Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə təbliği necə olmalıdır? -

Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə təbliği necə olmalıdır?

 Azərbaycana hərbi təcavüz edilib 20% ərazisini itirib, etnik təmizləməyə, soyqrımlara məruz qalıb, ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün yaşayır... Azərbaycanın tarixinə qara hərflərlə həkk olunan bu acı həqiqətlər dünyanın bütün ölkələrində reallıq kimi qəbul edilirmi? – deyərdim ki yox, qəbul edilmir.
Bizi narahat edən bir çox məqamlar, hətta ölkəmizdə baş verən soyqırım və terror hadisələri dünyanı “düşündürəcəyini” güman etdiyimiz halda, dünyanın bir çox hallarda bu problemlərimizə laqeyid qaldığının şahidi oluruq. Çünki biz dünya ictimaiyyətini, başımıza gətirilənlərdə haqlı olduğumuza inandıra bilmirik. Bunun bir tərəfi ikili standartlara bağlıdırsa, digər tərəfi təbliğat işinin təşkilində naşı olmağımızdır. Mən bununla ölkə həyatında və xaricdə qazanılan ideoloji – siyasi qələbələrin üzərindən xətt çəkmək istəmirəm. Lakin hər kəs mənimlə razılaşar ki, biz ideoloji mübarizədə yaxın qonşularımızdan, hətta bizə düşmən olan Ermənistandan geri qalırıq.
Bəs nə etməli? Dünyanı Azərbaycan həqiqətlərinə necə inandırmalı? – Bax bu məsələnin üzərində ciddi düşünmək lazımdır. Çünki xarici vətəndaş üçün Azərbaycanın problemləri o qədər də əhəmiyyətli sayılmır. Təbliğatçının səriştəliliyindən asılıdır ki, xarici vətəndaşın diqqətini problemə cəlb edə bilsin, inandırmağı bacarsın. Əgər təbliğatçı təbliğ etdiyi məsələyə vətəndaşların diqqətini cəlb edə bilmirsə onları inandırmağı bacarmayacaqsa apardığı təbliğatın da effekti olmayacaqdır. Mən Azərbaycan həqiqətlərinin xarici ölkələrdə təbliğ etmək üçün “nə etməli” sualına cavab axtararkən belə bir qənaətə gəldim:
1. Xarici ölkələrdə istifadəsi nəzərdə tutulan elmi, bədii və sənədli təbliğat vasitələri yüksək ustalıqla hazırlanmalı, uzun-uzadı və yorucu olmamalıdır. Belə sənədlərin hazırlanması, yalnız yüksək ixtisaslı peşəkar kadrlara etibar edilməlidir.
2. Mətn mövzuya uyğun olmalı və yalnız mövzunu əhatə etməlidir.
3. Mətndə toxunulan problemlər, elmi sübutlarla əsaslandırılmalı, sadə və lokonik bir dillə izah edilməlidir.
4. Mətndə məqsəd aydın olmalı və məzmunla vəhdət təşkil etməlidir. Vəzifələr qabardılmalı, şaxələndirilməli və əsaslandırılmalıdır.
5. Mətni hazırlayan şəxs və şəxslər mətndə istifadə etdikləri faktların doğruluğuna, cavabdeh olmalı və məsuliyyət daşımalıdırlar.
6. İşğal nəticəsində Azərbaycanda yaranan problemlər və işğal nəticəsində Azərbaycana dəymiş zərərlər qloballaşdırılmalı və Azərbaycanda baş verənlərin gələcəkdə digər region dövlətlərində də təsir edə biləcəyi etimalları önə çəkilməlidir.
7. Mətn hazırlanarkən beynəlxalq Hüququn norma və prinsipləri pozulmamalıdır.
Güman edirəm ki səriştəli təbliğatçı bu yeddi prinsipə əməl edərsə, ideoloji mübarizədə diqqət çəlb edə bilər. İdeoloji mübarizə dövlətlər arasında deyil vətəndaş cəmiyyətləri arasında aparıldığından, cəmiyyətin bütün üzvləri bu sahədə məsuliyyət daşıyır.
İdeoloji mübarizə bütün cəmiyyət üzvlərini xüsusi ilə ziyalıları əhatə etməli və onların məsuliyyət hissini artırmalıdır. Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə təbliği təbliği istiqamətində dövlət ayrı-ayrı nazirliklərə, komitələrə və Qeyri hökumət Təşkilatlarına kifayət qədər maliyyə vəsaiti ayırır. Lakin bəzi hallarda təbliğatçılar səriştəsizlikdənmi ya sahəyə bələd olmadıqlarındanmı hazırladıqları təbliğat vasitələrində ciddi qüsurlar yaranır.
Azərbaycan həqiqətlərini xarici ölkələrdə təbliğ etmək üçün kitab və broşurlar hazırlayan təbliğatçılar bilməlidirlər ki onların hazırladıqları zay məhsula sərf etdikləri vəsait dövlətə məxsusdur və onların belə fəaliyyətləri israfçılıq kimi qiymətləndirilə bilər.
Buna misal olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 2015-ci ildə çap etdirdiyi “İşğal altındakı tarixi dini abidələrimiz” adlı kitabı göstərmək olar. Beləki kitabın hazırlanmasında və tərtib edilməsində çox ciddi qüsurlara yol verilmişdir. İlk baxışda kitabın nə məqsədlə hazırlandığına aydınlıq gətirilmir. İşğal altındakı tarixi-dini abidələrimizə qarşı yürüdülən vandalizm hərəkətləri , təhlil edilmir, əsaslandırılmır. Kitabda yerləşdirilən fotoşəkillərin böyük əksəriyyətinin dini abidələrə heç bir aidiyyatı yoxdur. Məsələn:

Ağdam şəhərinin xarabalıqlarını əks etdirən şəkillər, Xurşudbanu Natəvanın büstü, Cəbrayıl rayonundakı Xudafərin körpüləri, Füzuli rayonundakı Qarğabazar karvansarası, Kəlbəcər rayonunda şahmat məktəbinin və İstisu istirahət mərkəzinin görüntüləri, Laçın rayonunun Cicimli kəndindəki kar kümbəz, Güləbird kəndindəki Sarı Aşığın məzarüstü abidəsi, Soltanlar kəndindəki Soltan Əhməd sarayı, Laçın şəhərindəki tarix diyarşunaslıq muzeyinin görüntüləri, Laçn rayonu ərazisindəki Varazuğun məbədinin müxtəlif görüntüləri, Qubadlı rayonundakı Lalazar körpüsü, Hacı Bədəl körpüsü, Şuşa şəhərindəki qala divarları, M.P.Vaqifin məqbərəsi, Xocavənd rayonundakı Azıx mağarası, Xocalı rayonu ərazisindəki Əsgəran qalasının görüntüləri tarixi-dini abidələr siyahısına daxil edilə bilməz.
Kitabda şəkillərin yerləşdirilməsində də ciddi səhvlərə yol verilib. Beləki Şuşa şəhərindəki Yuxarı Gövhərağa məscidinin daxili görüntüləri, yenə də Şuşa şəhərindəki həm Aşağı Gövhərağa məscidinin və həm də Saatlı məscidinin daxili görüntüləri kimi nümayiş etdirilir. Qubadlı rayonundakı Lalazar körpüsü ikitağlı körpüdür, lakin kitabın tərtibatçıları Lalazar körpüsü adı altında birtağlı körpünün şəkilini nümayiş etdirlər.
Kitabda “Ağdərə rayonu” adlı başlıq yaradılsada həmin başlıq altında Ağdərə rayonunun inzibati yaşayış mərkəzlərinin adları yerləşdirilməyib. Əgər yerləşdirilsəydi onda Ağdərə rayonunun Madagiz,Talış, kəndləri Ağdam rayonunun kəndlərinin siyahısında (bax səh. 14), tərtibatçılar Madagiz,Talış kəndlərini eyni zamanda Kəlbəcər rayonunun kəndləri nində siyahısında ( bax səh. 43) göstərilməzdı. Halbuki bu kəndlərin nə Ağdam rayonuna nə də Kəlbəcər rayonuna aidiyyatı yoxdur. Madagiz,Talış kəndləri Tərtər rayonunun kəndləridir.
Əslində isə Ağdərə rayonu Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 nömrəli Qərarına əsasən ləgv edilərkən Xatınbəyli, Qazançı, Manikli, Baş Güneypəyə, Orta Güneypəyə, Sırxavənd, Yeni Qaralar, Kiçan kəndləri və onlara məxsus torpaq sahələri Ağdam rayonuna,
Çərəktar, Qozlu, Kotavan, Yuxarı Oratağ, Qızılqaya, Yayıcı, Dəvədaşı, Drmbon, Çıldıran, Mehmana, Dovşanlı, Həyat, Bazarkənd, Şahmansurlu, Vəngli, Çormanlı, İmarət Qərvənd, Zardaxaç, Çapar, Həsənriz, Narınclar, Damğalı, Kolatağ kəndləri və onlara məxsus torpaq sahələri Kəlbəcər rayonuna,
Ağdərə şəhəri, Umudlu, Zəylik, Ulu Qarabəy, Kiçik Qarabəy, Ağabəyyalı, Çardaqlı, Lüləsaz, Miqrelalay, Aşağı Oratağ, Qasapet, Canyataq, Dəmirli, Gülyataq, Talış, Seysulan, Madaqiz kəndləri və onlara məxsus torpaq sahələri Tərtər rayonunun tərkibinə verilmişdir.
Kitabda tez-tez vurğulanan Ağdam rayonunun Şahbulaq kəndi də yanlış ifadədir. Ağdam rayonunda Şahbulaq adlı kənd yoxdur. Şahbulaq adlı ərazi var.
Məndə olan məlumata görə bu qədər shvləri olan, məqsədi və məramı bilinməyən “İşğal altındakı tarixi dini abidələrimiz” adlı kitab 5 dilə çevrilərək Avropa və Ərəb ölkələrində təbliğ ediləcəkdir.
Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə bu səviyyədə təbliği necə effekt verəcək?

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !