Üzeyirşünas Səadət Qarabağlı 60 illik yubileyini qeyd edir -

Üzeyirşünas Səadət Qarabağlı 60 illik yubileyini qeyd edir

Dekabrın 30-da Akademik Milli Dram Teatrının Musiqi hissə müdiri,
Üzeyirbəyşünas, musiqişünas, publisist, Azərbaycan Jurnalistlər
Birliyinin üzvü Səadət Qarabağlının 60 yaşı tamam olub. Yubiley yaşını
qeyd edən Səadət Qarabağlı 1957-ci ildə Şərurda anadan olub. Musiqi
Texnikumunun fortepiano fakültəsini (fərqlənmə diplomu ilə) və
Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

 

1979-cu ilin sentyabr ayından Üzeyir Hacıbəyovun ev-muzeyində fonoteka
müdiri kimi əmək fəaliyyətinə başlayıb, sonra orada ekskursovod, kiçik
elmi işçi, böyük elmi işçi, ekskursiya və kütləvi işlər şöbəsinin
müdiri, elmi katib və muzeyin direktoru vəzifələrində işləyib. GünAz
TV-də “Azərbaycan musiqi mədəniyyəti tarixi” proqramının müəllifi və
aparıcısı olub. Hazırda Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrında Musiqi hissə müdiri vəzifəsində çalışır.

 

Jurnalistlik fəaliyyətinə 1978-ci ildən başlayıb. Üzeyirbəyşünas kimi
isə ilk məqaləsi 1980-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc
edilib. Bundan sonra Respublikanın Mərkəzi Dövrü Mətbuatında Üzeyir
bəy Hacıbəylinin həyatı, yaradıcılığı və s. mövzularda müntəzəm olaraq
800-dən artıq yazıları dərc olunub, televiziya və radio kanallarında
çıxışlar edib. Ölkəmizdə, eləcə də xaricdə keçirilən konfranslarda
Üzeyir bəy Hacıbəylinin həyat və fəaliyyəti ilə bağlı məruzə və
çıxışları maraqla qarşılanıb. Dahi bəstəkarın yaradıcılıq irsinin
nəşrində və təbliğində xidmətləri böyükdür. 1996-cı ildə “Azərbaycan”
nəşriyyatında çap olunmuş “Üzeyir Hacıbəyov” ensiklopediyasının
müəlliflərindən biridir. Üzeyir bəy Hacıbəyovun “Arazbarı” (redaktoru
İsmayıl Hacıbəyov) simfonik əsərini, “Aşıqsayağı” (redaktoru -
İsmayıl Hacıbəyov) triosunu nəşr etdirib.

 

Ailəlidir. Bir oğlu, bir qızı və iki nəvəsi var.

 

ƏSƏRLƏRİ:

 

1 .Səadət Qarabağlı. “Üzeyir Hacıbəyovun publisistikasında musiqi
məsələləri”, Bakı, “Bayatı” nəşriyyatı, 1997-ci il, 80 səh. 1100
tiraj.

 

2. “Şöhrət tacı ”, Venets lyubvi” (Tərtibçilər: Ramazan Xəlilov və
Səadət Qarabağlı), (redaktoru - Vladimir Qafarov), Bakı, “Kitab”
cəmiyyəti, 1998-ci il, 128 səh. 500 tiraj.

 

3. Səadət Qarabağlı. “Üzeyir bəy Hacıbəyovun publisistikasında musiqi
məsələləri”, 2-ci nəşri, Bakı, “Pedaqogika” nəşriyyatı, 2004-cü il, 80
səh. 500 tiraj.

 

4. “Üzeyirbaycan” (dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyliyə
həsr olunmuş şeirlər və poemalar toplusu).Tərtibçi və ön sözün
müəllifi Səadət Qarabağlı, Bakı, ”Vektor” Nəşrlər Evi, 2006-cı il, 290
səh. 300 tiraj.

 

5. Üzeyir bəy Hacıbəyov. “Aşıqsayağı” (skripka, violonçel və
fortepiano üçün trio). Tərtibçi və ön sözün müəllifi Səadət Qarabağlı
(Azərbaycan və ingilis dillərində), Bakı, “Vektor” Nəşrlər Evi,
2006-cı il, 24 səh. 300 tiraj.

 

6. Üzeyir bəy Hacıbəyov. “Arazbarı” ( partitura). Tərtibçi və ön sözün
müəllifi Səadət Qarabağlı (Azərbaycan və ingilis dillərində), Bakı,
“Vektor” Nəşrlər Evi, 2006-cı il, 30 səh. 300 tiraj.

 

7. “Ustadı xatırlarkən”. SD (Disk). Tərtib edən və hazırlayanlar:
Səadət Qarabağlı və Gülbəniz Hüseynova. Burada bəstəkarlardan Ədilə
Hüseynzadənin, Cövdət Hacıyevin, Hökümə Nəcəfovanın, Ağabacı
Rzayevanın bacısı, Üzeyir bəydən dərs almış Ruqiyyə Rzayevanın və
rəqqasə Əminə Dilbazinin Üzeyir bəy Hacıbəyli haqqında xatirələri
toplanmışdır. Birinci buraxılış. “Vektor” Beynəlxalq Elm Mərkəzi, Bakı
– 2006-cı il.

 

8. Üzeyir bəy Hacıbəyov və “Molla Nəsrəddin” Tərtibçilər: Tahir
Aydınoğlu və Səadət Qarabağlı, Bakı, Adiloğlu” nəşriyyatı, 2007-ci il,
88 səh. 300 tiraj.

 

9 .”Ustadı xatırlarkən ”. SD (Disk). Tərtib edən və hazırlayanlar:
Səadət Qarabağlı və Gülbəniz Hüseynova. Burada Üzeyir bəyin
tələbələrindən Ədilə Hüseynzadə, Cövdət Hacıyev, Şəfiqə Axundova, Hacı
Xanməmmədov, Hökümə Nəcəfova, Məmməd Cavadov, Ağabacı Rzayevanın
bacısı Ruqiyyə Rzayeva və rəqqasə Əminə Dilbazinin dahi bəstəkar
haqqında xatirələri toplanmışdır. İkinci buraxılış, “İlkin protection
”, Bakı – 2008 - ci il.

 

10. “Barı Naxçıvanın 100 yaşlı bəstəkarı”. Tərtibçi və ön sözün
müəllifi Səadət Qarabağlı. Bakı, “Apostroff” nəşriyyatı, 2012-ci il,
175 səh. 300 tiraj.

 

Mükafatları:

 

Səadət Qarabağlı mart 1985-ci ildə SSRİ Mədəniyyət Nazirliyinin “Kəndə
mədəni hamilik əlaçısı” döş nişanı ilə təltif edilmiş, 18 may 1995,
13 aprel 1998 və 20 noyabr 2000 – ci illərdə Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin təşəkkür məktubları və pul mükafatlarını
almışdır.

 

Səadət Qarabağlı 20 noyabr 2000-ci ildə “Üzeyir Hacıbəyovun
publisistikasında musiqi məsələləri” kitabına görə Kütləvi
İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının “Nurlu qələm
ustası” fəxri mükafatına, 2001-ci ildə isə Azərbaycan-Finlandiya və
digər ölkələr arasında mədəni və iqtisadi əlaqələrin möhkəmlənməsində
göstərdiyi xidmətlərə görə Azərbaycan – Finlandiya Assosiasiyasının
“Gümüş Arzu ” mükafatına layiq görülmüşdür. 2008-ci ildə Azərbaycan
Yazıçı Qadınlar Cəmiyyətinin “Tuti - Bikə ” mükafatını almışdır.

 

“Üzeyirbaycan” kitabı 2006-cı ildə “Vektor Beynəlxalq Elm Mərkəzinin
“İlin kitabı” Beynəlxalq Mükafatına layiq görülmüşdür.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !