AXC-nin 100 illik yubileyinə həsr olunan konsert proqramı təşkil edilib. - (+FOTOLAR)

AXC-nin 100 illik yubileyinə həsr olunan konsert proqramı təşkil edilib. (+FOTOLAR)

“Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Qazaxıstanda keçirilməsi
nəzərdə tutulan geniş miqyaslı tədbirlər silsiləsindən birincisi artıq
reallaşdırılıb. Azərbaycanın bu ölkədəki səfirliyi, Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun birgə təşkilatçılığı və Beynəlxalq Türk Akademiyasının
dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan
konsert proqramı təşkil edilib.
Mərasim paytaxt Astananın ən böyük ticarət və əyləncə mərkəzlərindən biri,
dünyanın nadir arxitektura nümunələrindən hesab olunan və gündəlik 40
minədək insanın ziyarət etdiyi “Xan Şatır”ın açıq səhnəsində keçirilib.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov çıxış edərək bildirib ki,
o dövrün mürəkkəb beynəlxalq hərbi-siyasi vəziyyətinə, böyük çətinliklərə
baxmayaraq, öz canları və qanları hesabına azadlıq mübarizəsi aparan
qəhrəmanlarımız şərəflə, ləyaqətlə yürütdükləri bu mücadilə ilə bugünkü
müstəqilliyimizin toxumlarını səpiblər. Ona görə də, bu tarix təkcə Azərbaycan
üçün deyil, bütün türk dünyası üçün önəmli hadisədir. Bunu nəzərə alaraq,
2018-ci ildə Cümhuriyyətin yubiley tədbirləri Azərbaycanda olduğu kimi,
qardaş Qazaxıstanda da geniş miqyasda qeyd olunacaq. Səfir vurğulayıb ki,
Astanada keçirilən konsertin bu sıra da ilk tədbirdir.
Eyni zamanda, diplomat bu il Astananın paytaxt elan olunmasının 20 illiyinin
qeyd edildiyini, tamaşaçıları təbrik edərək, konsertin qardaş qazax xalqına
həmdə bayram hədiyyəsi sayıla biləcəyini deyib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva
müsəlman şərqində ilk demokratik respublikanın - Azərbaycan Xalq
Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində həm Azərbaycan xalqının, həm
də digər türk etnoslarının suverenlik və müstəqillik ideyalarının
möhkəmlənməsində silinməz iz buraxdığını qeyd edib. O bildirib ki,
cümhuriyyət, onun qəbul etdiyi qərarlar, onun simvolları bizim azadlıq
istəyimizi düşüncələrimizdə, qəlbimizdə yaşadıb və uzun illərdən sonra
yenidən milli istiqlalımıza qovuşmağımızda misilsiz rol oynayıb.
Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın türk dünyasında inteqrasiyanın
dərinləşməsi və möhkəmlənməsi naminə əməkdaşlıq üçün hər kəsə açıq
olduğunu, türk irsi və mədəniyyətinin dünya arenasında tanıdılmasında
fəaliyyətini genişləndirdiyini vurğulayıb. Xalq Cümhuriyyətinin yubileyi ölkəmiz
üçün çox əhəmiyyətli hadisədir. Bu hadisə təkcə dövlət quruculuğunu əks
etdirmir, həm də Şərqdə ilk demokratik dövlətin məhz Azərbaycanda qurulduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin 2017-ci il 16 may tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamında da milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsi vurğulanır.

Günay Əfəndiyeva bildirib ki, bu tədbirin Beynəlxalq Türk Mədəniyyəti və İrsi
Fondunun qurucularından biri kimi Qazaxıstanda təşkil olunması isə qardaş
ölkənin bizim ortaq dəyərlərimizə, dövlətçilik ənənələrimizə ehtiramını ifadə
edir. O, belə vacib tədbirə ev sahibliyi etdiyi üçün Qazaxıstan tərəfinə
minnətdarlığını ifadə edib.
Sonra çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali
böyük Məmməd Əmin Rəsulzadənin – “Bir kərə yüksələn bayraq, bir daha
enməz” fikrini xatırladaraq, o zamanın ən ağır şərtlərində azadlıq mücadiləsi
vermiş böyük dövlət xadimlərimizin misilsiz tarixi missiyanın öhdəsindən
ləyaqətlə gəldiklərini qeyd edib. İnanılmaz məşəqqətlərə sinə gərən bu
liderlərin böyük əksəriyyəti sonra mühacirətdə, sürgündə belə öz yollarından
dönməyib, son nəfəslərinədək dövlətçiliyimizin, özümüzün və övladlarımızın
gələcəyi üçün mübarizə aparıblar.
Akademiya rəhbəri bildirib ki, yenidən müstəqilliyinə qovuşmuş Azərbaycan
Respublikasının 1918-ci ildə qurulan Cümhuriyyətin varisi olması, ötən ilin
sonunda Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti”
ili elan etməsi azərbaycanlıların öz dövlətçilik tarixinə verdiyi böyük dəyərin
göstəricisidir.
Çıxışlardan sonra mərasim iştirakçılarına Azərbaycanın əməkdar artisti, Bakı
Musiqi Akademiyasının dosenti İslam Manafovun pianoda mükəmməl ifaları
təqdim olunub.
Qeyd edək ki, “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində ölkəmizin
Qazaxıstandakı səfirliyinin təşkilatçılığı və dəstəyi ilə genişmiqyaslı tədbirlərin
davam etdirilməsi nəzərdə tutulur. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !