LDU-də mükafatlandırılma mərasimi keçirilib - + FOTOLAR (AZpress.AZ, Ağaddin Babayev, Lənkəran)

LDU-də mükafatlandırılma mərasimi keçirilib + FOTOLAR (AZpress.AZ, Ağaddin Babayev, Lənkəran)

Lənkəran Dövlət Universitetində keçirilən regional olimpiada qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

 

Lənkəran Dövlət Universitetində (LDU) Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarını təmsil edən İX, X, XI sinif şagirdləri, Lənkəran Humanitar Kolleci, Astara Pedaqoji Kolleci, Masallı Dövlət Regional Kollecinin tələbələri arasında fizika, riyaziyyat, kimya, biologiya fənləri üzrə keçirilən regional olimpiada qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə bilik yarışmasından qalib çıxaraq I, II,III yerləri tutan şagird və tələbələr, onların valideynləri, rayonların təhsil şöbələrinin rəsmiləri, müəllimlər, media nümayəndələri iştirak ediblər.
Mərasimi LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb. İştirakçıları salamlayan professor N. İbrahimov bu günkü tədbiri nəinki universitetin, həmçinin bölgənin elmi həyatında vacib hadisələrdən biri adlandırıb. ”Elm, bilik işıqdır. Biz fəxr edirik ki, bölgənin, ölkənin elminə işıq tutacaq gələcək elmi potensialımızın üzə çıxarılması kimi məsuliyyətli, xeyirxah bir fəaliyyəti həyata keçiririk. Bu günün qalibləri elmimizin sabahkı flaqmanıdır”, –deyən universitet rəsmisi müxtəlif fənlər üzrə olimpiadaların, bilik yarışmalarının bundan sonra da keçiriləcəyini bildirib. Natiq İbrahimov rayon təhsil şöbələrinin rəhbərlərinə, müəllimlərə, valideynlərə LDU kollektivi adından olimpiadaya dəstək olduqlarına görə təşəkkür edib.
Daha sonra qaliblərin mükafatlandırılması mərasimi olub. I, II, III yerləri tutan şagird və tələbələrə universitetin diplomları, kubok və qiymətli hədiyyələri verilib.
Mərasimdə Lənkəran rayon təhsil şöbəsinin müdiri Aslan İbrahimov, Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini, universitetdə fəaliyyət göstərən ictimai şuranın sədri Sərhad Məmmədov, “İstək” liseyinin direktoru Saday Möhnətov, Astara rayon təhsil şöbəsi metodkabinetinin müdiri Emin Fətəliyev, valideyn, Lerik rayon sakini Dilarə Fətullayeva və başqaları çıxış edərək universitet rəhbərliyinə belə möhtəşəm olimpiadanı təşkil etdiklərinə və obyektiv qiymətləndirməyə görə minnətdarlıq ediblər.


Ağaddin BABAYEV, Lənkəran
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !