Ziyadxan Əliyev: - İNCƏ SƏNƏT DİNİN İNCƏLİYİNİ DUYMAYANDA...

Ziyadxan Əliyev: İNCƏ SƏNƏT DİNİN İNCƏLİYİNİ DUYMAYANDA...

Ötən əsrin təzadlı hadisələrlə dolu doxsanıncı illərində tez-tez kütləvi-informasiya vasitələrində rastlaşdığım xəbərlərdən biri müsəlman olduğu iddia edilən adamların dinini dəyişməsi – xristianlığı qəbul etməsi idi. Belə xəbərlərdə də, cəmiyyət arasında da həmin “yeni xristianlar”ın bunun qarşılığında bir-neçə yüz dollar “mükafat”aldıqları da bildirilirdi. Əslində “tula payı” qədərində olan bu “dəyərləndirmə”nin qarşısında həmin adamlara yazığım gəlirdi. Ona görə ki, doğulandan yalnız etnik baxımından müsəlman olmaları həyat-tərzlərindən və əməllərindən görünən həmin “kişi”lərin bəziləri ilə görüşüb söhbət etməyimizin qarşılığında əmin olmuşduq ki, onların islam dininə bağlılığı dəlləklə qısamüddətli “münasibətləri”ndən bir faiz də artıq deyil. Başqa sözlə desək, bunlar dünyanın neçə-neçə məşhur şəxsiyyətlərinin üz tutduqları islam dəyərlərindən, onun incədən incə mətləblərindən xəbərsiz adamlardır.“Allen Dalles planı” SSRİ kimi bir dövləti içindən çürütməklə - sovet əhalisinin qarşı-qarşıya qoyulması ilə dağıtmağa nail olmağı qarşısına məqsəd qoymuşdusa, on dörd əsrlik yaşı olan və xristian dünyasına göz dağı olan islam dinini də daxildən – öz əlimizlə “yaralamaq” istəyində olan Qərb missionerlərinin də niyyəti də şirnikləşdirici yollarla dinimizə xəyanət edənlərin sayını artırmaq idi. Onlar üçün özlərinin islama yönəli hər hansı bir mənfi hərəkəti yalnız nisbi önəm kəsb edirsə, belə işlərin özünü müsəlman adlandıranlar tərəfindən görülməsi bundan bir-neçə dəfə böyük əhəmiyyət daşımalıydı. Bunu sənət məkanı ilə əlaqələndirməli olsaq, onda deyə bilərik ki, zamanında danimarkalının Peyğəmbərimizə həsr etdiyi karikatura nə qədər yaxşı olsa belə, hər hansı müsəlmanın (etnik olsa belə) dinimizə yönəli müxtəlif tutumlu əsərlər çəkməsindən güclü ola bilməzdi və bu günün əsl sensasiyası sayılardı. Necə ki, bunu altı il bundan əvvəl gördük. 2011-ci ildə Venesiyada (İtaliya) keçirilən Byennaledə Azərbaycan pavilyonunda göstərilən Aydan Salahovanın əsərlərinə yüksək səviyyədə “münasibət”dən sonra onun “Gəlin-Qarşıdurma” və “Qara daş” adlı heykəllərinin üzəri örtüldü və ictimaiyyətə göstərilmədi. Başqa sözlə desək, bu rəsmi münasibət bizi əslində biabırçılıqdan qurtardı. Amma ox artıq yaydan çıxdığından dinimizin bədxahları tərəfindən onun kifayət qədər böyük reklamı baş verdi və buna görə bizi “senzuraçılıq”da da suçladılar. Görəsən dini dəyərlərimizi qorumaq nə vaxtdan senzura göstəricisi sayılır? Və yaxud bizlər bunu etsəydik “nə” yox, “nələr” baş verə bilərdi? Bu məqsədli təbliğatdan qazananlar da bir bədxahlarımız, bir də müəllif özü oldu... Məşhur Karrar mərmərindən yerli sənətkarların ərsəyə gətirdikləri plastika nümunələrində böyük sənətkarlıq duyulsa da, onlardakı müqəddəs məkana “bədii münasibət” heç xristianın da ağlına gəlməyə biləcək tutumdadır, desək, yanılmarıq! Görəsən 90 yaşına keçsə də bu vaxta qədər Qarabağ boyda dərdimizə bir əsər belə həsr etməyən məşhur atası bundan sonra hansı hisslər keçirib? Hüquqi baxımdan ata övladının hərəkətlərinə cavabdeh olmasa da, o, qızının daima qəribəliklərlə dolu olan “yaradıcılıq bioqrafiyası”nın mənəvi enişə - “Venesiya hadisəsi”nə doğru getdiyini hər halda görməliydi! Onun görə bilmədiyini heykəlləri Venesiyada nümayiş üçün seçənlər niyə görməyiblər? Şair Moşunun arvadının təbiri ilə desək, “müasirlik” budurmu?
Bu yerdə deyək ki, tez-tez istifadə olunan şoru bir vaxtlar müsəlmanlar üçün “ölüm vasitəsi” sayan xristian gəlin-qızın sözü olmasın, indiki “müasirlik” nədirsə, onu Azərbaycan incəsənətinin anasını ağlatmaq üçün tapıb gətiriblər! 90-cı illərdə gəlişi ilə milli incəsənətimizin halal mayasına haram qatdığını zaman-zaman təsdiqləyən bu “müasirlik” özünün keçirdiyi “çiçəklənmə dövrü”ndə dinimizdən də yan keçməyib. Belə ki, ixtisasca memar olan 22 yaşlı Musa Bəyzadənin bu ilin yayında nümayiş etdirdiyi bir konseptual sənət nümunəsinin timsalında “din və incəsənət” münasibətlərinin bədiiləşdirilməsində “incə”liyin sona qədər tapılmaması, elə zamanında ictimaiyyət tərəfindən mənfi qarşılanmışdı. Onun “Fırlan, fırlan, təmizlən” əsərinin - paltar yuyan maşının forma-biçimi, xüsusilə onun yuxarıdan səciyyəvi parça ilə örtülməsi müqəddəs ziyarətgahımız olan Kəbəni xatırladır. Başqa sözlə desək, müəllif iki – məkan və vasitə kimi təmizləyici sayılanları qarşı-qarşıya qoyub. Bu yaxınlarda müəlliflə söhbətimizin və digər işləri ilə tanışlığımızın qarşılığında deyə bilərik ki, onun aktuallığı və problemliliyi ilə yaddaqalan ideya-əsərləri vardır. Lakin demək lazımdır ki, bir əsrdir ki, Marsel Düşandan başlayan əşyaları mənalandırma tendensiyasında - incəsənətin zənginləşməsinə xidmət etdiyi iddia olunan konseptual nümunələrdə incə sənət və onun bədiiləşdirilməsinin estetikası tapılmadığından, görünənlər qəribə münasibətlər, o cümlədən onlara qarşı təqdir və ikrah hissləri yaratmışdır. Ayaq yolu əşyasını “Fəvvarə”yə çevirən M.Düşandan fərqli olaraq, M.Bəyzadə islam dünyası, xüsusilə də inanclı insanlar üçün müqəddəs sayılan məkanı mənalandırmaq istəməsi arzulanan nəticəni verməmişdir. Sadəcə bu, hələ duyulası bərkə-boşa düşməyə imkan tapmamış müəllifin və incə sənətin dinin incəliyini sona qədər duya bilməməsinin nəticəsidir.
Bu yerdə dinin mənəviyyatımızda tutduğu yerin önəmli olmasını yada salmaqla, “müasirlik” çətiri altında Vüsal Rəhimin uzaq Permdə (Rusiya) birmənalı qarşılanmayan bir “incəsənət nümunəsi”nin də nümayiş olunduğunu xatırlatmaq istəyirik. Müəllif kuklaları seksual pozalarda təqdim etməklə, konseptual sənət nümunəsi ortaya qoyduğunu iddia etsə də görünənlərin əsl qiymətini vermək o qədər də çətin olmamışdır. Bu konseptual nümunənin Azərbaycan müasir incəsənətini ləyaqətlə təmsil edəcək “əsər” hesab edib Permə aparanlardan fərqli olaraq yerli prokurorluq orqanları onun “hansı dəyərlər”(daha doğrusu, dəyərsizlik) daşıdığını dərhal görüblər, Odur ki, onu insanların tərbiyəsinə mənfi təsir göstərdiyini nəzərə alıb ekspozisiyadan çıxardıblar. Yenidən şair Moşunun arvadından iqtibas gətirməyə məcburuq: “Müasirlik budurmu?”
Yeri gəlmişkən deyək ki, müstəqillik dövründə dəb halını alan və mahiyyətində daha çox şou elementləri olan müasirliyin iki bariz nəticəsini Venesiya və Perm hadisələrinin timsalında görmək və dəyərləndirmək mümkündür. Belə işləri daha ciddi dəyərləndirməli olsaq, onların müəlliflərinə və onlara maddi çətir tutanlara demək istəyirik ki, həmin nümunələr yalnız müasir-indiki dövrdə ərsəyə gətirilənlər hesab oluna bilərlər, müasirliyini sonralar da qoruyub saxlaya biləcək sənət nümunəsi kimi yox! Bunlar isə bir-birindən çox fərqlidirlər...
Bu yaxınlarda yaradıcılığını miniatür üslublu əsərlərin yaradılmasına həsr etmiş Pərnisə Əsgərovanın İslam peyğəmbərinə həsr olunmuş əsərini ictimailəşdirməsi yeri gəlmişkən, bu məsələyə də münasibət bildirməyimizi şərtləndirdi. Təkcə ki, ona görə yox ki, portretdə peyğəmbərimiz ənənəviləşən bədii tutumdan tam fərqli - üzü açıq təsvir olunmuşdur.
Təxminən iki il əvvəl “Lent.az” saytına müsahibə verən P.Əsgərova bu fikri dilə gətirmişdi: ”Deyirlər, Məhəmməd peyğəmbərin üzünü çəkmək olmaz. Harda yazılıb? Niyə olmaz? Mən məsələn, Tanrını da çəkmək istəyərdim. Onu hiss edək, bizə yaxın olsunlar...” Xanım deyəsən hələ ki, Tanrının portretini çəkməyib. Amma dediyinə əməl edərək İslam Peyğəmbərə həsr olunmuş “Məhəmməd Peyğəmbərin mərhəməti” lövhəsini çəkib. Burada əbanın üzərində yuxuya getmiş pişiyə qayğı göstərən – onu ayıltmamaq məqsədilə Peyğəmbərin paltarının ətəyini qayçı ilə kəsməsi hadisəsi təsvir olunub... Onun təqdimatında İslam peyğəmbəri bu qiyafədə olmalıymış. Başqa sözlə desək, onun rəssam təxəyyülünün gücü bu qədər imiş... Görəsən bu portret ürəyində Peyğəmbər sevgisi gəzdirənlərin necə, ürəyincədirmi? Allahın rəsulunu üzü niqablı görməyə adət etmiş adamlar rəssamın əyaniləşdirdiyi üz cizgiləri ilə razılaşırlarmı? Bu suallara birmənalı cavab vermək çətindir. Həmin cizgilərin bizi də qane edib-etməməsi ilə iş bitmir, rəssam deyə bilər ki, mən belə görürəm, bu cür təsəvvür edirəm... Necə ki, başqa mövzulu əsərlərə yönəli tənqidlərimizə indiki rəssamlar birmənalı olaraq bu cür – bəraətqazandırıcı cavab verirlər... Əslində nə P.Əsgərovanın, nə də bu vaxta qədər çəkilmiş islam Peyğəmbərinin bir-birindən fərqli portretlərinə qəti etiraz etməyə haqqımız yoxdur. Belə ki, onun portretinin çəkilməsinə heç bir rəsmi-dini qadağa yoxdur. Nə “Qurani-Kərim”də, nə hədislərdə, nə də digər dini sənədlərdə-kəlamlarda həmin qadağa yer almayıb! Orta əsrlərdən başlayaraq Bəhruz bəy Kəngərliyə qədər dəfələrlə çəkilmiş portretlərdəki islam Peyğəmbəri bir-birinə bənzəmirlər. Hər bir rəssam necə deyərlər öz istedadını sərgiləyib, öz obrazını yaradıb. Bu portreti çəkdiklərinə görə də rəssamların təzyiqlərə məruz qalmaları faktına rast gəlinməyib. İndiki halda bizi düşündürən sual “Niyə portret bəzən üzü açıq, çox vaxt da üzü bağlı təsvir olunub?”dur. Qənatəmizcə, üzü bağlılığın kökündə portreti yaradanların Peyğəmbərin hüsnü-camalını hamını razı sala biləcək bir görkəmdə təsvir edə bilməmək qorxusu durub və odur ki, onlar Allahın rəsulunu üzü bağlı təqdim ediblər. Yəqin ki, bu seçimdə bir inandırıcı məntiq var. Amma bu mənada P.Əsgərovanın təqdimatındakı portretdə də hər hansı bir bədii yüksəliş, özünəməxsus bədii şərh əlaməti görmürük. Yalnız əsərin altındakı ”Məhəmməd Peyğəmbərin mərhəməti” sözü onun Allahın rəsuluna aid olduğunu düşünməyə əsas verir. Amma əbasının ətəyini kəsən bu şəxsin üzünün bağlılığı dərhal tamaşaçıya onun kim olması barəsində hər hansı izahatsız da dəqiq informasiya verərdi. Xanım-rəssamın Peyğəmbərimizə olan sonsuz sevgisinin ifadəsi olan bu əsərin ictimailəşməsinin tam sakitliklə qarşılanması (Bəlkə də çoxları onu görməyib) da zamanın axarında bu məsələnin təhlkəli mövzular çərçivəsindən çıxmaqda olduğunu təsdiqləyir. İndiki məqamda bizim başlıca istəyimiz dini və onun dəyərlərini təsvir mövzusu seçənlərin bilərəkdən və yaxud da bilməyərəkdən “sapı özümüzdən olan baltalar”a çevrilməmələrini arzulamaqdır. Çünki, çox məşhur bir məsəldə deyildiyi kimi təkcə Şərq yox, din də çox incə məsələdir. Bunu bəzən incə sənət təmsilçiləri sona qədər dərk etməsələr belə...
Ziyadxan Əliyev
“Sənətşünaslığın təbliği” ictimai birliyinin sədri 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !