AXİRƏTİMİ GÖZLƏYİRƏM... - - ƏLİBABA MƏMMƏDOV

“AXİRƏTİMİ GÖZLƏYİRƏM...” - ƏLİBABA MƏMMƏDOV

“Bu yaşda müalicənin təsiri olmur, insan qocaldığını qəbul etməlidir”

 

 

Muğam sənətinin ustadı, xanəndə, xalq artisti Əlibaba Məmmədov uzun müddətdir səhhətində olan narahatlıqla bağlı ev şəraitində müalicə alır. Xalq artistinin səhhəti ilə maraqlandıq. "Şərq”ə bu barədə danışan xanəndə qocalığından giley etdi.

 

- Əlibaba müəllim, hər vaxtınız xeyir. Səhhətiniz necədir, özünüzü necə hiss edirsiz?


- Şükür Allaha, qızım. Bu yaşda özümü necə hiss etməliyəmsə, elə hiss edirəm. Şükür, hələ ki yaşayırıq. Ağrılarım var. Bu da çox təbiidir. Yaş sözünü deyir. Bu ağrılar artıq səhhətlə bağlı deyil. Qocalığın ağrısını qəbul etmək lazımdı.


- Müalicə olunursuz?


- Qızım, daha müalicəlik yaşda deyiləm. Düzdü, bəzi dərmanları qəbul edirəm. Amma bu yaşda müalicənin təsiri olmur. Bilirsiz, insan qocaldığını qəbul etməlidir. Mənim də o yaşımdır ki, gördüyümü görmüşəm, yaşadığımı yaşamışam. İndi axirətimi gözləyirəm.


- Sizinlə maraqlanan, sizə baş çəkən varmı? Sənət adamları, tələbələriniz sizi axtarırlarmı?


- Şükür ki, mənə olan hörməti, diqqəti hər zaman hiss etmişəm. Maraqlanırlar, telefon açıb halımı soruşurlar. Sənətçilər, tələbələrim tez-tez maraqlanırlar. Heç kimdən gileyim yoxdu. Evə gəlməklərini özüm istəmirəm. Amma maraqlanırlar. Sağ olsunlar.


- Hazırda kiminlə yaşayırsız. Sizə qulluq edən varmı?


- Oğlum, gəlinimlə, nəvələrimlə birgə yaşayıram. Övlad baxımından heç vaxt narazılığım olmayıb. Allah prezidentimizin canını sağ etsin, mənə 3 otaqlı ev verib. Oğlum, nəvəm, gəlinimlə yaşayırıq. Mən də qoca kişiyəm. Balalarımın hamısının bağı var, amma getmirəm. Burada mənə rahatdır. Dünyada rahatlıqdan başqa gözəl bir şey yoxdur. Çox yaşlıyam, yeriyə bilmirəm, buna görə kiməsə əziyyət vermirəm. Nəvələrim yanımda. Bu yaşda insan daha nə istəyə bilər ki? Mən dövlətimdən də, yaxınlarımdan da, doğmalarımdan da razıyam. Bir qocalıqdan gileyim ola bilər. Ondan da gileylənmirəm.

 

Tahirə 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !