AMEA-da Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbir -

AMEA-da Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbir

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında
Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri, dünya şöhrətli
bəstəkarı, Xalq artisti, akademik Qara Qarayevin 100 illik yubileyinə həsr edilmiş
tədbir keçirilib.


AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək dünya şöhrətli
sənətkarın həyat və yaradıcılığından danışıb. Qeyd edib ki, Qara Qarayev
Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş dahi şəxsiyyət,
milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator
sənətkardır.


Sonra Zemfira Səfərova çıxışında bildirib ki, yaradıcılığı zəngin milli köklərə
əsaslanan bəstəkarın Azərbaycan musiqisinin yeni mərhələdə inkişafında misilsiz
xidmətləri var. O, “Azərbaycan musiqi tarixi” kitabının üçüncü cildinin çap
olunduğunu bildirib. Əlavə edib ki, həmin cild Qara Qarayevin yaradıcılığı
haqqında məqalə ilə başlayır.


Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Q.Qarayevin Azərbaycan
musiqi mədəniyyəti tarixində xidmətlərinə dair məruzə edib. Firəngiz Əlizadə
vurğulayıb ki, o bu dahi insanın təkcə tələbəsi deyil, həm də onunla bir yerdə
çalışıb. Qara müəllim 110 musiqi əsəri yazıb. Onların hər biri əzəmətli,
təkrarsızdır. Onun azad düşüncəsi öz yaradıcılığına da nüfuz etmişdi.
Sonda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirin təşkilinə
görə AMEA rəhbərliyinə təşəkkürünü bildirib. Nazir vurğulayıb ki, Qara
Qarayevin 100 illik yubileyi çərçivəsində tədbirlər təkcə Azərbaycanda deyil, ölkə
hüdudlarından kənarda da keçiriləcək. Nazir tədbir iştirakçılarının diqqətinə
çatdırırb ki, TÜRKSOY bu ili “Qara Qarayev ili” elan edib. Ə. Qarayev deyib ki,
görkəmli bəstəkarın yubileyi UNESCO-da da qeyd ediləcək.


Tədbir konsert proqramı ilə sona çatıb. Belə ki, Beynəlxalq müsabiqələr laureatı,
“Gənclər mükafatı” laureatı Həsənli Fəqan, Prezident təqaüdçüsü, Beynəlxalq
müsabiqələr laureatı Suada Hacızadə və Beynəxalq müsabiqələr laureatı Cəfərzadə
Fatimənin ifasında (Qara Qarayev 2 prelüd, 2 romans “Gürcüstan təpələrində” ,
“Mən sizi sevirdim”) əsərləri yüksək peşəkarlıqla səslənib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !