Ağdamdan çıxmağı qəbul etmədi, - geri dönüb şəhərə girməyə çalışdı...

“Ağdamdan çıxmağı qəbul etmədi, geri dönüb şəhərə girməyə çalışdı...”

Görüşdük...Müsahibə vermək istəmədi... Dedi ki, mən gerçəkləri demək istəyirəm... Amma indi desəm, qiyamət qopar...

 

...Ağdamın işğalı zamanı qərargah rəisi kimi ən gərgin döyüşlərdən salamat çıxmış polkovnik Rahim Əliyevin şəhidliyi 20 Yanvar – Ümumxalq Hüzn gününə qismət imiş...

 

...Dünən –Yanvarın 20-də işğalçı erməni hərbi birləşmələri ilə təmas xəttində xidməti vəzifəsinin icrası zamanı qəhrəmancasına həlak olmuş polkovnik Rahim Əliyevi bircə dəfə - təxminən 4 il öncə - 2014-cü ilin iyulunda Ağdamın 21-ci qara “yubiley”i ərəfəsində görmüşdüm. Elə o bircə görüşlə də qəlbimdə səmimi insan, əsl döyüşçü, zabit kimi böyük təəssürat oyatmışdı, özünə məxsus yer tapmışdı...
Ağdamın işğalıyla bağlı “Həftə içi” qəzetindəki “7 oğul istərəm...” rubrikam üçün geniş yazı hazırlayırdım... Ağdam döyüşlərində fəal iştirak etmiş, son imkanadək şəhəri müdafiə etməyə çalışmış 7 müsahib tapmalı idim... Müsahiblərimdən biri - Milli Qəhrəman Fred Asifin(Asif Məhərrəmov) qardaşı Ədalət Məhərrəmov görüşməyimi məsləhət gördüyü keçmiş döyüşçülər arasında rəhmətlik Rahim bəy də vardı. O zaman hələ ön cəbhədə xidmət etmirdi Rahim Əliyev... Mobil telefonuna zəng etdim. Hüseyn Cavidin heykəli qarşısında görüşdük. İlk suallarımdan onun əsl hərbçi kimi davrandığını, bəziləri kimi ağzını boş qoyub danışmadığını hiss etdim... Cavid bağında, Elmlər Akademiyası ətrafında xeyli gəzinib söhbət etdik... Ağdamın, digər bölgələrin işğalıyla bağlı bəzi məqamları üstüörtülü danışdı. Amma müsahibə verməyə razı olmadı Rahim bəy... Dedi ki, əvvəla, nə etmişik, nə də danışaq. Ağdamı, Şuşanı, Kəlbəcəri, Laçını qoruya bilmədik... İkincisi də mən gerçəkləri demək istəyirəm, amma bu gün hələ onları demək mümkün deyil... Desəm, qiyamət qopar... Amma hey deyirdi ki, Bakıda darıxıram, cəbhə xəttinə yollanmaq istəyirəm...

 

 

 

“Elmlər Akademiyası” metro-stansiyası qarşısında ayrıldıq... Sözləşdik, vaxt olanda, yenə görüşüb dərdləşək... Çox sadə insan idi... Dedim, maşınla gəlmisiz, dedi ki, yox, piyada. Elə piyadaca “Lider” telekanalı yaxınlığındakı evlərinə yollandı... Təəssüf ki, sonra görüşməyimiz qismət olmadı... Bu gün səhər tezdən onun şəhidlik xəbərini alanda çox təəssüf hissi keçirdim, çox... Rahim bəylə bu 4 il ərzində zəngləşib görüşməməyimə görə...

 

Rahim Əliyev özü haqqında danışmasa da, əfsanəvi komandir Fred Asifin rəhbəri olduğu taborun komandir müavini olmuş Elxan Məmmədov elə həmin vaxt Ağdamın işğalı ilə bağlı bizə verdiyi müsahibəsində Rahim bəyin Ağdamın müdafiəsi üçün göstərdiyi fədakarlıqlardan, şəhərin işğalı vaxtı şəhəri tərk etmək istəməməsindən bəhs etmişdi:

 

“...Bizim tabor (batalyon) 1993-cü il iyulun 22-dək Şelli ətrafındakı mövqelərdə dayanırdı. Ermənilər dəfələrlə bizə hücum etsələr də, cəsarətli əsgərlərimizin son damla qanınadək döyüşməsi nəticəsində bu hücumların qarşısı alınırdı. Əslində əsl qəhrəmanlar biz yox, o əsgərlər idi. Onlar haqqında saatlarla danışmaq olar: Əkrəm, Cavad və s. adlarını unutduğum şəhid və qazilər... Yeddixırman yüksəkliyinin geri alınmasında xeyli itkimiz oldu. Batalyonun qərargah rəisi Rahim Əliyevin, rota komandiri Ədalət Məhərrəmovun döyüşlərin təşkilində və aparılmasında böyük xidmətləri olmuşdu. Digər zabitlərdən Mübariz Ağayev, Mübariz Paşayev, Mitəd Əsədov və s. kifayət qədər fəallıq göstərirdilər. Bütün cəhdlərimizə rəğmən iyulun 22-dəki hücum daha güclü və genişmiqyaslı oldu. Bizim gücümüz isə tükənmişdi. Odur ki, geri çəkiləsi olduq. 22-si gecə artıq Muradbəylidəki qərargahımız ətrafında əlbəyaxa döyüşlər gedirdi. O vaxt televiziya da xəbər vermişdi ki, Fred Asifin taboru Ağdamda qanlı küçə döyüşləri aparır...

 

 

 

23-ü şəhəri tərk etməli olduq... Çox dəhşətli gün idi... Xındırıstana gələrək orada yerləşdikdən sonra şəxsi heyəti nəzərdən keçirəndə məlum oldu ki, qərargah rəisi Rahim Əliyev yoxdur. Bir də xəbər gəldi ki, o, Ağdamdan çıxmağı qəbul etməyərək 5-10 nəfər əsgərlə şəhərə girmək üçün geri qayıdıb... Sonra onu çətinliklə tapıb geri qaytardıq...”

 

 

 

Polkovnik Rahim Əliyev, bu dünyadakı son addımlarını da işğal altındakı torpaqlara, o cümlədən Ağdama doğru atarkən şəhid oldu...

 

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

 

 

Sultan Laçın 

moderator.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !