GÜLAĞA MÜƏLLİMİ XATIRLADIQ - - Kərim Kərimli

GÜLAĞA MÜƏLLİMİ XATIRLADIQ - Kərim Kərimli

Bu yazını 2015-ci ilin yanvar ayının ilk günlərində yazmışdım...(((

 

Çal, böyük sənətkar, əziz yurdumun,
Yaralı qəlbimin laylasını çal.
Bir güclü silahın, böyük ordunun
Bir sözdə gizlənən dalğasını çal!

 

Özünə, bizlərə, can Şuşamıza
Ürək sızıldadan bir bayatı çal.
“İrmi” beş il yatan vicdanımıza,
Bəlkə də oyadar, bir “Heyratı” çal!!!

 

ƏSİL ŞUŞALI KÖÇDÜ DÜNYADAN
…BİR ŞUŞALI DA AZALDI!
ƏSİL ŞUŞALI…

 

…Hər yerin adamları kimi şuşalılar da müxtəlifdir.
Nisbi sözlərlə şərti olaraq ifadə etsək, misilsizi, əlası, yaxşısı var, babatı var, pisi var…
Hər yerdə olduğu kimi!
Hər yerdə insanın hər cürəsi olar...
Amma nədənsə, çox vaxt başqa yerlərdən fərqli olaraq bir “ƏSİL ŞUŞALI” ifadəsi yaranıb nə zamansa və bu günədək də dilimizdən düşmür. Bilmirən, bəlkə bu, Şuşanın dağların qoynunda məskən salması, bəlkə göylərə, göy üzünə daha yaxın olması, Tanrı qüdrətinin qüsursuz qələmi ilə qənirsiz yaradılması ilə bağlı olub!... Ancaq bu ifadə var idi və indi də tez-tez işlənir. Üzdə özünü dost göstərənlərdən bir çoxu (üzdə də, daldada da dost olmayanların nə deyəcəyinin bir əhəmiyyəti yoxdur) deyə bilər ki, niyə “Şuşa adamının pisi də var” deyirəm. Cavab sadədi. Şuşa adına ləkə olanların neçəsini barmağımla göstərə bilərəm.
Ancaq xoşbəxtlikdən Şuşanın gözəl insanları həm tarixən o qədər olub ki, həm də indi o qədərdir ki, tanıyan-tanımayan hər kəs bu gözəl çoxluğun, bu çox gözəlliyin, tayı-bərabəri olmayan bu səadətin aşiqinə-pərəstişkarına çevrilib və sidq ürəkdən öz səmimi Şuşa məhəbbətini daim yaşadır.
İndi içi mən qarışıq özünə “Şuşalıyam” deyən adamlar çoxdur və yenə də müxtəlifdir. Məsələn, Şuşada doğulan və Şuşada yaşayan şuşalı (təbii ki, işğala qədər), Şuşada doğulan, lakin Şuşada yaşamayan şuşalı. Şuşada doğulmayan, lakin Şuşada yaşayan şuşalı. Şuşada doğulmayan və Şuşada yaşamayan şuşalı və s. Onların hamısı özünü şuşalı saya bilər, amma “ƏSİL ŞUŞALI” olmaya da bilər.
…Bax Gülağa müəllim ƏSİL ŞUŞALI idi. Şuşada doğulan, Şuşada böyüyən, Şuşada yaşayan, Şuşada ucalan ŞUŞALI idi. Amma, ƏSİL ŞUŞALI idi. Şuşada (vaxtilə) doğulmaq, böyümək, yaşamaq, tanınmaq, sevilmək, ucalmaq, məşhurlaşmaq bəlkə də asan idi. Amma ƏSİL ŞUŞALI olmaq çox çətin idi. Gülağa müəllim o çətinliyin gədiyini aşmış Kişi idi.
Hər şeydən əvvəl Gülağa Zeynalov insanlıq zirvəsinə yüksəlmiş, ən səmimi hisslərin idarə etdiyi bir ürəyin sahibi olan insan idi. Onun sahib olduğu, yaxud ona xas olan istedadlar barədə danışmaq istəsək, ən əvvəl onu qeyd etməliyik ki, Gülağa Zeynalovun İNSAN olmaq istedadı var idi və ƏSİL ŞUŞALI ola bilmək üçün də elə bir başa əsil insan ola bilmək istedadına borclu idi. Həm də əksinə, ƏSİL ŞUŞALI ola bilmək xoşbəxtliyi, ona həm də ƏSİL İNSAN olmaqda kömək etmişdi.
…Şuşanı “Qafqazın Konservatoriyası” edənlərdən biri də, əlbəttə, müasir Azərbaycan tarının “atası” ŞUŞALI Sadıqcandır və bu mənada Şuşa həm də müasir tarımızın Vətənidir. “Doğulduğu, böyüdüyü, ucaldığı, tanındığı, sevildiyi, şöhrətləndiyi” Vətəni.
…Və öz növbəsində, müəyyən mənada tar da “ƏSİL ŞUŞALI"dır, Gülağa müəllim kimi.
…Və bir anlıq “ƏSİL ŞUŞALI” tarı, ƏSİL ŞUŞALI Gülağanın sinəsində təsəvvür edin.
Bəli, Gülağa müəllim ƏSİL TARZƏN idi. Sadıqcandan Gülağya qədər ŞUŞALI tarzənləri “sıraya düzüb” qiymətləndirmək cəsarətim olsa idi, tərəddüd etmədən “XX əsrin ən böyük ŞUŞA TARZƏNİ Gülağa Zeynalovdur!” - deyərdim. Nəzərə alaq ki, XX əsr Mirzə Sadığın ölümü ilə başlayıb, o, 1902-ci ildə vəfat edib.
...Lakin tar Gülağa Zeynalovun yeganə həmdəmi deyildi. O, qaval, fortepiano, kamança, qarmon kimi alətlərin də usta ifaçısı idi. Çoxlarının bilmədiyi və Gülağa müəllimin də ciddi cəhdlə gizlətməyə çalışdığı, nadir hallarda etiraf etdiyi bir istedadı da vardı. O, həm də gözəl xanəndə idi.
...Şuşa və şuşalılar bir ƏSİL ŞUŞALInı da itirdi. Təəssüf ki, Gülağa müəllim vaxtsız tərk eti bu fani və yurdumuzu yada verən cani dünyanı. Bu il aprelin 28-də onun 58 yaşı tamam olacaq. Bir sənətkar, bir insan və bir (uzun ömürlülər diyarı sayılan) şuşalı üçün 58 yaş nədir ki?!
Heyhat! 58 həm də Şuşanın nömrəsidir!
Yox! Mən təkcə Şuşa avtomobillərinin seriyasını nəzərdə tutmuram. Əlbəttə, bu – 58-dir. Amma Şuşanın mistik rəqəmi də 58-dir. Şuşa 5-ci ayın 8-də işğal edilib...
5-ci ayın 8-də işğal edirlən Şuşanın əsil sakinlərindən biri, ƏSİL ŞUŞALI, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “İnstrumental ifaçılıq” kafedrasının müdiri, dosent, tarzən Gülağa Zeynalov 58 yaşında dünyasını dəyişdi...
...Onun ölümü barədə yayılan xəbərlərin demək olar ki, hamısınmda “qəflətən ürəyi dayanıb” deyilir.
Şuşa sevgisi ilə dolu bir ürək şuşasızlığa bundan sonra tab eləmədi. Şəxsiyyəti, sənəti, elmi, ifaçılıq istedadı, təmiz ürəyi, dərin yumor hissi, səmimi dostluq fədakarlığı... və nəhayət, böyük insanlığı ilə seçilən və sevilən bir şuşalı, bir ƏSİL ŞUŞALI getdi aramızdan.
Ürəyində Vətən – Şuşa sevgisini, getdikcə azalmaqda olan, Şuşanı öz “gözləri” ilə görmüş gözlərdən olan gözlərində şəklini apardı Şuşanın!
Hələlik sağ qalanlara qoyub getdiyi isə bir borc oldu – Şuşa borcu!
Şuşanı Azad etmək və Şuşasız gedənlərin nisgilini soyutmaq borcu!
Bir Şuşalı da azaldı!
ƏSİL ŞUŞALI... 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

..send- /..ŞUŞA /..Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti /..Gülağa Zeynalov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !