ADMİU Beynəlxalq Kitab Sərgi-Yarmarkasında -

ADMİU Beynəlxalq Kitab Sərgi-Yarmarkasında

 Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sentyabr ayının 28-30 tarixlərində Bakıda təşkil olunmuş V Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-informasiya Mərkəzi də öz ədəbiyyat fondunun nəşrləri ilə fəal iştirak edir.
28 sentyabr tarixində Bakı İdman Sarayında Sərgi-Yarmarkanın təntənəli açılış mərasimindən sonra Azərbaycan Respublikası baş nazirinin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, Azərbaycanının xalq yazıçıları Çingiz Abdullayev, Sabir Rüstəmxanlı, eləcə də xarici qonaqlar və digərləri ADMİU-nun Kitabxana-informasiya Mərkəzinin təşkil etdiyi guşəyə xüsusi diqqət yetirərək universitetin əməkdaşlarının nəşrləri ilə maraqlanıblar. Kitabxana-informasiya Mərkəzinin müdiri Tamilla Əsəgərova kitablarla maraqlanan hər bir qonağa sərgilənən ədəbiyyat haqqında müfəssəl məlumat verib.
Tədbirdə ADMİU-nun Kitabxana-informasiya Mərkəzi ilə Türkiyə, Böyük Britaniya, Misir, Rusiya, Moldova, Belarus, Özbəkistan Milli Kitabxanası, ABŞ-ın Los Anceles universitetinin kitabxanasının əməkdaşları arasında kitab mübadiləsi həyata keçirilib və qarşılıqlı əməkdaşlıq perspektivləri üzərində fikir mübadiləsi aparılıb. Böyük Britaniyanın “The British Library” kitabxanasının Türk ədəbiyyatı kolleksiyasının müdiri Mixail Erdman (Michael Erdman) və Türkiyəli tanınmış yazar Orxan Qaravəlli öz kitablarını Universitetə hədiyyə edərək Kitabxana-informasiya Mərkəzi ilə sıx əməkdaşlıq edəcəklərini bildiriblər.
Sərgi-Yarmarka zamanı “Azərbaycanda Atatürk Mərkəzi”nin müdiri, akademik Nizami Cəfərov rəhbərlik etdiyi mərkəzin nəşri olan kitablardan hədiyyə olaraq ADMİU-nun Kitabxana-informasiya Mərkəzinə təqdim edib.
Qeyd edək ki, sərgi-yarmarkada Universitetdə “Kitabxanaçılıq və informasiya” və “Kitabşünaslıq” ixtisası üzrə təhsil II və III kurs tələbələri də tədbir zamanı təşkil olunan müxtəlif yazarların kitab təqdimatlarında yaxından iştirak ediblər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !