Vəzifədən uzaqlaşdırılanların işi araşdırılsa... -

Vəzifədən uzaqlaşdırılanların işi araşdırılsa...

Vəzifədən alınan nazir və komitə sədrlərinin işi araşdırılsa...


Onlarla necə davranılacağı hamını maraqlandırır
Prezident seçkilərindən sonra vəzifəsini itirənlər çox oldu. Yeni təyin olunan kadrların kollektivlərə təqdimatı zamanı iki qurumun əvvəlki rəhbərinin işi kəskin tənqid olundu. Bunlardan biri Diaspora ilə iş üzrə Dövlət Komitəsi, digəri isə Dövlət Miqrasiya Xidmətidir. Hər iki qurumun yeni rəhbəri kollektivə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən təqdim olundu və əvvəlki rəhbərlər kəskin tənqid edildi: rüşvətxorluq, korrupsiya, ayrılan dövlət vəsaitlərini təyinatından yayındırma kimi cinayət əməllərinə görə.

 

Administrasiya rəhbərinin səsləndirdiyi fikirlər göstərdi ki, müxtəlif dövlət qurumlarında baş verən neqativ hallar barədə məlumatlar ölkə rəhbərliyinə çatdırılır. Məsələ burasındadır ki, həm Miqrasiya Xidmətinin, həm də Diaspora ilə iş üzrə Dövlət Komitəsinin fəaliyyətindən ictimaiyyət arasında kəskin narazılıqlar vardı və son zamanlar bunlar sosial şəbəkələrdə, müxtəlif çevrələrdə geniş müzakirə olunurdu. Bu baxımdan, narazılıqların yeni kabinet formalaşdırılarkən nəzərə alınması məntiqli görünür.

 

Məsələ burasındadır ki, açıq dillə ifadə olunmasa belə, vəzifədən alınan digər məmurların da fəaliyyəti ictimai qınaq doğururdu. Məsələn, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyəti şəffaflıq və hesabatlılıq baxımından ən aşağı yerlərdə dayanan qurumlardan biri idi. Bu qurumun xətti ilə qaçqın və məcburi köçkünlərə ayrılan yüz milyonlarla manat dövlət vəsaitinin xərclənməsində, həmçinin xarici beynəlxalq təşkilatlardan verilən ondan da artıq yardımların paylanmasında ciddi qanun pozuntularına yol verilirdi. Qaçqın və məcburi köçkünlər üçün verilən yemək pulu, kommunal xidmət haqlarının təyinatından kənarlaşmasına dair şikayətlərin ardı-arası kəsilmirdi. Bundan əlavə, məcburi köçkünlər üçün dövlət vəsaiti hesabına tikilən evlərin paylanmasında ciddi ayrı-seçkiliklərə, korrupsiya hallarına yol verilirdi. Bura həmin evlərin tikintisi üçün keçirilən tenderlərdə yol verilən nöqsanları da əlavə etmək mümkündür.

 

Onu da qeyd edək ki, Hesablama Palatasının son illərdə “Qaçqınkom”da apardığı audit yoxlamalarının hamısında nöqsanlar aşkarlanıb. Məsələn, 2016-cı ildə aparılmış yoxlama zamanı məlum olub ki, komitənin 2008-2011-ci illərdəki fəaliyyətini əhatə etmiş əvvəlki audit nəticəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində yetərli tədbirlər görülməyib, 2014-2015-ci illərdə də oxşar nöqsanlara yol verilib.

 

 

Palata müəyyən edib ki, komitə tərəfindən elektrik enerjisi və su istifadəsinə görə qaçqın və məcburi köçkünlərə vəsait ödənilərkən şişirtmələrə yol verilib, məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə işıq nöqtələrinin sayı, müntəzəm süpürülən sahə, tullantıların daşınması üzrə marşrut, təmir olunacaq bina və mənzillərin qüsur aktları və titul siyahısı tərtib edilməyib, nəticədə artıq vəsait ödənişinə yol verilib. Beynəlxalq və yerli humanitar təşkilatlardan daxil olan yardımların qəbulu və yerlərə çatdırılması, məcburi köçkünlərin yeni salınmış qəsəbələrə köçürülməsi, bəzi qəsəbələrdə içməli suya olan tələbatın təmin olunması məqsədi ilə ayrılmış nəqliyyat xidməti haqları üzrə vəsaitin təyinatı dəyişdirilib, bir sıra hallarda səmərəsiz xərclərə yol verilib. Bu nöqsanlara görə 2017-ci ilin yanvarından qaçqın və məcburi köçkünlərə verilən kommunal xidmət haqları və müavinətlər vahid məbləğdə birləşdirilərək ödənişlər kart sisteminə keçirildi.

 

 

Fəaliyyətində ciddi nöqsanların olduğu məmurlardan daha biri sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov idi. Onun rəhbərliyi altında olan qurumlar aqrar sahədə sahibkarlığın inkişafı qarşısında maneəyə çevrilmişdi (bu barədə ötən sayımızda ətraflı məlumat vermişik - red.). Təsadüfi deyil ki, yeni nazir kollektiv qarşısındakı çıxışında önəm verəcəyi prinsiplər sırasında ilk olaraq kəndli-fermerlərə daha yaxın olmağı, şəffaf və hesabatlı olmağı önə çəkib. Məsələ burasındadır ki, H.Əsədovun fəaliyyət prinsipləri arasında bunların heç biri yox idi.

 

Səlim Müslümovun rəhbərliyi dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də vəziyyətin qənaətbəxş olduğunu söyləmək mümkün deyil. Yeni təyin olunduğu dövrdə o, bir sıra sahələrdə şəffaflıq yaradacağını bəyan etmişdi. Keçirdiyi kollegiya iclaslarında rayon şöbə rəislərini nümayişkaranə şəkildə vəzifədən azad etməklə bu vədini reallaşdıracağına inam yaratmağı bacarmışdı da. Xüsusilə də əlilliyin təyin olunması sahəsində məmur-vətəndaş təmaslarının azaldılması üçün atılan bir sıra addımlar ictimaiyyət arasında onun şəffaflıq yaradacağına dair ümidləri artırmışdı. Lakin az keçmədən məlum oldu ki, atılan addımlar real vəziyyətdə çox cüzi dəyişikliklərə gətirib çıxartdı. Hesablama Palatasının apardığı yoxlamalar isə göstərdi ki, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar da nəzərə alınmaqla, əlilliyə görə pensiya və müavinət alanların ümumi sayı Qubadlı (12 faiz), Daşkəsən (11,2 faiz), Kəlbəcər (11 faiz), Yardımlı (10,6 faiz), Gədəbəy (9,5 faiz), Cəlilabad (8,8 faiz), Ağcabədi (8,6 faiz), Mingəçevir (8,5 faiz), İsmayıllı (8,3 faiz) rayonlarında ölkə üzrə göstəricidən (6,1 faiz) xeyli yüksəkdir.

 

 

Bundan əlavə, Palata müəyyən edib ki, nazirliyin mərkəzi aparatının saxlanılması xərclərinin icrası zamanı staja və hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavələrin hesablanılmasında nöqsanlara yol verilib, dövlət qulluqçusu olmayan işçilərə məzuniyyətə çıxdıqları zaman düzgün olmayaraq müavinət və mükafat verilib, nazirlik tərəfindən maliyyələşdirilən sosial layihələrin hazırlanması və həyata keçirilməsi vəziyyətinə cari nəzarət, eləcə də müvafiq maliyyə-hesabat sənədlərinin qanunvericiliyə uyğunluğunun araşdırılması səlahiyyətləri dəqiq müəyyən edilməyib, dövlət sifarişləri üzrə müsabiqənin keçirilməsi zamanı sifarişlərin yerinə yetirilməsi sahəsində rəqabət mühitinin formalaşdırılması tam təmin olunmayıb, xərclər smetalarının tərtibi zamanı qanunvericiliklə müəyyən edilmiş normalar əsas götürülməyib, kommunal xərclər üzrə vəsaitin məbləği real sərfiyyata uyğun proqnozlaşdırılmayıb.

 

Tələbatın düzgün müəyyənləşdirilməməsi səbəbindən inventarların tələbata nisbətən artıq alınması, həmçinin keçirilmiş müsabiqələrdə müxtəlif qiymətlərlə müqavilələr bağlanılması səbəbindən səmərəsiz xərclərə yol verilib, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün idman tədbirlərinin keçirilməsi və onların beynəlxalq yarışlarda iştirakına şərait yaradılması tədbirləri üzrə ezamiyyə xərclərinin, həmçinin bəzi hallarda ümumrespublika yarışlarının təşkili ilə bağlı xərclərin mövcud normativ-hüquqi sənədlərdə müəyyən edilmiş qayda və normalarına riayət edilməyib, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunması və onlara bərabər imkanların yaradılması ilə bağlı keçirilən layihələrdə bir sıra hallarda maliyyə qaydalarına tam əməl olunmayıb.

 

Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından ayrılmış vəsaitlər üzrə layihə təkliflərinin verilməsindən əvvəl tikinti layihələrinin əsaslandırılması, ilkin strukturu və qiymətləndirilməsini əks etdirən ilkin texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanmayıb, yaşayış məntəqələrinin ərazi planlaşdırılması çərçivəsində müfəssəl planların hazırlanması və dövlət ekspertizasından keçirilməsi təmin edilməyib.

 

Alınmış əsas vəsaitlərin icraçılar tərəfindən tam təhvil verilməməsi, tikinti işləri tamamlanmaq üzrə olduğu halda yerinə yetirilən işlərin sifarişçi tərəfindən müvafiq qaydada rəsmiləşdirilməməsi səbəbindən debitor borclar yaranıb.

 

Hesablama Palatasının S.Müslümova tabe olan Dövlət Sosial Müdafiə Fondunun ondan yuxarı rayon şöbəsində apardığı yoxlamalar zamanı da ciddi qanun pozuntuları aşkarlanıb, bu pozuntulara görə həbslər aparılıb, onlarla şəxs işdən azad edilib. Bütün bu nəzarət tədbirlərinə rəğmən, fonda daxil olmalı olan, lakin daxil olması təmin edilməyən, həmçinin ayrılan vəsaitlərdən təyinatından yayındırılan vəsaitlərin ümumi məbləği milyardlarla manatla ölçülür.

 

Göründüyü kimi, yeni kabinetdə yer almayan məmurların hər birinin fəaliyyətində ciddi qanunsuzluqlar qeydə alınıb. Vəzifədən alındıqdan sonra onlarla bağlı hansı ölçünün götürüləcəyini zaman göstərəcək.

 

TURQUT,
“Yeni Müsavat” 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !