Özbəkistan prezidenti: Dağlıq Qarabağ münaqişəsinə dair Özbəkistanın mövqeyi dəyişilməzdir, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirik. -

Özbəkistan prezidenti: Dağlıq Qarabağ münaqişəsinə dair Özbəkistanın mövqeyi dəyişilməzdir, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirik.

 Özbəkistan Prezidenti Şavkat Mirziyayev “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak etmək üçün Daşkəndə gələn Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.
Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə, Türkiyə Din İşləri İdarəsinin sədri Əli Ərbaş da iştirak ediblər.
Tərəflər Özbəkistan ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin hazırkı vəziyyəti və bu münasibətlərin inkişafını xüsusi qeyd ediblər.
Allahşükür Paşazadə Prezident Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2017-ci ilin ölkədə “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar müxtəlif ölkələrdə keçirilən tədbirlər, Daşkənddə təşkil olunan “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans barədə məlumat verib. Bildirilib ki, bundan əvvəl Türkiyə, İran, Finlandiya və digər ölkələrdə də bu mövzuda tədbirlər keçirilib və bu istiqamətdə işlər davam etdirilir.
Prezident Şavkat Mirziyayev Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi İslam dünyası üçün əhəmiyyətli addım olduğunu və bu təşəbbüs bütün müsəlman dünyasında dəstəkləndiyini, təqdir edildiyini vurğulayıb. Qeyd olunan məsələ Daşkənd konfransında qəbul olunan bəyanatda da öz əksini tapıb.
Bu cür konfransların İslam dünyası üçün əhəmiyyətini qeyd edən prezident Özbəkistanın təşəbbüsü ilə Səmərqənd şəhərində İmam Əl Buxari ziyarətgahında İslam Sivilizasiya Mərkəzi-İnstitutunun yaradılmasını İslam dünyası üçün əhəmiyyətli olduğunu qeyd edib.
Dövlət başçısı Özbəkistan ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin, təcrübə mübadiləsinin aparılmasının zəruriliyini vurğulayıb.
Şavkat Mirziyayev bildirib ki, Özbəkistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki mövqeyi dəyişilməzdir. Daşkənd münaqişənin həlli məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və onun həllinin BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin birmənalı olaraq icrasında görür.
Allahşükür Paşazadə görüşdə Prezident İlham Əliyevin salamlarını və ən xoş arzularına Özbəkistan prezidenti Şavkat Mirziyayevə çatdırdı, Özbəkistanı çox sevdiyini, Azərbaycan-Özbəkistan arasında dil, din, mədəniyyət, adət-ənənələrin yaxınlığını xüsusi vurğuladı. Şeyx İslam dünyası arasında həmrəyliyə böyük ehtiyac olduğunu qeyd edərək, dinlərarası əlaqələrin genişləndirilməsindən danışdı, dünyada artan ekstremizm, terrorizm və radikalizm kimi qlobal problemlərə qarşı birgə mübarizənin vacib olduğunu söylədi.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !