ESAMBAYEVİN XATİRƏSİNƏ… - - Kərim Kərimli

ESAMBAYEVİN XATİRƏSİNƏ… - Kərim Kərimli

7 yanvar çeçen balet artisti, 1974-cü idən SSRİ Xalq artisti, incəsənət aləmində “rəqs şairi” adlandırılan Mahmud Əlisoltanoviç Esambayevin xatirə günü idi. 
Onun bir ulduz kimi parlamasında məşhur azərbaycanlı rəqqasə Əminə Dilbazinin xüsusi rolu olub.
Fb dostlarıma xatırlatmaq istədim:
“ – Qoca Qafqazın dünya şöhrətli rəqqaslarından biri də məşhur Mahmud Esambayevdir. Bilənlər danışır ki, onun da bir ulduz kimi parlamasında Əminə Dilbazinin müstəsna xidməti olub. Bu belədirmi?
– Elədir. Amma mənim bu barədə danışmağım bir az qeyri-təvazökarlıq olar.
– Əminə xanım, bunu gənc azərbaycanlılara daha başqa kim danışacaq ki... M.Esambayev özü artıq həyatda yoxdur. SSRİ-də olanlar da qaldı keçmişdə. Bizcə bunu indi Sizdən eşitmək həm maraqlı, həm də gənclərimizin bilməsi üçün faydalı olardı.
– Esambayevin həyatından bəhs edən məşhur “Mən rəqs edəcəyəm” (“Əmək və qızılgül”) filmində mən onunla birlikdə “Naz eləmə” oynamışam. Məni Qrozmya, evinə qonaq dəvət etmişdi. Getdim. Orada mənə dedi ki, istəyirəm filmdə birlikdə rəqs edək. Razılıq verdim. Sonra o, Bakıya gəldi. Burada “Yaşıl teatr”da “Naz eləmə”ni oynadıq. O hissə də, filmin başqa bir neçə hissəsi də Bakıda çəkilib.
Mənim ona köməyim isə ondan ibarət olub ki, mən onu sadəcə kəşf edib, üzə çıxmasına kömək etmişəm…
...1957-ci il idi. Moskvada tələbələrin və gənclərin Beynəlxalq festivalı keçirilirdi...                          ...Gözəl günlərin birində səhnədə dizlərindən əyilmiş heykəl kimi insan fiquru gördüm. Hind rəqsi oynayan bu gənc sonralar bütün dünyada məşhur olan Mahmud Esambayev idi. Mahmudun rəqsinə heyran oldum. Mən onu gördüm. Mən gördüm ki, o, gələcəyin əfsanəsidir. Mən gördüm ki, yeni bir ulduz parlayacaq. Heç fikirləşmədən ona yüksək bal verdim. Ən yüksək bal – 25 bal yazdım. Sonda məlum oldu ki, Mahmuda yalnız mən yüksək bal vermişəm.
Moskvalıların üzündə bu sevinci görmədim. Mənə o an bəlli oldu ki, onlar bu istedadlı gənci müsabiqədən kənarlaşdıracaqlar. Mən isə artıq onu beynəlxalq müsabiqə səhnəsində görürdüm və mənə elə gəlirdi ki, bütün bizim sovetlər ölkəsi onunla fəxr edir. Tur qurtarandan sonra bütün paketləri təhvil verdilər ki, qərargaha göndərilsin. Mən fikirləşmədən qərargaha yollandım. Orada müsabiqədə M.Esambayevə olan münasibəti danışdım və xahiş etdim ki, konvertləri açıb, balları yoxlasınlar. Esambayevin taleyi üçün mənim belə narahatlığımı görüb dedilər ki, yəqin onun baletmeysteriyəm. Cavab verdim: təəssüf ki, yox, heç bilmirəm onun rəqs quruluşu verəni və baletmeysteri kimdir. Zərfləri açanda gördük ki, onun rəqsi 5,10,15 balla qiymətləndirilib. Belə qiymətlərlə o ikinci tura keçməli idi... Vaxt itirmədən SSRİ Mədəniyyət Nazirinin adına Çeçenistandan gəlmiş istedadlı rəqqas M.Esambayevə qarşı ədalətsiz münasibət bəslənildiyini yazdım və göstərdim ki, belə rəqqas beynəlxalq müsabiqəyə düşməli və bizim vətənimizi orada təmsil etməlidir. Bu boyda da fərq olar? Kəskin etiraz edərək, deyirdim ki, biz buraya milli ayrı-seçkilik qoymağa gəlməmişik. İstedadı niyə milliyyətinə görə müəyyənləşdirirsiniz? Qiymətləndirmədə bu boyda da fərq ola bilərmi? Ya mən heç nə başa düşmürəm, ya bunlar heç nə bilmirlər, ya da qəsdən belə bal verirlər. Bizim bura gəlməkdə bir məqsədimiz var. Sovet ölkəsində istedadlı rəqqasları meydana çıxardaq və onları təqdim edək. Bizi xaricdə təmsil etsinlər. Əgər bu istedadları basdıracaqlarsa, mən belə heyətdə qala bilmərəm.
Məktubda xahiş edirdim ki, məsələyə tez qarışsınlar və ədalətsizliyə yol verməsinlər. Sonda göstərirdim ki, ədalətsizliyə yol verilərsə, mənim jürinin tərkibindən çıxarılmağımı xahiş edirəm.
İndi də həmin naziri böyük hörmət hissi ilə xatırlayıram. Həmin andaca nümayəndə göndərilmişdi ki, qiymətə baxılsın və ədalət bərpa olunsun. Jürinin heç bir üzvü bilmədi ki, bütün bunların hamısını mən etmişəm.
Nəhayət ən həlledici an da gəlib çatdı. Üçüncü tur vuruşla başladı. Ən başlıcası, bu mərhələdə jüri üzvləri öz kollektivinə səs verə bilməzdi. Azərbaycan bu müsabiqədə qızıl medal aldı. Kişi üçlüyü – qızıl, solistlərin biri gümüş, o biri bürünc medala layiq görüldü.
Axır ki, ruslar Esenbayevə də gümüş medal verdirdilər. Amma, nə olsun ki, o, beynəlxalq müsabiqənin qızıl medalını qazana bildi.
Sonrasını da hamı bilir. Mahmud parladı və dünya şöhrəti qazandı...”
(Kərim Kərimlinin “Azərbaycan rəqs sənətinin şah əsəri – Əminə Dilbazi” kitabından.) 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !