Fevralın 28-də şəhid Zülfünün komasındayıq - + FOTOLAR (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

Fevralın 28-də şəhid Zülfünün komasındayıq + FOTOLAR (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

Zülfü Rəhim oğlu Qədimov - 1988-ci ildə Ağdamın həm ərazisinin böyüklüyü və həmçinin tanınmış şəxsiyyətləri ilə məşhur olan Mərzili kəndində göz açıb dünyaya. 1993-cü il iyunun 11-də 5 yaşlı oğlunu düşmənin caynağından qaçıran ana nə biləydi illər sonra bu caynaqlarda gəzən amansız ölüm onun oğlunu tapacaq… Müvəqqəti sığındığı yad eldə hər il - gələn il doğma yurdumuza -yuvamıza gedəcəyik ümidinin zülmə qarşı verdiyi təpərlə böyüdüb övladını. Ailənin bütün keçmiş xatirələri il üstünə il gəldikcə, düşmənin işğal etdiyi torpaqlarımızdakı tonqalında yanaraq kül olur . Gələcəyini həsr etdikləri , ümid işığı körpə böyüyür və Vətən əmanət edilməli yaşa gəlir. O həqiqi hərbi xidmətə yollanır. Oradanda zəhmətkeş ailənin halal çörəyi ilə böyüyən Zülfü , ömür yollarını şərəfli hərb işindən salır...

 

"Cəbhədə silah səsləri səngimək bilmirdi. Ana ürəyi , ay başına dönüm. Narahat idim. Zəng etdim, zəng çatmadı… Atasına zəng gəldi ki, qorxmayın deyəsən Zülfügil yaralanıb. Ora necə getdiyimiz yadımda deyil. Beyləqan və Xocavənd rayonundan olan müharibə veteranları, oğlumun qulluq etdiyi hərbi hissənin komandiri və Xocavənd rayonunun Icra başçısı Eyvaz müəllim o 3 günü bizimlə orda keçirtdilər…", - Zülfünün anası Meyxanım Qədimova.

 

Ananı danışdırmaq nə qədər ağır olsa da, insan danışdıqca, dərdini paylaşdıqca yüngülləşir. Mən anaya söz vermişdim. Nə vaxt Xocavəndə gəlsəm bu ziyarətgaha gələcəm. Bu günlərdə yenə getdim ziyarətinə. Əəlimizdən nə gəlir?.. Ancaq gəlib ailənin dərdinə şərik olmaq. Köçkün və didərgin valideynlərin hansı şəraitdə övlad böyütmələri, bunu yaşamayanlara heç vaxt məlum olmaz. Ona görə də bizləri anlamayanları heç vaxt qınamamışam. O valideynlərin də sizə məlum olmayan şəraitlərdə böyütdükləri övladların şəhid olması, əsasən köçkün evlərində dalğalanan bayraqların olmasını yenə heç kim anlamaz. Amma ən azından bu ailələrə - protokol naminə, məcburiyyətdən getdiyiniz və gedib kreslolarda yuxuladığınız iclaslar qədər vaxt ayıra bilərsiniz. Ya da bir telefon zənginizlə ən yaxınlarınıza etdiklərinizin birini, bu ailələr üçün də edə bilərsiniz. Məsələn?!

 

Məsələn, ötən il fevralın 28-də Zülfünün dəfnində protokol naminə iştirak edib , necə deyərlər elə ordanca əlli-ayaqlı gedən vəzifəlilərin hamısı Zülfünün tabutu çıxan uçuq komanı gördü. O komaya gələn yolu da… və hələ bu yaxınlarda Meyxanım ananın naləsinin yayımlandığı videonu da gördünüz. Yazdıqlarımızı heç sətir-sətir də demirəm, nöqtə vergülünün altını -üstünü axtara-axtara oxuduğunuzu da bilirəm. Hardan bilirəm?! Siz anaların naləsinə kar ola bilərsiniz. Otağında özündən çıxanların "naləsi"ni biz yaxşı eşidirik. Bir ildi nə bayramda yada saldınız nə də seyranda.. Amma sabah hardasa çıxış edəndə döşünüzə döyəcəksiniz ki, Ağdam bu qədər şəhid verib... əlqərəz.

 

Fevralın 28-də, o uçuq ziyarətgahda Zülfünün şəhid olmasının bir ilinə topalaşacaq onunla fəxr edənlər. Yağışda oynayıb, palçıqdan koma tikən sadə insanlar ora çox rahat şəkildə gedib çıxacaq. Amma sizi bilmirəm...

 

İşdi - işayətdir əgər ora şəkil çəkdirməyə gedəsi olsanız hündür maşınla gedin ki, şəhidin doğulduğu evə aparan bataqlıqda batıb qalmayasınız.

 

Ya da cəmi ikicə maşın (yük maşını) çay daşı gətirdin. Sonra o ikinin qarşısına neçə sıfır yazılar onu özünüz bilərsiniz…

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !