Faiq İsmayılov : - Bir məscidin taleyi...

Faiq İsmayılov : Bir məscidin taleyi...

Ermənistan tərəfindən işğal altında saxlanan Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində azərbaycan xalqına məxsus islam dini dəyərlərini (türbələr, məscidlər, pirlər, ziyəratgahlar, qəbirüstü abidələr, qəbristanlıqlar və s.) dağıdır, tamamilə məhv edir, xristian dövrü abidələrinin isə formasını və ya divar yazılarını dəyişdirərək bu abidələrin ermənilərə məxsus olduqlarını iddia edirlər. Ermənistan hökuməti, öz işğalı altında saxladığı Azərbaycan ərazilərini məcburi şəkildə erməniləşdirməklə, bu torpaqları mənimsəməyə çalışırlar.Ərazilərin erməniləşdirilməsi əsasən toponimlərin və tarixi abidələrin divar yazılarının dəyişdirilməsi ilə aparılır. Burada daha çox zərər müsəlman dini abidələrinə xüsusən də məscidlərə dəymişdir. Bu siyahıya Ağdam cümə məscidi də daxildir.

 

Ağdamın cümə məscidi 1868–1870-ci illərdə bu dövr Qarabağ memarlığının aparıcı sənətkarı memar Kərbəlayi Səfi Xan Qarabaği ucaltmışdır. Ağdam cümə məscidinin ibadət otağında planının əsasını ortasında dörd sütun olan ənənəvi dördkünc ərazi təşkil edir. Ərazinin şərq və qərb tərəflərinin hər birində qurulmuş üç dərin taxça sırası ibadət yerinin sahəsini genişləndirib onu düzbucaqlı etmişdir.

 

İbadət otağının cənub divarının ortasında uca mehrab taxçası quraşdırılıb. Yan tağçaların üstü interyerə yönələn eyvan şəklində olub qadınların ibadəti üçün nəzərdə tutulmuşdur. İbadət otağı yan eyvanların ortalarında və mehrab tağçasının yanlarında olan pəncərələrdən işıqlanır.

 

İbadət otağının interyer tərtibatı çox ciddi olub kamil tektonik quruluşun bədii effekti ilə diqqəti cəlb edir. Sadə bəzəkli mehrab tağçasının üzərindəki kitabədə dekor ustasının adı (mərhum Kərbəlayi Nəqqaş Təbrizinin oğlu ustad Məhəmməd Nəqqaş Təbrizi) və təmir tarixi (hicri 1331, miladi 1913-cü il) yazılmışdır. Məscidin şimal tərəfindəki giriş qapısı dərin eyvan-bastağ içərisində verilmiş, açıq eyvanın yanlarında isə iki mərtəbəli otaqlar yerləşdirilmişdir.

 

Şimal fasadın künclərində qurulan minarələr məscidin simmetrik plan quruluşunu tamamlamaqla ona bütövlükdə dördkünc görkəm vermişdir. Məscidin klassik sadəliyi, həndəsi forma təmizliyi ilə seçilən və funksional tələblərə mükəmməl cavab verən planı var. İç yerləşgələri günbəz, tağ və tağbəndlərlə örtülü olan məscidin daşdan tikilmiş kubik tutumu Qarabağ zonası üçün ənənəvi olan dördenişli bütöv çardaqla örtülmüşdür. Çardağın şimal fasada çıxan uclarından kərpic minarələr yüksəlir. Minarələrin incə silindrik tutumları üfüqi kəmərlərlə hissələrə bölünmüş və hər hissənin səthi kərpic hörgüsündən yaranmış sadə naxışlarla üzlənmişdir.

 

Ağdam məscidi ermənilər tərəfindən işğal edildiyi dövrdə çox ciddi dağıntılara məruz qalmışdır. Bu məscid erməni işğalından bir ay sonra üzərinə benzin tökdürülərək yandırıldı. Ermənistan Respublikasının müvafiq dövlət qurumları tərəfindən Ağdam məscidinin rəsmi şəkildə təhqir olunmasına və dağıdılmasına qərar verildiyi barədə erməni mətbuatından məlumatlar əldə edilmişdir.

 

Məscidin minarələri daxildən tamamilə sökülmüş, tavanı bir neçə yerdən uçurdulmuş, daxili tərtibatı, dizayn və divar yazıları pozulmuş, hücrələri və yardımçı otaqları uçurdulmuş, dağıdılmış və tamamilə yararsız hala salınmışdır. Məscidin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumuşaq avadanlıqları qarət edilərək Ermənistana daşınmışdır.

 

Məscidin daxili və xarici divarları üzərində erməni və rus dillərində Azərbaycan xalqına və millətinə qarşı alçaldıcı və təhqir edici ifadələr və sözlər yazılmışdır. Ermənilər 10 ildən çox bir müddət ərzində Məscidin ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuz saxladılar, yəni məsciddən uzun illər tövlə kimi istifadə etdilər. Bu ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən çox qəddar bir vəhşilik idi.

 

2016-cı ildə Ermənistan prezidenti Serj Sərkisyanın İrana səfəri ərəfəsində Ağdam cümə məscidinin içərisini peyindən təmizləmək üçün erməni ordusunun Qarabağdakı komandanlığına göstəriş verildi. Bir ay ərzində məscidin içərisi və ətrafı erməni əsgərləri tərəfindən peyindən təmizləndi.

 

Ağdam məscidi erməni təcavüzündən sonra aşağıdakı dəyişikliklərə məruz qalmışdır:

 

• Ermənistan Respublikasının müvafiq dövlət qurumları tərəfindən, azərbaycanlıların ibadət yeri olan Ağdam məscidinin rəsmi şəkildə təhqir olunmasına və dağıdılmasına qərar verilmişdir.
• Məscid erməni işğalından bir il sonra üzərinə benzin tökdürülərək yandırıldı.
• Məscidin minarələri daxildən tamamilə sökülmüş, tavanı bir neçə yerdən uçurdulmuş, daxili tərtibatı, dizayn və divar yazıları pozulmuş, hücrələri və yardımçı otaqları uçurdulmuş, komunal və komunikasiya xətləri dağıdılaraq tamamilə yararsız hala salınmışdır.
• Məscidin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumuşaq inventarları qarət edilərək Ermənistan Respublikasına aparılmışdır.
• Məscidin daxili və xarici divarları üzərində erməni və rus dillərində azərbaycan xalqına və millətinə qarşı alçaldıcı və təhqir edici ifadələr və sözlər yazılmışdır.
• Ermənilər 10 ildən çox bir müddət ərzində Məscidin ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuz saxladılar. Məsciddən tövlə kimi istifadə etdilər

 Faiq İsmayılov
AMEAHüquqvə İnsanHaqları İnstitunun əməkdaşı

 

 

Ağdam cümə məscidi işğaldan əvvəl

 

 

 

Ağdam cümə məscidi işğal edildikdən bir il sonra yandırıldı

 

 

 

Ağdam cümə məscidi işğal edildikdən sonra uzun illər tövlə kimi istifadə edildi

 

 

 

Ağdam Cümə məscidinin içərisi Ermənistan Ordusunun əsgərləri tərəfindən heyvan peyinindən təmizləyərkən.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !