


Nüşabə Aslan
Rəsul Şirinov

AZPRESS xəbərdar edir ki, " Müsahibə+Video-Foto " rubrikasındakı materialların müəlliflik hüququ ciddi qorunacaq !!! 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !