Qənirə Paşayeva: Terrorçunu qəhrəman edən işğalçı ölkənin nümayəndələrinin ədalətdən danışmağa haqqı yoxdur. -

Qənirə Paşayeva: Terrorçunu qəhrəman edən işğalçı ölkənin nümayəndələrinin ədalətdən danışmağa haqqı yoxdur.

 Milli Məclisin deputatı Qənirə Paşayeva AŞPA-da sərbəst debatlar zamanı erməni kökənli beynəlxalq terrorçu Varujan Karapetyanın Ermənistanın müraciəti ilə Fransada müəmmalı şəkildə azadlığa buraxılmasından danışıb və bu məsələnin araşdırılmasını tələb edib. O bildirib ki, Xocalı soyqırımını törədənlər bu gün Ermənistanda yüksək vəzifələrdədir. Onların ədalət qarşısında cavab vermələri üçün bu ölkəyə təzyiq göstərilməlidir. Azərbaycan nümayəndə heyətinin üzvü AŞPA-nı ikili standartlarda ittiham edib və bəzi parlamentarilərin, xüsusilə də Ermənistan nümayəndə heyətinin ölkəmiz əleyhinə bir neçə gündür səsləndirdikləri saxta ittihamlara, yalanlara cavab verib. Qənirə Paşayeva “insan haqları” adı altında Azərbaycanı ittiham edən bəzi deputatların Avropa Şurasının üzvü olan Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində doğma yurdundan didərgin düşmüş 1 milyon azərbaycanlının Ermənistan tərəfindən pozulmuş insan haqlarını müdafiə etdiklərini heç zaman görmədiyini vurğulayıb. O, assambleyanı yüz minlərlə azərbaycanlı qaçqının haqlarını pozan Ermənistana qarşı təzyiq tətbiq etməməkdə günahlandırıb.

Milli Məclisin deputatı qeyd edib ki, Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayət törədənlər bu gün Ermənistanda yüksək vəzifə tuturlar və indiyədək ədalət qarşısında cavab verməyiblər. Ermənistan dövləti bu gün də qanunsuz olaraq girov saxladığı azərbaycanlı Dilqəm Əsgərovu və Şahbaz Quliyevi azadlığa buraxmır. Avropa Şurasının baş katibi bu barədə Ermənistan prezidentinin özünə deməsinə baxmayaraq, onun və AŞPA-nın çağırışlarına məhəl qoyulmur. Təəssüf ki, baş katib və AŞPA bu insanların pozulmuş hüquqlarının müdafiəsi, onların azadlığa buraxılması üçün Ermənistana təzyiq göstərilməsi istiqamətində ciddi addımlar atmayıblar. Deputat Dilqəm Əsgərovun və Şahbaz Quliyevin ailəsinin onlardan cavab gözlədiyini bildirib.

Qənirə Paşayeva ASALA terror təşkilatının liderlərindən olan Varujan Karapetyanın

Fransanın Orli hava limanında Türk Hava Yollarının bürosuna bombalı hücum edərək 8 günahsız insanın ölməsinə, 55 nəfərin yaralanmasına səbəb olduğunu, bu terrorçunun Ermənistan dövlətinin və siyasətçilərinin müraciətlərinə əsasən əfv edildiyini və onun Ermənistanda qəhrəman elan olunduğunu xatırladıb.

“Terrorçunu qəhrəmana çevirən bir dövlətin nümayəndələrinin burada bizə insan haqlarından danışmaq haqları yoxdur. Biz buradan bu terrorçu və onunla birlikdə terror aktlarının törədilməsində iştirak edən ermənilərlə bağlı araşdırmalar aparılmasını tələb edirik”, - deyə Qənirə Paşayeva bildirib.

Milli Məclisin deputatı Arakanda müsəlmanlar əleyhinə törədilən soyqırımının assambleyada müzakirə edilməməsini və bununla bağlı hər hansı etiraz bəyanatı qəbul edilməməsini qınayaraq, AŞPA-nı insanlıq əleyhinə törədilən belə cinayətlərə susmamağa çağırıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !