Azərbaycan beynəlxalq tədbirlər mərkəzinə çevrilib - - Rəşad CƏFƏRLİ (Azərbaycan)

Azərbaycan beynəlxalq tədbirlər mərkəzinə çevrilib - Rəşad CƏFƏRLİ (Azərbaycan)

 Ötən il ölkəmizdə 40-dan çox qlobal miqyaslı konfrans, sərgi, festival keçirilib

 

2017-ci il respublikamızın siyasi və sosial-iqtisadi həyatı üçün əlamətdar oldu. Həyata keçirilən düşünülmüş siyasətin nəticəsi olaraq ölkənin sosial-iqtisadi inkişafında yeni göstəricilər əldə edildi. Bu dövrdə iqtisadiyyatımızın artımı böhrandan əziyyət çəkən ayrı-ayrı dövlətlərin həsəd aparacağı nailiyyətdir. İl ərzində nəzərdə tutulan bütün iqtisadi və sosial proqramların da icrası davam etdirildi.

 

Uğurla reallaşan müstəqil siyasət

 

Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi il ərzində müşahidə olunan əsas amillərdəndir. Bu mənada 2017-ci il Azərbaycanın siyasi həyatı baxımından da əlamətdardır. Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasətin parlaq nəticələrindən biri ondan ibarətdir ki, Qərb ölkələri, bir sıra xarici siyasi dairələr, onların maraqlarına xidmət edən təşkilatlar tərəfindən aparılan qara piara, ölkəmizə qarayaxma cəhdlərinə baxmayaraq, Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkə olduğunu nümayiş etdirdi. Bəli, müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu var. Ölkə iqtidarının milli maraqlara əsaslanan siyasəti, iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, effektiv diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti məhz həyata keçirilən müstəqil siyasətimizdən qaynaqlanır.
Təsadüfi deyil ki, bu gün beynəlxalq aləmdə Azərbaycanın adı çəkiləndə göz önünə söz sahibi olan dövlət, inkişaf və yüksəliş gəlir. Ona görə bütün dövlətlər, siyasi və iqtisadi təşkilatlar, o cümlədən dünyada sülhü və bəşəri ideyaları tərənnüm edən, inkişafa dəstək verən beynəlxalq qurumlar ölkəmizlə əməkdaşlığa maraq göstərir. Son illər Azərbaycanın beynəlxalq tədbirlər mərkəzinə çevrilməsinin də əsas səbəblərindən biri ilk növbədə, ölkəmizin inkişafıdır. Bu inkişafın nəticəsidir ki, beynəlxalq səviyyədə respublikamızın mövqeləri əhəmiyyətli dərəcədə güclənib. Azərbaycan dünya birliyinin hörmət olunan, seçilən üzvünə çevrilib. Ölkəmizə qlobal miqyasda bəslənən etimad artıb ki, bunun da nəticəsində Azərbaycan beynəlxalq tədbirlər mərkəzinə çevrilib.
2012-ci ildə Bakıda keçirilən “Eurovision” mahnı yarışması, 2015-ci ildə keçirilən I Avropa Oyunları və bu il baş tutan IV İslam Həmrəyliyi Oyunları sıradan yarışlar deyildi. Bunlar bütün dünyanın izlədiyi, minlərlə iştirakçının qatıldığı kütləvi tədbirlər idi. Bu tədbirlərin hər biri dünyada mühüm hadisəyə çevrilməklə yanaşı, Azərbaycanın potensialını, böyük təşkilatçılıq işi tələb edən yarışları keçirmək bacarığını ortaya qoydu. Bütün dünya bu yarışlardan sonra Azərbaycanı nəinki daha yaxından tanıdı, həyata keçirdiyi ideal təşkilatçılıq fəaliyyətinə heyran oldu.

 

Azərbaycanı dünyaya tanıdan forum

 

2017-ci ildə də Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə evsahibliyi etdi. Belə tədbirlərdən biri ötən il martın 16-17-də keçirilən V Qlobal Bakı Forumudur. “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan forumda 56 ölkədən 300 nəfərədək nümayəndə, o cümlədən müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində mühüm rolu olan nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak etdilər.
Forumun nüfuzlu qonaqları arasında Latviya Prezidenti Raymonds Veyonis, Makedoniya Prezidenti Georgi İvanov, Albaniya Prezidenti Buyar Nişani, Monteneqro Prezidenti Filip Vuyanoviç, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal da var idi.
Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərinin təbliğində və ölkəmizə yeni dostlar qazandırmaqda, lobbi quruculuğunda əhəmiyyətli rola malikdir. Forum Azərbaycanı tanıtmaq, ölkəmizlə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün də çox mühüm və əlverişli platformadır.

 

Dünya platformasına çevrilən “Bakı prosesi”

 

May ayında Bakıda UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi.
Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakı prosesi” təşəbbüsü irəli sürülüb. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsi heç də təsadüfi deyil. Ölkəmizdə fərqli milli, dini mənsubiyyəti olan icmalar, müxtəlif millətlərin nümayəndələri tarix boyu qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə yaşamışlar və bu gün də yaşayırlar. Azərbaycanda mədəniyyətlərin dialoqu hər hansı süni ideologiyaya söykənmir. Bu, xalqımızın tarixən malik olduğu mehriban birgə yaşama mədəniyyətidir və milli dəyərlərimizdə önəmli rol oynayır. “Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülh və əməkdaşlığın qorunmasına xidmət edir.
Budəfəki forumda 120-dək ölkə rəsmisi, 50-dək beynəlxalq təşkilatın nümayəndəsi, 50-dən çox qeyri-hökumət təşkilatı iştirak edirdi. Ümumilikdə tədbirə təqribən 800-dən çox xarici nümayəndə qatılmışdı. Buraya yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament sədrləri, alimlər, səfirlər, tanınmış şəxslər, 30-dan çox nazir səviyyəsində iştirakçı daxil idi. Ölkəmizdə ilk dəfədir ki, 25-dən çox beynəlxalq təşkilat rəhbər səviyyəsində eyni tədbirdə iştirak edirdi.
Forum çərçivəsində 40-dək sessiya və tədbir keçirildi. İlk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Azərbaycanın təklifi ilə hökumət rəhbərləri və nazirlərin təmsil olunacağı Dünya Forumu Nazirlər Görüşü keçirildi. Həmçinin ilk dəfə “Bakı prosesi”nə yeni element kimi ekstremizmə qarşı mübarizədə parlamentlərin mədəniyyətlərarası dialoqunun roluna xüsusi yer verildi.
BMT Baş Assambleyasında dekabrın 11-də qəbul edilmiş “Sülh naminə dinlərarası və mədəniyyətlərarası dialoq, qarşılıqlı anlaşma və əməkdaşlığın təşviqi” adlı qətnamədə Bakıda iki ildən bir keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna istinad olunur və bu tədbir mədəniyyətlərarası dialoqun təşviqi üçün aparıcı qlobal platforma kimi təsvir edilir. BMT Baş katibi tərəfindən sentyabrın 19-da BMT Baş Assambleyasının 72-ci sessiyasına təqdim edilmiş “Sülh naminə sülh mədəniyyəti və dinlər və mədəniyyətlərarası dialoq, anlaşma və əməkdaşlığın təşviqi” adlı hesabatda da 2008-ci ildən etibarən həyata keçirilən “Bakı prosesi”nin mədəniyyətlərarası dialoqun təşviqi sahəsində öncül yer tutduğu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun isə bununla bağlı əsas qlobal platforma kimi özünü təsdiqlədiyi vurğulanmışdır.

 

Tarixə möhürünü vuran IV İslam Həmrəyliyi Oyunları

 

May ayında Azərbaycanda daha bir mötəbər tədbir - IV İslam Həmrəyliyi Oyunları keçirildi. IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar 2013-cü ilin iyulunda İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında qəbul edilmişdi. Bu qərar qəbul olunarkən Azərbaycanın müsəlman dünyasında yeri və mövqeyi, beynəlxalq tədbirlər keçirmək sarıdan potensialı, təcrübəsi, həmçinin ölkəmizdəki sabitlik nəzərə alınmışdı. 2015-ci il sentyabrın 18-də isə Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə sərəncam imzaladı. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi tərəfindən Oyunlarla bağlı geniş hazırlıq işləri görüldü. Bakının 16 idman arenasının hər biri yarışlara yüksək səviyyədə hazırlandı və digər zəruri təşkilati tədbirlər həyata keçirildi.
Oyunlarda 54 ölkədən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak etdi. Bu rəqəmlər özlüyündə bir rekord idi. Çünki bu vaxtadək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmamışdı. Oyunları 50-dən artıq ölkədə 1 milyarddan çox tamaşaçı izlədi. Yarışları işıqlandırmaq üçün 1000-dən çox media nümayəndəsi akkreditasiyadan keçmişdi.
İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə apardılar. Qaliblərə ümumilikdə 1600 medal təqdim edildi. Azərbaycanı Oyunlarda 425 idmançı təmsil etdi və ölkəmiz 75 qızıl medalla birinci oldu. İdman arenalarında Azərbaycanın Dövlət himni 75 dəfə səsləndi, dövlət bayrağı 162 dəfə qaldırıldı.
Azərbaycanın tək uğuru yox, həm də möhtəşəm qələbəsi olan növbəti hadisə isə IV İslam Həmrəyliyi Oyunları oldu. Respublikamızda ilk dəfə keçirilən bu idman müsabiqəsinin layiqincə təşkil edilməsi Azərbaycanın tarixini daha bir möhtəşəm nailiyyətlə zənginləşdirdi. Bir daha sübut olundu ki, iradə, qətiyyət olan yerdə hər şey mümkündür.

 

Gözəllik, sürət və həyəcan…

 

İdman ölkəsinə çevrilən Azərbaycanda son onillikdə onlarla dünya və Avropa miqyaslı yarış keçirilib. Beynəlxalq idman federasiyalarının qərarları ilə ölkəmizdə təşkil olunan hər bir turniri, idman müsabiqəsini layiqincə təşkil edən ölkəmiz hər dəfə tarixini möhtəşəm nailiyyətlə zənginləşdirib. Respublikamız təkcə yüksək evsahibliyi nümunəsi ortaya qoymayıb, həm də sübut olunub ki, iradə, qətiyyət olan yerdə hər şey mümkündür.
Ötən il IV İslam Həmrəyliyi Oyunlarından sonra Azərbaycan növbəti beynəlxalq idman hadisəsinə evsahibliyi etdi. İyunun 23-25-də Bakıda növbəti dəfə dünyanın ən populyar idman tədbirlərindən biri olan “Formula-1” yarışları keçirildi.
“Formula-1”in Azərbaycan Qran Prisi 2016-cı ildə olduğu kimi, 2017-cı il mövsümünün də ən maraqlı tədbirlərindən oldu. Həftənin sonuna düşən yarış günlərində peşəkar avtopilotların idarə etdiyi bolidlər Bakının gözoxşayan mərkəzi küçələrindən şütüdülər. Qeyd edək ki, unikal xüsusiyyətlərə malik Bakı Şəhər Halqası İçərişəhərin qala divarları ətrafında enişli-yoxuşlu dar keçidləri, sahilboyu müasir göydələnləri, Xəzər dənizinə möcüzəvi mənzərənin açıldığı geniş sürət zolağını özündə birləşdirən və bütövlükdə Bakının ecazkar simasını, keçmişi ilə bugününü canlandıran unikal bir trekdir. Ona görə bu yarışda da bütün dünya bir daha paytaxtımızın gözəlliyini gördü. Beləliklə, Bakının düz mərkəzində gözəllik, sürət və həyəcan bir araya gələrək “Formula-1” yarışının mahiyyətini tam simvolizə etdi.

 

Avrasiya Skaut Regionunda keçirilən ilk irimiqyaslı tədbirlər

 

Ötən il avqustun 7-10-da Qəbələ şəhərində 13-cü Dünya Skaut Gənclər Forumu keçirildi. Forumun iştirakçıları gənc liderlik, fəal vətəndaşlıq mövqeyi, skautinqin dünyada baş verən qlobal dəyişikliklərə təsirinə dair mövzular ətrafında müzakirələr, eləcə də tədbirin bütün iştirakçıları arasında gənclər proqramlarının həyata keçirilməsi sahəsində təcrübə mübadiləsi apardılar.
Avqustun 14-18-də isə Bakıda 41-ci Dünya Skaut Konfransı keçirilib. Dünyanın 157 ölkəsindən ümumilikdə 1500-dən çox skautun qatıldığı tədbirdə Dünya Skaut Hərəkatı Təşkilatı üzvlərinin nümayəndələri, müxtəlif ölkələrdən yüksək vəzifəli rəsmilər iştirak ediblər. Konfransda müzakirə olunan əsas mövzular skaut təşkilatlarının gələcək inkişafı, strategiya və fəaliyyətlərinin yaradılması, eləcə də təşkilatın rəhbər orqanlarına sədrin və üzvlərin seçilməsindən ibarət olub.
Azərbaycan 2013-cü ilin fevralında DSHT-nin əsas tədbirləri olan və üç ildə bir dəfə keçirilən Dünya Skaut Konfransı və Dünya Skaut Gənclər Forumuna evsahibliyi edəcək tərəf kimi namizədliyini irəli sürüb. Seçim nəticəsində qalib ölkə elan olunmuş Azərbaycan növbəti dəfə dünya miqyasında əhəmiyyətli beynəlxalq tədbirlərə evsahibliyi edən ölkəyə çevrilib.
13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransı miqyasına görə Avrasiya Skaut Regionunda keçirilən ilk irimiqyaslı və müsəlman ölkələri arasında ikinci ən böyük tədbirlər oldu.

 

İdman forum və iclaslarının keçirilməsi üçün əlverişli ünvan

 

İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir idman kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz son illər mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana, dünyanın idman mərkəzlərindən birinə çevrilib. Xüsusən son onillikdə Bakıda və Azərbaycanın regionlarında ən nüfuzlu dünya və Avropa yarışları təşkil olunub. Bununla yanaşı, Bakı idman forumlarının, iclaslarının da keçirilməsi üçün ən əlverişli ünvandır.
Sentyabrın 29-30-da Bakıda MDB və Baltikyanı ölkələrin, Gürcüstanın Milli Olimpiya komitələrinin forumu keçirilib. Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya həmrəyliyi” proqramı çərçivəsində keçirilən tədbirə 15 ölkənin Milli Olimpiya komitələrini təmsil edən 50-yə yaxın nümayəndə qatılıb. Forumda birgə fəaliyyət, tibbi təminat məsələləri, habelə idman bazalarının və mərkəzlərinin istifadəsi və təlim-məşq proseslərinin təşkilində qarşılıqlı fəaliyyət, beynəlxalq idman qurumları çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Həmin günlərdə Bakıda bu forumla paralel olaraq Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin iclası da keçirildi. İclasda AOK-un icraçı prezidenti Janez Koçijançiç, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, Avropa Gimnastika İttifaqının prezidenti Georges Guelzec, Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç, Ədalətli Oyunlar Komitəsinin prezidenti Jeno Kamuti, AOK-un baş katibi Raffaele Paqnozzi və bir sıra ölkələrin Milli Olimpiya komitələrinin rəhbərləri iştirak ediblər.
22 sentyabr-1 oktyabr tarixlərində Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi keçirilib. Qeyd edək ki, 2017-ci ildə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin üç qrupunun oyunlarının, o cümlədən yarımfinal və final oyunlarının 22 sentyabr-1 oktyabr tarixlərində Azərbaycanda, bir qrupun oyunlarının isə Gürcüstanda keçirilməsi haqqında qərar Avropa Voleybol Konfederasiyasının 2016-cı ilin sentyabrında keçirilmiş yığıncağında qəbul olunmuşdu. Bakıda keçirilən yarışlarda Azərbaycan, Rusiya, Almaniya, Belçika, Bolqarıstan, Çexiya, Hollandiya, Macarıstan, Polşa, Serbiya, Türkiyə və Ukrayna komandaları iştirak ediblər.

 

“Asiyanın Qəlbi - İstanbul Prosesi”

 

Dekabrın 1-də Bakıda “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci Nazirlər Konfransı keçirilib. “Asiyanın Qəlbi - İstanbul Prosesi” çoxtərəfli əməkdaşlıq və dialoq formatı kimi Türkiyənin təşəbbüsü ilə 2011-ci ilin 2 noyabr tarixində İstanbul şəhərində keçirilmiş Nazirlər Konfransında yaradılıb. Prosesin əsas məqsədi mərkəzində Əfqanıstan yerləşən regionda sülh, sabitlik və inkişafın təmin edilməsinə töhfə verməkdir. Prosesdə Azərbaycan da daxil olmaqla 14 dövlət tamhüquqlu üzv, 17 dövlət və 12 beynəlxalq təşkilat isə dəstəkçi qismində iştirak edir.
Azərbaycan Respublikasının beynəlxalq nüfuzu və malik olduğu imkanlar nəzərə alınaraq 2012-ci ildə ölkəmiz bu prosesə dəvət edilib. Azərbaycan tərəfi regionda sülh, sabitlik və əmin-amanlığın təmin olunmasına dair maraqlarından çıxış edərək və Əfqanıstan ilə malik olduğu yaxın siyasi və iqtisadi əlaqələri nəzərə alaraq prosesə qoşulub. İstanbul prosesinin daimi həmsədri Əfqanıstandır. Bununla yanaşı, prosesin illik əsasda dəyişən həmsədri vardır. Azərbaycan Respublikasının proses çərçivəsində fəal rolu və regionda inkişaf və sabitliyə verdiyi töhfələr nəzərə alınaraq 2016-cı il dekabrın 4-də Hindistanın Amritsar şəhərində keçirilmiş “Asiyanın Qəlbi - İstanbul Prosesi”nin 6-cı Nazirlər Konfransında prosesə 2017-ci il üzrə həmsədrlik etmək Azərbaycan Respublikasına həvalə edilib.

 

İslam həmrəyliyinə töhfə

 

2017-ci ili Azərbaycanda “İslam həmrəyliyi ili” elan etməklə Prezident İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə istinadən dilindən, dinindən asılı olmayaraq dünyamızı ümumbəşəri önəm kəsb edən sülh və ədalət ideyalarının ətrafında cəm olmağa çağırdı. İl ərzində Azərbaycanda islam həmrəyliyinə həsr olunmuş tədbirlər həyata keçirildi. Hər bir tədbir ölkəmizin bu sahədə təşəbbüslərinin bütün İslam aləmi tərəfindən dəstəkləndiyini göstərdi.
Dekabrın 21-də Bakıda, Heydər Əliyev Mərkəzində “2017 - İslam həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans bunu bir daha əyani təsdiq etdi. Konfransda çıxışında Prezident İlham Əliyev bir daha islam həmrəyliyinin Azərbaycan üçün prioritet olduğunu bəyan etdi.
Beynəlxalq konfransda 40-a yaxın ölkədən 150-dək nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumətin və parlamentin üzvləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak edirdilər. Bu, Azərbaycanın təşəbbüsünə beynəlxalq səviyyədə göstərilən maraq və dəstəyin bariz nümunəsidir.
Azərbaycandakı dini maarifçilik və məzhəblərarası səmərəli əməkdaşlıq və etimad mühiti İslam ölkələrinin həmrəyliyi üçün uğurlu nümunədir. Azərbaycan öz nüfuzundan və təcrübəsindən irəli gələrək müsəlman ölkələri arasında da birləşdirici və barışdırıcı rol oynamağa qadirdir. Reallıq da göstərir ki, Azərbaycanın təşəbbüsləri dünyada islam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində əməli addımların atılmasına, o cümlədən müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verir. Ən əsası, Azərbaycan İslam dünyasında sülhün və əmin-amanlığın təmin olunmasında və möhkəmlənməsində mühüm rol oynayır. Elə tək bu il ərzində İslam Həmrəyliyi Oyunlarına, müsəlman aləmində münasibətlərin genişləndirilməsinə həsr olunan beynəlxalq konfranslara evsahibliyi edən, xaricdə bu yönümdə tədbirlər hazırlayan Azərbaycan birlik və əməkdaşlıq çağırışlarının real fəaliyyət müstəvisini formalaşdırdı.
Təbii ki, ölkəmiz qarşısına qoyduğu məqsədləri bu illə yekunlaşdırmayacaq və növbəti dövrdə də bu xətt davam etdiriləcək. Bu gün Azərbaycanın gücü, nüfuzu və imkanları, o cümlədən mövcud potensialı və beynəlxalq ictimaiyyətin ona olan etimadı islam həmrəyliyinə nail olunması kimi mühüm missiyanı üzərinə götürməyə imkan verir. Əminik ki, ölkəmiz bu missiyanı da layiqincə həyata keçirəcək, görüləcək işlər İslam dünyasının həmrəyliyinə böyük töhfələr verəcək.

 

Çoxsaylı festivallar, sərgilər

 

İl ərzində Bakıda çoxsaylı beynəlxalq mədəniyyət tədbirləri də təşkil olunub. Belə ki, Azərbaycan paytaxtında mart ayında R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Birinci Beynəlxalq İncəsənət Festivalı, Azərbaycan Dövlət Filarmoniyasında Beynəlxalq Milli Rəqs və Musiqi Festivalı, apreldə Azərbaycan Dövlət Filarmoniyasında IX Beynəlxalq Mstislav Rostropoviç Festivalı, may ayında Birinci Gəncə Beynəlxalq Musiqi Festivalı, iyunda Şəkidə “İpək yolu”
VIII Beynəlxalq Musiqi Festivalı, iyulun sonu, avqustun əvvəllərində Qəbələdə IX Beynəlxalq Musiqi Festivalı, avqustda Qəbələ şəhərində V Beynəlxalq Mürəbbə Festivalı, sentyabrda Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı, oktyabrda Bakı Beynəlxalq Caz Festivalı, Avropa Tolerantlıq Festivalı, V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu, III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi, dekabrda “Silk Road” incəsənət və musiqi festivalı keçirilib.
İl ərzində ölkəmizdə XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (AITF-2017) sərgisi, VII Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic 2017” sərgisi, XVI Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica 2017” sərgisi, “WorldFood Azerbaijan 2017” sərgisi, XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2017” sərgisi, XXIV Beynəlxalq Xəzər Neft və Qaz sərgisi, VII Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji “Caspian Power 2017” sərgisi, 11-ci Qafqaz Beynəlxalq Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar “HOREX Caucasus 2017” sərgisi, V Regional İnternet İdarəçilik Forumu, XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2017”) sərgi və konfransı, Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi, Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2017” sərgisi, “WorldBuild Baku 2017” sərgisi, XI Azərbaycan beynəlxalq təhsil (“Education 2017”) sərgisi, V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası, 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2017” sərgisi, “Caspian Ind Expo” beynəlxalq sənaye sərgisi keçirilib.
Ötən il ərzində Azərbaycanda həyatın müxtəlif sahələrini əhatə edən 40-dan çox beynəlxalq tədbir keçirildi. Nüfuzlu tədbirlərə evsahibliyi edən Azərbaycan həm də dünyanın diplomatik mərkəzi kimi statusunu möhkəmləndirdi. Belə ki, geridə qoyduğumuz ildə Rusiya və ABŞ silahlı qüvvələrinin Baş qərargah rəislərinin, eləcə də NATO-nun hərbi komitəsinin rəhbərinin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşünün keçirilməsi üçün Bakının seçilməsi bunun daha bir nümunəsidir. Bütün bunlar göstərir ki, Azərbaycanın yüksəlişi, müstəqil xarici siyasəti, ölkədə mövcud olan sabitlik və təhlükəsizlik onu istənilən beynəlxalq tədbirin və yüksəksəviyyəli görüşlərin keçirilməsi üçün ideal məkana çevirib.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !