Firuz Mustafa: - OXU, XEYRANSA, OXU!

Firuz Mustafa: OXU, XEYRANSA, OXU!

KAMERANIN soyuq “gözləri” səhnəyə tuşlandı. Yüzlərlə tamaşaçının nəzəri gur şüaların kəsişdiyi bir əlçim işıq zolağına dikildi. İşıq talasında adi geyimli, adi görünüşlü bir qız dayanmışdı. Qızı müşayiət edən ansamblın üzvləri qədim bir nəğmənin ilk melodiyalarını çalmağa başladılar. Uzaq yüzilliklərdən baş alıb kükrəyə-kükrəyə, qovrula-qovrula uzun bir yol gələn “Sarı bülbül” xalq mahnısının ecazkar misraları tamaşaçıların ürəyini riqqətə gətirdi. Azacıq əvvəl aparıcının elan etdiyi mahnının və müğənninin adına etinasız yanaşanlar bir-birlərindən soruşmağa başladılar: “Oxuyan kimdir?”, “Müğənninin ad-familiyası necədir?”. Tamaşaçıların bəziləri çiyinlərini çəksələr də, balaca müğənninin adını xatırlayanlar oldu: “Xeyransa... Məmmədova...”
Xeyransa isə artıq səhnəni, salonu, kameraların “zəhmli baxışını” unutmuşdu. O, oxuyur, oxuduqca da özü üçün sirli olan bir suala sanki yenə - yüzüncü, mininci dəfə cavab axtarırdı:

 


Nədən hər yerin əlvandı,
Köksün altı sarı, bülbül!

 


Bu suala cavab vermək onun üçün riyaziyyat dərslərindəki məsələ və misalların həllindən qat-qat çətin idi.
Sonra sarayın geniş salonunda alqış sədaları qopdu. Xeyransa tamaşaçıların üzlərini aydın seçə bilməsə də onu yenidən səhnəyə çağırmaq üçün havada oynayan əlləri görürdü...
Xeyransa Suraxanı qəsəbəsindəki Orconikidze adına mədəniyyət sarayının “Vətən” ansamblına üzv yazılanda cəmi 8 yaşı vardı. Kollektivin bədii rəhbəri Elxan Müzəffərov balaca qızın qeyri-adi həvəs və istedadını görüb onunla ciddi məşğul olub. Daha sonra...
Xeyransa deyir:
- Daha sonra bir neçə dəfə “Oxu, tar” müsabiqəsinin qalibi oldum. Lakin Azərbaycan Kommunist Partiyasının XXX qurultayı iştirakçıları üçün verilən konsertdə çıxış etdiyim günü heç vaxt unutmayacağam. Konsertdən sonra Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev yoldaş məni təbrik elədi...
1981-ci ilin fevral ayında isə Xeyransa Məmmədova Yerevan şəhərində məktəblilərin Ümumittifaq müsabiqəsində birinci yeri tutaraq, “Ən yaxşı ifaçı” üçün xüsusi prizə layiq görüldü.
13 yaşlı müğənni hazırda Bakıdaki Bülbül adına orta ixtisas musiqi məktəbində respublikanın əməkdar artisti müğənni İslam Rzayevin sinfində təhsil alır.
- Sevdiyim mahhı çoxdur: “Ana Kür”, “Qərənfil”, “Oxu, tar”, “Qəşəngdir”... Son zamanlar “Mənim dünyam” və “Necə əl çəkim” mahnılarını öyrənmişəm...
Xeyransa Məmmədova Moskva, Kiyev, Xarkov, Yerevan və Tbilisi şəhərlərində də çıxış edib. O, hər gün musiqi həvəskarlarından çoxlu məktublar alır. Aldığı məktubların sayı 1.000-i çoxdan keçib.
O, boş vaxtlarında pianoda, qarmonda, nağarada müxtəlif mahnıların oynaq ritmlərini çalmağı xoşlayır. Nəğmələr Xeyransanı qanadlandırır. O, daha yüksək uçuşlara hazırlaşır.

 


Firuz MUSTAFAYEV
“AZƏRBAYCAN GƏNCLƏRİ” qəzeti, 5 noyabr 1981-ci il
p.s. Şəkildə: Xeyransa, Firuz Mustafa və jurnalist Şakir Yaqub 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

..send- /..Firuz MUSTAFAYEV /..Şakir Yaqub /..Xeyransa Məmmədova /..“Oxu, tar” müsabiqəsi /..“Sarı bülbül” xalq mahnısı /..“AZƏRBAYCAN GƏNCLƏRİ” qəzeti

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !