"Gənclər - vətəndaş cəmiyyətinin əsas qurucuları kimi layihəsi yekunlaşıb. -

"Gənclər - vətəndaş cəmiyyətinin əsas qurucuları kimi” layihəsi yekunlaşıb.

 Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində Gəncə şəhərində "Gənclər - vətəndaş cəmiyyətinin əsas qurucuları kimi” adlı layihə həyata keçirildi. Layihənin icrası “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin ekspertləri ilə Avrasiya Əməkdaşlıq Fondu arasında bağlanmış “Gənclər - vətəndaş cəmiyyətinin əsas qurucuları kimi” adlı xidmət çərçivəsində reallaşdı.
Xidmət Gəncə şəhərində yaşayan və təhsil alan 16-29 yaşlı gənclərin müvafiq mövzular üzrə təlimatlandırma və maarifləndirməklə, onların qərarvermə prosesində və ictimai siyasətin formalaşmasında funksiya və rollarının artırılması və elektron məlumat bazaları, fəal vətəndaşlıq mövqeyi vasitələri haqqında məlumatlandırmaq məqsədilə təşkil olundu.
Təlimlər zamanı Vətəndaş mövqeyindən düzgün çıxış və müdafiə, İctimai vəkillik, Elektron Xidmətlərdən (“Elektron Hökumət” virtual portalı, Dövlət Xidmətləri Portalı və s.) istifadə bacarıqlarının artırılması, Layihələrin yazılması və idarə edilməsi, Maliyyə və büdcənin düzgün idarə edilməsi, Natiqlik, Liderlik, Strateji planlaşdırma, Sosial media əsaslı ictimai davranış (əlaqələr), Startup, Sosial sahibkarlıq və onun üstünlükləri haqqında məlumat əldə etdilər.
Gənclərin müvafiq mövzular üzrə maarifləndirməsi və təşkil olunan praktiki oyun/görüş/təqdimatlarla şəxsi və peşəkar təcrübələrinin inkişaf etdirilməsi nəzərdə tutulan təlimlər Bakıdan və Gəncədən dəvət olunmuş peşəkar təlimçilər tərəfindən keçirildi.
Təlimlər üçmərhələli şəkildə 25 nəfər müxtəlif iştirakçıya 6 gün ərzində 2017-ci ilin Mart-Oktyabr ayları ərzində keçirildi.
21-22 Oktyabr, 2017-ci il tarixlərində Gəncə şəhər Gənclər Evində təlimlərdə iştirak etmiş komandaların təlimlər müddətində inkişaf etdirdikləri Startup (innovativ biznes) ideyalarının müəyyən həcmdə faktiki inkişaf etdirilməsi və ideyaya müvafiq fəaliyyətin onlar tərəfindən icra edilməsi, o cümlədən, layihənin davamlılığının təmin edilməsi məqsədilə "Davamlılıq Görüşləri" tədbiri baş tutdu.
Tədbirin sonuncu günündə təlim iştirakçılarının cəlb olunduğu STARTAP Müsabiqəsində qalib olan 3 komanda öz Startup ideyaları, reallaşma potensialı və təqdimat bacarıqlarına görə mükafatlandırıldı (I yer - "BioBone", II yer "RentBike" və III "Ishveren" komandaları) və sonda təlim iştirakçıları sertifikatla təltif olundular. Tədbirdə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov və Gəncə şəhər Gənclər Evinin direktoru Amil Qurbanov da iştirak etdilər.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !