Manhettendəki partlayışda şübhəli bilinən Akaid Ullah “müsəlmanlara görə qisas almaq” istəyirmiş.
Bu xəbəri paylaş
Nyu-York metrosunda partlayışın təşkilində şübhəli bilinən Akaid Ullah hüquq mühafizə orqanlarına bildirib ki, əldədüzəlmə bombanı partladaraq bütün dünyada həlak olan müsəlmanların qisasını almaq istəyib. Bu barədə şəhərin polis administrasiyası aşıqlama yayıb.
AZƏRTAC xəbər verir ki, polisin məlumatına görə, 27 yaşlı banqladeşli immiqrant Akaid Ullah İŞİD-ə rəğbət bəsləyirmiş və partlayıcı qurğunun hazırlanması üsulunu internetdən öyrənib. Ullahın bombanı Bruklindəki mənzilində düzəltdiyi təsdiqlənib.
Eyni zamanda, Ullahın İŞİD terror qruplaşmasının üzvləri ilə birbaşa əlaqəsini sübut edən heç bir dəlil tapılmayıb. O, dindirilmə zamanı bildirib ki, Amerikanın İŞİD-in nəzarətindəki əraziləri bombalamasından qəzəblənib və özünü partladaraq terror aktı törətmək qərarına gəlib.
İŞİD-in Milad bayramı ilə bağlı təhdidlərini nəzərə alan Akaid Ullah bombanı insanlarla dolu olan metro keçidində, Nyu-Yorkun liman idarəsinin yaxınlığında partlatmaq qərarına gəlib. Çünki orada Milad bayramı lövhəsini görüb.
Şəhər polisi qeyd edib ki, Ullah Amerika Birləşmiş Ştatlarına immiqrant vizası ilə 2011-ci il fevralın 21-də gəlib. O, ABŞ-da daimi qeydiyyatdadır, 2012-ci ilin martından 2015-ilin martınadək lisenziyalı taksi sürücüsü kimi fəaliyyət göstərib. Son illər elektrik işləyib.