Muğam aləmi V Beynəlxalq Muğam Festivalı -

“Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən Bakıda 2018-ci il 7-14 mart tarixində “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı keçiriləcəkdir.

 

Festival çərçivəsində Bakı və Gəncə şəhərlərində Azərbaycan və xarici musiqiçilərin iştirakı ilə konsertlərin təşkili, beynəlxalq elmi simpoziumun, beynəlxalq muğam müsabiqəsinin keçirilməsi nəzərdə tutulmuşdur.

 

Tədbirlərdə iştirak etmək üçün Türkiyə, Moldova, Polşa, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş və başqa ölkələrdən musiqiçi və münsiflər heyəti dəvət olunmuşdur.

 

Azərbaycan Milli Elmlər Akademiyasında 7-10 mart tarixində “Muğam ənənəsi elm və incəsənət qovşağında” mövzusunda beynəlxalq simpozium keçiriləcəkdir. Simpoziumda Fransa, Kanada, Hollandiya, Türkiyə, İran, Macarıstan, Özbəkistan və Serbiyadan dəvət olunmuş xarici qonaqlar iştirak edəcəklər.

 

Azərbaycan Milli Konservatoriyasında 10-13 mart tarixində beynəlxalq muğam müsabiqəsi keçiriləcəkdir. Müsabiqənin münsiflər heyətinin tərkibində Azərbaycan, Polşa, Türkiyə, İran və Tacikistan musiqi mədəniyyətinin tanınmış nümayəndələri iştirak edəcəklər. Müsabiqə instrumental və vokal bölmələri üzrə aparılacaqdır.

 

Eyni zamanda Azərbaycan Milli Konservatoriyasında musiqi gecələrinin keçirilməsi də nəzərdə tutulmuşdur. Konsertlərdə “Qarabağ” muğam qrupu və “Qaytağı” instrumental ansamblı görkəmli sənətçi və tanınmış musiqiçilər - Mənsum İbrahimov, Ənvər Sadıqov, Elçin Həşimov, Elnur Əhmədov, Təyyar Bayramov, Aytən Məhərrəmova, Kamran Kərimov, İdris Hüseynov və Kamran Novruzov ilə birgə çıxış edəcəklər.

 

Beynəlxalq Muğam Mərkəzində keçiriləcək konsertlərdə “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-şiraz”, “Şüştər” və “Hümayun” muğamları istedadlı ifaçılar - Elnur Zeynalov, Qoçaq Əsgərov, Arzu Əliyeva, Babək Niftəliyev, Nisbət Sədrayeva, Məmməd Nəcəfov, Abgül Mirzəliyev və başqaları tərəfindən tamaşaçılara təqdim olunacaqdır.

 

Festival günlərində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, Azərbaycan Dövlət Rəqs Ansamblının, Dövlət Xor Kapellasının, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, “Cəngi” etno-caz qrupunun çıxışları da nəzərdə tutulub.

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Koroğlu” operası, Qara Qarayevin “Yeddi gözəl” baleti, Müslüm Maqomayev “Şah İsmayıl” operası, Dövlət Musiqili Teatrında “O olmasın, bu olsun” musiqili komediyası, Marionet Teatrında Ü.Hacıbəylinin eyniadlı əsəri əsasında “Leyli və Məcnun” marionet tamaşası festival günlərində qonaqlar üçün təqdim olunacaqdır.

 

Gəncə şəhərində 8-13 mart tarixində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası kollektivlərinin iştirakı ilə silsilə konsertlər keçiriləcəkdir.

 

Festivalın təntənəli bağlanış mərasimi 14 mart 2018-ci il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaqdır. Gecədə bədii rəhbər və baş dirijor Ağaverdi Paşayevin rəhbərliyi altında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Muğam müsabiqəsi qalibləri çıxış edəcəklər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !