1918-ci ildə Bakıda azərbaycanlı əhalinin dörddə bir hissəsi öldürülüb - - Musa Qasımlı

“1918-ci ildə Bakıda azərbaycanlı əhalinin dörddə bir hissəsi öldürülüb” - Musa Qasımlı

1905.az-ın bu dəfəki müsahibi Millət vəkili, tarix elmləri doktoru, professor Musa Qasımlıdır.

 

 

 

 

 

 

 

 

 

 

 

– Musa müəllim, Birinci Dünya müharibəsi dövrünün tədqiqatçısınız. Cümhuriyyət dövründə 1918-ci il soyqırımının təhqiqi ilə məşğul olan Fövqəladə Təhqiqat Komissiyasının əsas məruzəçilərinin digər millətlərdən ibarət olması bu komissiyanın tərəfsiz fəaliyyət göstərməsi deyilmi?

 

 

 

– Azərbaycanlılara qarşı törədilmiş soyqırımın zirvə nöqtəsi 1918-ci il mart ayında Bakıda oldu. Daha sonra digər bölgələrdə davam etdirildi. Bir neçə gün ərzində təkcə dinc əhali bolşevik, erməni-daşnak qüvvələri tərəfindən yalnız türk-müsəlman olduqları üçün amansızlıqla qətlə yetirildi. Bizim arxiv sənədlərində soyqırıma məruz qalan əhalinin sayının 8,10,12, bəzən də 15 min nəfər olduğu göstərilsə də, xarici mənbələrdə təkcə Bakıda 20-25 min nəfərin öldürüldüyü yazılır. Məsələn, dövrün ingilis arxiv sənədlərində birbaşa yazılır ki, hadisələr zamanı Bakı şəhərinin azərbaycanlı əhalisinin dörddə bir hissəsi öldürüldü. O dövrdə Bakı şəhərində yaşayan təqribən 280-300 min nəfər əhalinin 80-100 min nəfəri azərbaycanlı idi. Bu qədər əhalinin dörddə biri isə 20-25 min nəfər edir. Cumhuriyyətin elan edilməsindən bir neçə ay sonra, iyul ayında Azərbaycan hökuməti Fövqəladə Təhqiqat Komissiyası yaratdı. Komissiyaya daxil olan şəxslər əsas etibarı ilə qeyri-azərbaycanlılar idi. Təhqiqat Komissiyasının üzvləri soyqırıma məruz qalan şəxslərlə görüşüb, soyqırımı qurbanlarının ailələrindən ifadələr alıb. Bu ifadələr sonradan bir neçə cilddə toplanıb. Təhqiqat Komissiyasının işinə gəldikdə isə, o bir daha göstərdi ki, Bakıda törədilən soyqırımın başlıca məqsədi – Azərbaycanın müstəqilliyinin elan edilməsinin qarşısını almaq, Abşeron yarımadasını yerli əhalidən təmizləmək, Bakı neftinə və Avrasiyaya gedən yola sahib olmaqdır.

 

 

 

– Bakı Kommunasının rəhbərliyində təmsil olunan N.Nərimanov, M.Əzizbəyov və M.Vəzirovun soyqırım hadisələrinə münasibəti ilə bağlı faktlar varmı?

 

 

 

– Soyqırımın törədilməsini Azərbaycan bolşeviklərinin özləri də etiraf edirdilər. Azərbaycanın görkəmli xadimi Nəriman Nərimanovun yazdığı məqalələrdə birmənalı şəkildə vurğulanırdı ki, bütün Qafqazda yalnız bir millət- müsəlmanlar qırılır. Həmin dövrdə bolşevik-erməni, daşnak dəstələri partiya mənsubiyyətinə fərq qoymayıblar. Onlar müsəlman, türk sosialistlərini belə öldürüblər. Lakin soyqırımı törədənlər öz niyyətlərinə çata bilmədilər. Doğrudur, onlar Azərbaycanın müstəqilliyə gedən yolunu uzatdılar, prosesi ləngitdilər, ancaq azadlığı boğa bilmədilər. Bundan bir neçə ay sonra Azərbaycanın müstəqilliyi elan edildi.

 

 

 

– İstiqlal Bəyannaməsinin elan edilməsi və 23 ay fəaliyyət göstərən cumhuriyyət xalqın sonrakı taleyində hansı rolu oynadı?

 

 

 

– Cumhuriyyətin yaradılması təkcə Azərbaycan xalqının deyil, bütövlükdə müstəmləkə zülmü altında inləyən müsəlman xalqlarının həyatında böyük tarixi əhəmiyyət daşıyan bir hadisə oldu. Cümhuriyyət ideyasını və idarə üsulunu müsəlman xalqları arasına Azərbaycan xalqı gətirdi. Azərbaycan xalqı onlara müstəmləkəçilikdən azad olmağın yolunu göstərdi. Cumhruriyyət elan edildikdən sonra Sibirdə sürgündə olan bir çox müsəlman xalqların nümayəndələri Azərbaycan vətəndaşlığına keçmək istədiklərini Azərbaycanın İrkutskdakı konsulluğuna bildirmişdilər.

 

 

 

– 1918-ci ildə Azərbaycanın bir çox bölgələrində kütləvi qırğınlar törədilmişdir ki, bunların ən dəhşətlilərindən biri 31 Mart soyqırımı olmuşdur.Bu cür vəhşiliklərin törədildiyi bir dövrdə ölkə daxilində buna qarşı çıxa biləcək heç bir qüvvə yox idimi?

 

 

 

– Həmişə bizə təlqin etməyə çalışıblar ki, sənin dövlət tarixin yoxdur, sənin tarixin qaçaq-quldur tarixidir. Bəzən 1918-ci il qırğınlarında Bakıda olan qoçulardan danışırlar. Qoçuların fəaliyyəti Azərbaycanın tarixinin bir səhifəsidir. Amma bu bizim rəsmi, dövlət tariximiz deyil. Soyqırım törədilən zaman müstəqil dövlət olmasa belə, Azərbaycanın müqavimət göstərə biləcək hərbi qüvvəsi azsaylı vəhşi diviziya idi. Azərbaycanlıların hərbi cəhətdən zəif olmasının bir sıra səbəbləri var idi. Azərbaycanın şimalı çarizm tərəfindən işğal edildikdən sonra mərkəzi hakimiyyət heç bir zaman müsəlmanlara etibar etməyib, onları hərb xidmətə çağırmayıb. Beləliklə, azərbaycanlılar həm hərb sistemini yadırğayıblar, həm də hərbi xidmət keçmədikləri üçün vergi ödəyiblər. Buna baxmayaraq, çar ordusunda xidmət edən bir çox generallarımız olub.

 

 

 

– Qarşıdan 24 aprel, uydurma erməni soyqırımının 100 illiyi yaxınlaşır. Son məlumatlara istinadən deyə bilərik ki, ermənilər geniş miqyasda tədbirlərin keçirilməsi üçün böyük hazırlıqlar görürlər. Bəs biz necə, 2015-ci ildə 110 illiyi tamam olaraq öz soyqırımımızı dünyada tanıtmaq üçün kifayət qədər cəhd edirikmi?

 

 

 

– Uydurma erməni soyqırımı ilə bağlı mən bir çox arxiv sənədlərini oxumuşam, ən mötəbər mənbələr əsasında monoqrafiya yazmışam. Bakıda və Moskvada nəşr edilib. Ankarada da mütəxəssislər tərəfindən müsbət rəy alıb. Yaxınlarda nəşr edilməlidir. Tarixdə “erməni soyqırımı” deyilən bir şey olmayıb. Soyqırımı Birinci Dünya müharibəsi illərində erməni silahlı dəstələri, dövlət səviyyəsində isə tarixi türk torpaqlarında daşnak Ermənistanı qurulduqdan sonra törədilib. Erməni silahlı dəstələri çar Rusiyanın maliyyə və təşkilatı dəstəyi ilə yaradılıb. Buna dair ən mötəbər mənbələr mövcüddur. 1915-ci ildən sonra bu məsələnin ortaya çıxması çar Rusiyasının təkidi ilə olub. Çar Rusiyası Böyük Britaniya və Fransa ilə birgə Osmanlıya müraciət qəbul ediblər. Çar Rusiyası Xarici İşlər Nazirliyinin sənədlərində yazılır ki, Osmanlıya birgə müraciət ermənilərin ruhunu yüksəldəcək və gələcək bütün siyasətimizdə bizə kömək edəcək. Erməni məsələsi deyilən məsələnin müəllifi Çar Rusiyasıdır. Uzun illər boyu dünya yalnız Ermənistanın saxta məlumatlarını eşitsə də, son illərdə yürüdülən siyasət nəticəsində artıq dünya bizim də mövqeyimiz ilə tanış olmağa başlayıb. Bizim mövqe tarixi gerçəkliyi əks etdirir. Son illər cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın Azərbaycan təcavüzü, Xocalıda törədilən soyqırım haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində xeyli işlər görülüb. Xarici ölkələrdə məqalələr nəşr edilib, filmlər nümayiş etdirilib. Ermənilərin 200 ildə gördüyü işə biz son 10 ildə ideoloji cəhətdən , layiqincə cavab verə bilmişik.


 

 

– Bu yaxınlarda “Erməni məsələsi”ndən “erməni soyqırımı”na: Gerçək tarix axtarışında (1724-1920)” adlı iri həsmli monoqrafiyanız işıq üzü görüb. Qısaca “erməni məsələsi”ni necə xarakterizə edərdiniz?

 

 

 

– Səkkiz ölkənin arxiv materialları üzərində çalışmış arxivçi-tarixçi olaraq deyə bilərəm ki, “erməni məsələsi” deyilən bir məsələ müəyyən tarixi dövrlərdə bəzi böyük dövlətlər tərəfindən konkret məqsədlər üçün ortalığa atılıb. 1815-ci il Vyana konqresində əslində Osmanlını dağıtmaq məqsədi güdən “Şərq məsələsi” deyilən bir məsələ ortaya atıldı. Sonralar 1877-1878-ci illər rus-türk müaharibəsindən sonra “erməni məsələsi” ortaya atıldı. Bu, suni şəkildə yaradılmış bir məsələdir. Məqsəd Osmanlı imperiyasını parçalamaq, onun mülklərinə sahib olmaq və böyük dövlətlərin öz niyyətlərinə çatmaq idi. Elə bu məqsədlə də “Böyük Ermənistan” uydurması yaradılıb. Hədəfə çatmaq üçün terror-siyasi təşkilatlar qurulub. İlk addımlar Şərqi Anadoluda, daha sonra isə Cənubi Qafqazda atılıb. 1905-1906-cı illərdə Cənubi Qafqazda erməni silahlı terror dəstələrinin törətdikləri qırğınlarda başlıca məqsəd yerli əhalini daimi yaşayış yerlərindən qovmaq, xaricdən gələn erməniləri yerləşdirmək və “Böyük Ermənistan” yaratmaq üçün zəmin hazırlamaq olub. Bu hadisələr qarışıqlıq dövrü kimi səciyyələndirilsə də, ən məxfi çarizm sənədlərin yazıldığı kimi, ermənilərin konkret hədəfi “Böyük Ermənistan” qurmaq üçün bir addım atmaq olub.

 

 

 

– Musa müəllim, belə bir fikir var ki, ATƏT-in Minsk qrupu üzvlərinin Dağlıq Qarabğ bölgəsinə səfərləri “turistik” xarakter daşıyır. Biz həftədə 1-2 dəfə həmsədrlərin regiona səfərləri barədə məlumatlar oxuyuruq. Cəbhə bölgəsində monitorinqlərin aparılmasının şahidi oluruq. Adını çəkdiyimiz bu qurumun hazırki fəaliyyətini necə dəyərləndirirsiniz? Doğrudanmı həmsədrlərin regiona səfəri “turistik” səfərdən başqa bir şey deyil?

 

 

 

– 1992-ci ildən bəri fəaliyyət göstərən ATƏT-in Minsk qrupuna konkret mandat verilib və o, həmin mandat çərçivəsində fəaliyyət göstərir. Ötən müddət ərzində ATƏT-in Minsk qrupu Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün bir neçə təkliflər irəli sürüb. Paket, mərhələli və ümumi dövlət həll variantları. Bu təkliflərdən biri (ümumi dövlət təklifi) beynəlxalq hüquq normalarına, Azərbaycan Konstitusiyasına zidd olduğu üçün dövlətimiz tərəfindən qətiyyətlə rədd edilib. Ermənistan isə vaxt udmaqla məşğuldur. Minsk qrupunun fəaliyyəti hələ ki, nəticəsizdir və səfərləri ancaq turist xarakteri daşıyır.

 

 

 

– Bəs münaqişənin nizamlanması üçün hansı həll yollarını görürsünüz?

 

 

 

– Hesab edirəm ki, ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Ermənistana təzyiqlər etməlidirlər. Təcavüzkara öz yerini göstərməlidirlər, əgər təcavüzkar ölkə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini yerinə yetirmirsə, o zaman həmin ölkə sanksiyaya məruz qalmalıdır. Təcavüzə məruz qalan da, təcavüz edən də göz önündədir. İşğalçı da, işğal da ortadadır. İşğalçını mütləq öz adıyla çağırmaq lazımdır. Minsk qrupu öz fəaliyyətini artırmalıdır. Bundan əlavə, Azərbaycan dövləti də güclü olmalıdır. Biz nə qədər güclü olsaq diplomatiyamız da bir o qədər güclü olacaq.

 

 

 

– Musa müəllim, yəqin ki, Krım hadisələrini yaxından izləyirsiniz. Sizcə Azərbaycanın Krımın Rusiyaya birləşdirilməsi üçün keçirilən səsvermədə birləşmə əleyhinə səs verməsi Dağlıq Qarabağ münaqişəsinin həllində yeni bir maneə yaradırmı? Yəni, onsuzda mövcud olan “Rusiya” xofu daha da güclənə bilərmi?

 

 

 

– Ümumiyyətlə, Krım hadisələrinin Dağlıq Qarabağ məsələsi ilə müqayisə etməyin heç bir əsası yoxdur. Bir vaxtlar ermənilər Dağlıq Qarabağ münaqişəsinin həllində Kosovo variantına üstünlük verirdilər. Qarabağ Ermənistan, Krım isə Rusiya tərəfindən işğal edilib. Bu mənada Azərbaycanın tutduğu mövqe tamamilə düzgündür. Ölkəmiz səs verərkən müasir beynəlxalq hüquq normalarından doğan prinsiplərə əsaslanıb. Hesab edirəm ki, bu məsələdə “Rusiya xofu”ndan narahat olmaq lazımdır deyil. Rusiya Krım məsələsində millətlərin öz müqəddəratını həll etmə prinsipinə əsaslanır. Bir neçə il sonra Rusiyanın özü bu prinsipdən ziyan görə bilər. Rusiyanın bir çox subyektləri də öz müqəddəratlarını təyin etmə hüququndan istifadə etsə, Rusiya idarəçiləri nə deyəcəklər? O ki qaldı sanksiyaların tətbiq edilməsinə, burada ikili standartlar var. Nəyə görə bəzi ölkələr Rusiyaya sanskiyalar tətbiq etmək təklifi ilə çıxış edirlər, ancaq Ermənistana qarşı həmin sanksiyaları tətbiq etmirlər? Düşünürəm ki, Rusiya indiki yanlış siyasətindən yaxın gələcəkdə böyük ziyan görəcək.

 

 

 

Aynur Hüseynova 1905.az

Müsahibə ilk dəfə 25 aprel 2014-cü ildə dərc edilib 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !