Zəncir vuran uşaq - - Nardarandakı

Zəncir vuran uşaq - Nardarandakı

 

Dini mərasimlər həmişə məndə vahiməli hisslər oyadıb. Aşura mərasimi də o cümlədən.

 

Cümə axşamı fotoqraf dostlarımızla birlikdə səhər 8.30-da görüşüb getdik Nardarana.

 

Bilmirəm nədəndir amma hər dəfə Nardaranda olanda nəsə yeni bir hadisə olacağını gözləyirəm. Ona görə ki, Nardaran yeganə Bakı kəndidir ki, insanlar dini mərasimə könüllü gəlir və heç kim onlara müdaxilə etmir.

 

Nardarana çatmağımı səbrsizliklə gözləyirdim. Sıxılmayaq deyə dostlarımızla birlikdə müxtəlif zarafatlar edirdik.

 

Kəndə çatanda, artıq polis maşınları kəndə girişi məhdudlaşdırmışdılar. Deyilənə görə gələnlərin sayı çox olduğundan polis tədbirli davranmalı olub.

 

Nə isə, kəndin girişindən aşura keçirilən yerə kimi piyada getməli olduq. Təxminən 800 metr. Kəndin içi ilə irəlilədikcə divarda müxtəlif dini yazılar, maşınlardan gələn mərsiyə səsləri, sinə vurmağa gedən gənclər və s.

 

Artıq saat 9 tamamda Nardaran məscidinə çatmışdıq ki, böyük bir əzəmətin şahidi oldum. Sanki insanlar illərdir bu günü gözləyirdi.

 

Keçən il ilə müqayisədə gələnlərin sayı xeyli artmışdı. Hava buludlu olsa da, insanların axını davam edirdi. Uşaqdan tutmuş böyüyə kimi hamı gəlmişdi.

 

Hamı əza saxlayırdı. Ağlamayan tək uşaqlar idi. Yəqin zaman keçdikcə uşaqlar vəziyyətin nə yerdə olduğunu başa düşəcək.

 

İnsanlar çox olduğundan özümə münasib yer axtarmağa başladım. Gəlib çıxdım zəncir vuran gənclərin yanına. Hələ çəkilişə başlamamışdan öncə ətrafa baxıb maraqlı kadr axtarırdım. Bir tərəfdən mikrafonla mərsiyə deyən, bir tərəfdə zəncirlənən gənclər, bir tərəfdə də sinə vuranlar.

 


 

Gənclər elə əza saxlayırdı ki, elə bil uzun illərdir təcrübələri var. Hətta bəzi valideynlər zənciri uşaqlarına verib zəncir vurmaqlarına həvəslə baxırdı. Hər halda bütün bunlar etmələrində İmam Hüseynin eşqi var idi.

 

Artıq üç saat keçmişdi əza saxlayanların arasında idim. Arada onlarla birlikdə salavat çevirib, edilən dualara "amin" deyirdim. Aura mənə də təsir etmişdi.

 

Mərsiyədən sonra xütbə verildi. Mən də fotoaparatlarımı yerə qoyub xütbə deyəni dinləməyə başladım.

 

Elə təzəcə oturmuşdum ki, balaca bir uşaq "zəncir vursam məni də çəkə bilərsən?" dedi. Uşağa baxıb gülümsədim. Fotoaparatı əlimə götürəndə uşaq başladı özünə zəncir vurmağa. Uşağın dostları da şəkil çəkdiyimi görüb onlar da zəncir vurmağa başladılar.

 

Zəncir vurmağı bitirəndən sonra, uşaq çəkilən fotonu istədi. Dedim "bura gəlsəm çıxardıb verərəm, amma gəlməsəm internetdə yayımlayacağam". Bu da onun şəkili.

 


 

Artıq mərasim sona çatırdı, geri qayıtmağa hazırlaşırdıq. Bu dəfə sadəcə böyük izdihamla və zəncir vuran uşaqla yadımda qaldı. 

 

BBC AZƏRBAYCANCA

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !