Mobil telefon oğrusu - - Zərərsizləşdirildi (+VİDEO)

Mobil telefon oğrusu - Zərərsizləşdirildi (+VİDEO)

Qadının mobil telefonunu soyğunçuluq yolu ilə alan şəxs zərərsizləşdirib

 

İctimai asayişin qorunması, şahidi olduğu cinayət hadisələrinə dərhal reaksiya göstərmək və bu hüquqazidd əməlləri törədən şəxsin yerindəcə zərərsizləşdirilməsi hər bir polis əməkdaşının öndə gələn vəzifələrindən biridir.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşların təhlükəsizliyinin polis əməkdaşları tərəfindən etibarlı şəkildə qorunduğunu sübut edən hadisələrdən biri də Xətai rayonu ərazisində baş verib. Paytaxtın qadın sakini martın 30-da Xətai rayonu, Sarayevo küçəsində hərəkətdə olan zaman naməlum şəxsin ona qarşı zor tətbiq edərək cibindəki mobil telefonunu ələ keçirərək qaçmağa cəhd göstərdiyini bildirib.

 

Zərərçəkənin kömək çağırışına Xətai Rayon Mühafizə İdarəsinin yaxınlıqda xidmət aparan tağım komandiri, polis leytenantı Elvin İmanlı və polis serjantı Ceyhun Məmmədov dərhal reaksiya verərək soyğunçuluq törədib qaçan şəxsi təqib etməyə başlayıblar.

 

Polis əməkdaşlarının çevikliyi sayəsində həmin cinayəti törədən şəxs Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Axundov hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılaraq 34-cü polis şöbəsinə təhvil verilib. Şöbədə onun üzərində şəxsi axtarış aparılan zaman zərərçəkənə məxsus telefon və bir bıçaq aşkarlanaraq götürülüb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

 

Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən F.Axundovun digər cinayətlərdə də iştirakını istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarəsinə müraciət etmələri xahiş olunur. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !