GƏNCLƏRİN YENİ BƏLASI... -

GƏNCLƏRİN YENİ BƏLASI...

Həkimlər həyəcan təbili çalır


Küçədə satılan, ucuz qulaqcıqlar insanlara ölüm vəd edir


İnsanlar arasında qulaqcıqlardan istifadə edənlərin sayı günü-gündən artır. Xüsusilə də gənclər bu təhlükəli əşyaya daha çox meyl edirlər. Mütəxəssislər isə iddia edir ki, musiqi dinləmək üçün qulaqcıqlardan istifadə eşitmə qabiliyyətinin itirilməsinə gətirib çıxarır. Ancaq təəssüf ki, heç kim bu xəbərdarlıqları ciddi qəbul etmir. Bu gün demək olar ki, hər yerdə qulağında qulaqcıq olan gəncləri görmək mümkündür.


Uzun yolu, bitməyən işi, səbr tutmayan tapşırıqları yerinə yetirməkdən əziyyət çəkən və tənbəllik edən gənc çarəni musiqi dinləməkdə tapır. Dinlənən musiqinin nə olmasından çox hansı yüksəklikdə olması gənclərin maraq hədəfindədir. Elə buna görə də qulaqcıq seçimində musiqisevər gənclər olduqca həssas olur.

 

Seçilən qulaqcıq səsləri orijinal ötürməli, uzunmüddətli olmalı, tez qırılmamalı, mümkün qədər səsi yüksəkdən verməlidir. Bundan sonra isə onun rəngi, qiyməti və s. haqqında müzakirə başlanılır. Təbii ki, hər şeyin saxta variant olduğu kimi qulaqcıqların da saxta olanları var. Hazırda satışda texniki normalara cavab verməyən və istehsal mənbəyi bilinməyən bir çox qulaqcıqlar satılır ki, onlardan istifadə etmək birmənalı şəkildə düzgün deyil. Bunları tapmaq üçün isə elə də əziyyət çəkməyə dəymir. Çünki iki addımdan bir belə qulaqcıqlar satıldığını görmək mümkündür.

 

Qiyməti 70 qəpik və 1 manat arasında dəyişir. Bu cür qulaqlıqlara bir çox yerlərdə, xüsusi ilə də metro çıxışlarında rast gəlmək olar. Elə qiymətinin ucuzluğu onun keyfiyyətinə, daha doğrusu, keyfiyyətsizliyinə dəlalət edir. Həkimlər həyəcan təbili çalır. Çünki yol kənarında satışda olan bu cihazlar insan səhhətində müxtəlif fəsadlar törədə bilər. Həkimin sözlərinə görə, bu cihazlar hətta ölümə də səbəb ola bilər. Sakinlər də bu qulaqcıqların zərərli olduğunu bildiklərini, amma ucuz olduğu üçün aldıqlarını deyirlər.

 

Həkimlər bildirirlər ki, qulaqlıqlar yumşaq materialdan olmalıdır. Sərt materialdan hazırlanan ucuz qiymətə olan bu cihazlar qulaqda sağalmaz zədələrə də səbəb olur.


Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, qulaqcıqlardan aşırı istifadə insanların qulağında ciddi problemlər yarada bilər. Dinlənilən musiqinin şiddəti və qulaq asma müddəti normadan çox olarsa, eşitmə zəifləyir.

 

Bir saatdan artıq qulaqcıqdan istifadə etmək məqsədəuyğun deyil. Əks halda qulağın həssaslığı zəifləyir və digər patalogiyalar yaranır. Bu siqnallar beynin özünə də mənfi təsir göstərir. Xüsusən də, kiçik yaşlarından etibarən musiqi dinləmək üçün qulaqcıqlardan istifadə edilməsi eşitmənin itirilməsi riskini ortaya qoyur. Ancaq gənclər bu kimi təhlükələrə önəm vermirlər. Evdə, metroda, küçədə, hətta dərsdə belə qulaqcıqlardan istifadə edirlər. Saxta qulaqcıqlar isə ikiqat ziyanlıdır. Məhz belə qulaqcıqlar primitiv üsulla düzəldiyi üçün ölçülərin dəqiqliyinə tam riayət olunmur və bunun nəticəsində də həmin qulaqcıqlardan istifadə zamanı onlar qulağı incidir, mənfi mexaniki təsir göstərir.

 

Gənclərin böyük əksəriyyəti yüksək səslə musiqi dinlədikdən sonra qulaqda cingildəmə, uğultu və eşitmədə azalma kimi əlamətlərlə qarşılaşırlar. Halbuki bu tip əlamətlər qalıcı bir ziyana da işarə ola bilər. Bu vəziyyətdə səs şiddətini azaltmaq və ya musiqi dinləməyə bir müddət ara vermək lazımdır. Daxili qulağı narahat edən yüksəklikdə musiqi dinləmək akustik travmalar yarada bilir.
Professorun sözlərinə görə, riskləri azaltmaq üçün kütləvi informasiya vasitələrində, televiziyalarda, maarifləndirici materiallar hazırlanmalıdır. Məktəblərdə, ailədə uşaqlara qulaqcıqların ziyanı izah olunmalıdır. Televiziyalarda mənasız şou proqramlara yer ayırmaqdansa, əhalini maarifləndirmək, gənclərə zərərli vərdişlərdən uzaq durmağı aşılamaq lazımdır.

 

Qeyd edək ki, qulaqcıq səsdən əlavə qulağa infeksiya keçməsinə də səbəb olur. İstifadə olunan qulaqcıqların çoxunun başlığı rezindən olur. Belə qulaqcıqlar qulaq yolunun tərləməsinə və infeksiya yaranmasına səbəb olur. Buna görə, istifadə olunan qulaqcıq hər yarım saatdan bir 5-10 dəqiqə müddətinə qulaqdan çıxarılmalıdır. Qulaqcıqdan bir nəfər istifadə etsə belə hər istifadədən əvvəl nəm salfetlərlə silinməlidir.

 

Cihazın çıxardığı səslər qədər, qulaqcıqların tipləri də əhəmiyyət kəsb edir. Hansı qulaqcıq tipinin daha etibarlı olduğunu bilmək üçün çöldən nə qədər səs alıb-almamasına diqqət yetirmək lazımdır. Ətrafdakı səs-küy yüksəldikcə, istifadəçilər cihazlarının səsini yüksəldirlər.

 

Qulaqcıq seçimi edərkən xaricdən ən az səs alan qulaqcıqlara önəm verilməlidir. Qulaqcıqların tək tərəfli istifadə edilməsi də düzgün deyil. Təktərəfli və yüksəksəsli musiqi dinləmək tək qulağı zəiflədir, diqqət yayındırır. Bir sözlə, hansı qulaqcıq olmasından asılı olmayaraq qulaqcıqlardan müəyyən aralıqla istifadə etmək və mümkün qədər musiqini az səslə dinləmək lazımdır.

 

Şəymən 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !