Norma operası ilə bağlı press-konfrans keçirilib. - (+FOTO)

“Norma” operası ilə bağlı press-konfrans keçirilib. (+FOTO)

7 fevral 2018-ci il tarixində saat 12.00-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Qara Qarayev adına Konfrans zalında “Norma” operası ilə bağlı press-konfrans keçirilib. Konfransda BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva gələn qonaqları salamlayaraq media nümayiəndələrini Opera Studiyasının əməkdaşları ilə yaxından tanış edib. Bildirilib ki, BMA-nın nəzdində yerləşən Opera Studiyası Musiqi Akademiyasının “Solo oxuma” kafedrasının tələbələrinin təhsil və təcrübə keçdiyi tədris teatrıdır. Opera və musiqi teatrlarının gələcək aktyorları burada formalaşırlar. Opera Studiyası opera tamaşalarının qoyulması kimi tədris planını “Solo oxuma” kafedrası ilə birlikdə işləyir. Təsadüfi deyildir ki, “Solo oxuma” kafedrasının müdiri, xalq artisti, professor Xuraman Qasımovanın yetirmələri bu gün də Opera Studiyasının səhnəsində fəaliyyət göstərən peşəkar ifaçılardır. Həmin ifaçıların iştiraki ilə bu illər ərzində bir sıra operalar tamaşaya qoyulmuşdur. Bu proses daima davam edir və yeni operalar Opera Studiyasının kollektiv əməyi sayəsində səhnələşdirilir.


Qeyd edək ki, 8 fevral 2018-ci il saat 19.00 tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Şövkət Məmmədova adına Opera Studiyasında Vincenzo Bellininin “Norma” operası ilk dəfə səhnəyə qoyulacaq. Operanın premyerası quruluşçu dirijor Xalq artisti, professor Fəxrəddin Kərimov, quruluşçu rejissor Elvin Mirzəyevin rəhbərliyi ilə həyata keçəcək. Solistlər qismində Əməkdar artistlər - Fəridə Məmmədova (Norma), Səbinə Əsədova (Adalciza), Anton Ferştandt (Orovez), həmçinin Adil Axundov (Pollion), Hidayət Əliyev (Flaviy), İslamə Abdullayeva (Klotilda) çıxış edəcək.


Mətbuat konfransında “Solo oxuma” kafedrasının müdiri, xalq artisti, professor Xuraman Qasımova, quruluşçu dirijor Xalq artisti, professor Fəxrəddin Kərimov və quruluşçu rejissor Elvin Mirzəyevin çıxışları zamanı operanın hazırlıq proresindən söz açılıb. Konfransda eyni zamanda qeyd edilib ki, solist qismində çıxış edən ifaçılarla yanaşı həm BMA-nın həm də ADMİU-nun tələbələri səhnədə çıxış edəcəklər.
Sonda BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva hər kəsi lirik tragedik operanın əsrarəngiz musiqisini dinləməyə dəvət edib.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !