Astarada ötən ilin yekunları müzakirə olunub - +FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Astara)

Astarada ötən ilin yekunları müzakirə olunub +FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Astara)

Fevralın 9-da Astara Rayon İcra Hakimiyyətində (RİH) 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında rayon icra hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib.
Yığıncaqda geniş hesabatla çıxış edən Astara RİH-nin başçısı Qəzənfər Ağayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-cı ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunaraq qeyd edib ki, təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövləti ölkə Prezidenti İlham Əliyevin apardığı uzaqgörən daxili və xarici siyasəti nəticəsində yüksək inkişaf mərhələsinə çatıb.
Q.Ağayevin sözlərinə görə, 2017-ci il ərzində rayonda bütün sahələrdə nailiyyətlər qazanılıb. Yerli gəlirlər 6 milyon 200 min manat olmaqla 103 %, yerli xərclər isə 93 % icra olunub. Rayonda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi dəyəri 227 milyon manat, əhalinin hər bir nəfəri üçün 2120 manat təşkil edib. 2016-cı illə müqayisədə nəqliyyat təsərrüfatı sahəsində 5 faiz, informasiya və rabitə sahələrində 11,5 faiz, sənayedə 12 faiz, ticarət-nəqliyyat vasitələrinin təmiri sahələrində 1,7 faiz artım müşahidə edilib
Son illərdə rayonda 12300 yeni iş yeri açılıb, bunun da 9700-dən çoxu daimi iş yerləridir. İl ərzində rayonda ümumilikdə 4024 yeni iş yeri açılıb.
Hesabat ilində rayonda tikinti-quruculuq və abadlıq işlərinin davam etdirildiyini söyləyən icra başçısı Prezidentin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin ailələrinin sosial məişət şəraitinin yaxşılaşdırılmasına dair müvafiq Sərəncamının icrası olaraq rayonda mənzil növbəsinə alınmış 1 ailə üçün fərdi yaşayış evinin tikilərək istifadəyə verildiyini, daha bir ailə üçün fərdi evin tikintisinə başlanıldığını bildirib.
Məruzədə 2017-ci ildə görülən işlər sırasında ölkə Prezidenti İlham Əliyevin Sərəncamları ilə ayrılmış vəsait hesabına tikintisi yenicə başa çatdırılmış Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının inşası xüsusilə qeyd olunub. Rayon mərkəzindən 35-50 km məsafədə yerləşən, ucqar dağlıq əraziləri əhatə edən avtomobil yollarının tikintisi ilə bu istiqamətdə yerləşən 38 yaşayış məntəqəsinin 12 min nəfər əhalisinin ən böyük problemi həllini tapıb.
Bildirilib ki, tikinti-quruculuq sahəsində rayonda həyata keçirilən ən böyük layihələrdən biri də Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksi ərazisinin genişləndirilməsi olub. Azərbaycan Respublikası Prezidentinin 8 iyun 2017-ci il tarixli Sərəncamına uyğun olaraq park-bulvar kompleksinin genişləndirilməsi ilə əlaqədar ayrılan vəsait hesabına tikinti işlərinə başlanılıb, hazırlanmış layihəyə əsasən nəzərdə tutulan işlər ardıcıl olaraq həyata keçirilir. Burada tikinti işləri yekunlaşandan sonra park-bulvar kompleksinin ümumi ərazisi 18 hektar olacaq.
Diqqətə çatdırılıb ki, hesabat ilində Astara şəhərində 29 çoxmərtəbəli ictimai yaşayış binasının fasad və bloklarında əsaslı təmir işləri görülüb, 3 binanın dam örtüyü dəyişdirilib. Astara şəhərinin küçələrində, Lovayın-Pəlikəş, Kijəbə-Burzubənd, Astara-Qamışovka və Pensər-Şahağac avtomobil yollarında cari təmir işləri görülüb.
“Şimal-Cənub“ beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Ələt-Astara-İran sərhədi avtomobil yolunun, Astara stansiyasından İran sərhəddinə qədər olan 8.3 km-lik dəmir yolu xəttinin və Astara çayı üzərində 85 metr uzunluğunda dəmir yolu körpüsünün tikintisi başa çatdırılıb. Bu nəqliyyat layihələri istifadəyə verildikdən sonra bölgədə turist axını xeyli artacaq.
İcra başçısının sözlərinə görə, rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasını yaxşılaşdırmaq məqsədilə 7 məktəbdə cari təmir işləri aparılıb, 96 şagird yerlik Bala Şahağac kənd ümumi orta məktəbinin yeni binası ötən həftə istifadəyə verilib. Siyatuk kənd ibtidai məktəb üçün inşa edilən 56 yerlik modul tipli məktəb binası isə istifadəyə hazırdır. 2017-2018-ci tədris ilində 6 tam orta məktəbdə yaradılmış təmayül siniflərinə rayon üzrə IX sinfi bitirmiş 300 şagird cəlb edilib, tədris ilini başa vuran məzunlardan 243 nəfər respublikanın müxtəlif ali məktəblərinə daxil olub.
Aqrar bölmədən bəhs edən Q.Ağayev bildirib ki, rayonda çəltikçiliyin inkişafı sahəsində son illər xeyli uğurlar qazanılıb. Keyfiyyətli və ekoloji təmiz Astara düyüsü bazarlarda öz yerini tutub, ətirli və dadlı düyüyə olan tələbat xeyli artıb. 2017-cı ildə çəltik əkini aparılmış 447 hektar sahədən 1802 ton çəltik yığılıb, məhsuldarlıq 40 sentner olub. Bu əvvəlki illə müqayisədə 3.3 dəfə çoxdur. İcra başçısı vurğulayıb ki, qarşıdakı illərdə çəltik sahələrinin 1000 hektara çatdırılması üçün bütün qüvvələrdən istifadə olunmalıdır.
Məruzədə həmçinin qeyd olunub ki, rayonda mövcud 192 hektar məhsuldar çay plantasiyalarından ötən il ümumilikdə 476 ton yaşıl çay yarpağı yığılaraq çay emalı müəssisələrinə təhvil verilib. Aparılan tədbirlər nəticəsində gələcəkdə 1000 hektar torpaq sahəsində çay plantasiyalarının salınması nəzərdə tutulub.
Q.Ağayevin sözlərinə görə, 2016-cı ildə rayonun ayrı-ayrı kəndlərində 425 hektar, 2017-ci ildə isə 774 hektar yeni sitrus və subtropik meyvə bağı salınmaqla əkin sahələri ümumilikdə 3116 hektara çatdırılıb. Təkcə son iki ildə yeni salınmış sitrus və subtropik meyvə bağlarının sahəsi 40 faiz artıb. Bu işlərin görülməsinə ümumilikdə 3200 nəfərdən çox işçi qüvvəsi cəlb olunub.
İcra başçısı rayonun bütün məsul işçilərinə, idarə, müəssisə və təşkilat rəhbərlərinə bir vəzifə olaraq tapşırıb ki, əhali arasında tez-tez olsunlar, onların qayğı və problemlərinə həssaslıqla yanaşsınlar, qaldırılan məsələlərin, haqlı tələblərin aidiyyəti təşkilatlara operativ çatdırılmasını təmin etsinlər.
Məruzə ətrafında müzakirələrdə çıxış edən rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Etibar Abbasov, İcra hakimiyyəti başçısının Hamoşam inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ağarəhim Abdulov, Ərçivan bələdiyyəsinin sədri İradə Rzayeva, fermer təsərrüfatının rəhbəri Nizami Rəsulov və başqaları ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edən, abadlaşan, müstəqil dövlətimizin qazandığı nailiyyətlərdən qürur duyduqlarını vurğulayaraq, ölkəmizin daha da çiçəklənməsi naminə ölkə rəhbəri ətrafında sıx birləşəşdiklərini söyləyiblər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzənmədov isə çıxışında bildirib ki, ictimai-siyasi vəziyyətin sabit olduğu Azərbaycanda 2017-ci ildə qarşıda duran vəzifələr həllini tapıb, ölkəmizin dinamik inkişafı təmin edilib, beynəlxalq mövqeləri daha da möhkəmlənib, iqtisadi və sosial proqramlar icra olunub.
Natiq yola saldığımız 2017-ci ilin bütün Azərbaycan xalqının həyatında olduğu kimi, Astara sakinlərinin həyatında da əlamətdar olduğunu vurğulayaraq, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin təqdirəlayiq olduğunu diqqətə çatdırıb.
Sonda yığıncağın qətnaməsi qəbul edilib, iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb.

 

Ağaddin BABAYEV, Astara.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !