Rafiq Yusifoğlu : - OKEANIN O TAYINDA - Amerika səfərindən qeydlər

Rafiq Yusifoğlu : OKEANIN O TAYINDA - Amerika səfərindən qeydlər

 Mənim Amerika haqqında birinci məqaləmi internetdə oxuyan bir keçmiş tələbəm belə bir sual yazmışdı ki, ay müəllim, Amerikada insanlarla hansı dildə danışırdınız və onlar heç Sizi ilhama gətirə bildilərmi? Ona belə bir cavab yazmışdım ki, eyni dildə danışanların hamısı eyni düşüncə tərzində olmadığı kimi, müxtəlif dildə danışanlar arasında da düşüncələri yaxın insanlar tapmaq mümkündür. Məsələ hansı dildə danışmaqda yox, nə danışmaqdadı…


 

Doğrudan da, o qədər insanlar var ki, eyni dildə danışsalar belə, bir-birlərini qətiyyən başa düşmürlər. Ancaq elələri də var ki, eyni dili bilməsələr də bir-birlərini çox gözəl duyur, anlayırlar… Baxışın dili, duruşun dili, təbəssümün dili, yerişin dili… Çox zaman heç sözə ehtiyac da qalmır. Söz heç baxışların, təbəssümün dediklərini ifadə etmək gücündə də deyil… Bir təbəssümlə deyə bildiyini üç-dörd səhifəlik yazı ilə ifadə edə bilmək müşkül məsələdi…
Oğlum Gursel Amerikada mənə şahidi olduğu bir söhbəti danışdı. Bir nəfər telefonla hansı dildəsə danışırmış. Onun ingils dilində danışmadığını görən bir amerikalı deyinir, bərkdən deyir ki, bunlara bax e, qanacaqları, tərbiyələri yoxdu. Amerikaya gəliblər, hələ də ingilis dilini öyrənməyiblər ki, adam dilində danışsınlar. Telefonla danışan bunu eşitsə də, söhbətinə ara verməyib. Danışıb qurtarandan sonra üzünü həmin irad tutana çevirərək təmiz ingilis dilində deyib:
-Ey, mənə bax! Əvvəla, mən heç ispan dilində də yox, öz doğma qəbiləmin dilində danışırdım. Mənim ulu babalarım, nənələrim bu torpaqda yaşayıblar. Mən buranın yerli sakiniyəm, gəlmə deyiləm. Siz isə gəlməsiniz. Qanacaq, qabiliyyət sizdə yoxdu ki, yaşamağa gəldiyiniz ölkənin yerli sakinlərinin dilini bu vaxta qədər öyrənə bilməmisiniz. Biz isə o dərəcədə qanacaqlı, qabiliyyətli və humanistik ki, qürbətə düşən gəlmələrin dilini belə mükəmməl öyrənmişik ki, onlarla doğma dillərində danışıb qəribliklərini unutduraq, anlamayanları başa salaq, qonaqpərvərliyimizi nümayiş etdirə bilək. Eyni zamanda böyüklüyümüz ondadı ki, öz dilimizi də unutmamışıq, onu çətin şəraitdə belə qoruyub saxlaya bilmişik…
İrad tutan kişinin deməyə sözü qalmayıb. Adamların kinayəli baxışına dözə bilməyən bu şəxs maşina oturub aradan çıxıb…
İkinci maraqlı bir hadisə isə prezident seçkiləri ilə bağlı görüşlərin birində olub. Namizədliyini irəli sürən milyarder populist çıxışı ilə adamları öz tərəfinə çəkmək məqsədiylə deyib ki, Amerika amerikalılar üçündü, burada gəlmələrə yer yoxdu. Biz onları ölkədən qovmalıyıq…
Bunu eşidən bir nəfər irəli yeriyərək söz alıb və deyib ki, əvvəla, təəssüf eləyirəm ki, namizədliyini irəli sürən şəxs heç Amerikanın konstitusiyasını oxumayıb. Mən özümdə gəzdirdiyim bu müqəddəs qanun kitabını ona verirəm ki, gedib oxusun. İkinci, onun «emiqrantlar bu ölkədən rədd olub getməlidilər» sözünə istinadən deyirəm ki, qoy rədd olub getsinlər, çünki prezidentliyə namizəd və onun tərəfdarları da bu ölkəyə gəlmədilər, yerli əhalinin nümayəndələri deyillər…
Amerika demokratiyanın ən yüksək səviyyədə inkişaf elədiyi bir ölkədi… Lakin demokratiya, azadlıq hərki-hərkilik deyil… Öz müşahidələrim əsasında bu qənaətə gəldim ki, burada qanunlar da, ictimai nəzarət də çox güclüdür… Sən bir şəxsiyyət kimi azadsan, heç kəsin səninlə işi yoxdu… Ancaq qanunlara riayət eləməyə borclusan, istər cəmiyyətdə, məişətdə, istər təbiətdə…
Ən xırda şey saydığımız yol hərəkəti qaydaları… Sürücülər də, piyadalar da qaydalara maksimum dərəcədə riayət edirlər… Küçəni hardan gəldi keçmək olmaz… Piyada keçidi o demək deyil ki, orada asta-asta, istədiyin kimi gəzəsən… Küçəni keçmək üçün icazə düyməsini basıb gözləməlisən. Yalnız münasib vaxtda işıq tənzimləyicisi piyadanın yolu keçməyinə icazə verir, özü də 18-20 saniyə… Həmin vaxtda yolu keçmədinsə, dayanıb növbəti dəfəni gözləməlisən… Küçəni bizdə olduğu kimi hardan gəldi, necə gəldi keçənə rast gəlmədim. Magistral yollardakı əsas sürət zolağında yalnız sərnişin aparan maşınların hərəkətinə icazə verilir… Əks təqdirdə sürücünü minimum 340 dollar cərimə gözləyir…
Şəxsi evlər sıralanan böyük şəhərdə həyətlərdə oynayan uşaqlar görməyəndə təəccübləndim. Sonra öyrəndim ki, uşaq nəzarətsiz küçəyə buraxılmır. Bunu edənləri böyük cərimə gözləyir… Hələ bu harasıdır, uşağı heç maşında da, evdə də kiçik vaxt müddətində belə tək qoymaq olmaz… Bu hərəkətin də cəriməsi çox böyükdür…
Küçədə nə piyan adama, nə də siqaret çəkənlərə rast gəldim… Təkcə ictimai yerlərdə, parklarda, xiyabanlarda deyil, hətta çimərlikdə belə spirtli içkilərdən istifadə etmək, siqaret çəkmək qadağandır…
Burada təbii mühitin qorunub saxlanılmasına xüsusi fikir verilir. Ağaclar, quşlar, heyvanlar, hətta bataqlıq belə qorunur…
Los Ancelesin qurtaracağında, hündür bir yerdə Temesqal adlı maraqlı bir ərazi var… Bura rəsmi şəkildə qorunan təbii parkdır. Ərazidə o qədər nadlir ağaclar, bitkilər var ki… Elə parkın girəcəyində xəbərdarlıq edilir ki, burada siqaret çəkmək, alışqandan, kibritdən istifadə etmək olmaz. Ərazidə vəhşi heyvnlar, ilanlar olduğu nəzərə çatdırılır və turistlərə ehtiyatlı olmaq məsləhət görülür. Deyirlər ki, bu ərazi burada yaşayan iki qədim qəbilədərnin görüş, alış-veriş yeri imiş…
Dərə yuxarı xüsusi cığırla qalxırıq… Ağaclar, kollar çox olsa da, burada nadir hallarda yağış yağdığı üçün quraqlıq öz işini görür… Hətta Temesqal çayının da suyu quruyub… Körpünün yuxarı hissəsində, qayanın dibində isə xeyli su var idi… Qəribə idi ki, burada balıqlar üzürdü… Bu kiçik göl zavallı balıqların sığınacaq yeri idi elə bil… Qayalı, sıldırımlı, kol-koslu dağlar…
Nəhayət, ən hündür yerə qalxdıq. Buradan Sakit okean, onun sahilində salınan Los Anceles şəhərinin əzəmətli panoramı adamı valeh edir… Üzü aşağı enə-enə mənzərələrə tamaşa eləmək isə ayrı bir aləmdi…
Yaradana min şükür,
Bu yerlərin çox gözəl təbiəti var!
Okeandan dağlara baxmağın ayrı,
dağlardan okeana baxmağın
ayrı ləzzəti var…

 

Ən xoşuma gələn yerlərdən biri də Malibu şəhəridir. Sakit okean boyu dağ yamacında yerləşən bu şəhərin uzunluğu 33 kilometrdir. Şəhər eninə yox okean boyu uzununa inkişaf eləyib. Malibu sözünün lüğəvi mənası ilə maraqlandım. Aydın oldu ki, «malibu» ən qədim yerli tayfalardan birinə – Çumaş qəbiləsinə aid olan bir sözdür və mənası səsli sahil anlamına gəlir. Doğrudan da, Malibu düz Sakit okeana dirənən dağların yamacında yerləşdiyindən, burada sahilə çırpılan dalğalar digər sahillərə nisbətən daha güclü səs çıxarır, digər sahillərdə yer geniş olduğu üçün dalğalar sakitcə qumların üstünə hopur və sakitsə də geri qayıdır…
Malibu çayı Sakit okeanın sularına qarışıb özəlliyini itirdiyi, unudulduğu kimi, bu yerlərin qədim sakinləri olan tayfalar da «insan okeanında», kütlənin içində əriyib yoxa çıxıblar… Əslində o qədim tayfaların nümayəndələri yaşayır, məsələn, statistik məlumata görə əsli-soyadı Tanqva qəbiləsindən olan min yeddi yüz, Çumaş qəbiləsindən iki minə yaxın insan var. Ancaq bəla bundadı ki, dil unudulub. Çumaş dilində danışan sonuncu insan 1904-ci ildə dünyasını dəyişib və təəssüf ki, onunla birlikdə Çumaş dili də dəfn olunub… Bu da həyatın acı, ibrətamiz reallıqlarından biridir… Dilin, adət-ənənələrin, folklorun unudulması, mədəniyyətin aşınması və i.a. Heç olmasa tarixi doğru-düzgün yazmaq, yaşatmaq lazımdı…
Malibuda Gurselin dərs dediyi Peperdine universitetinə getdik. Dağların qoynunda olan ərazi elə gözəl və böyükdü ki, adam heyran qalır… Bura gözəl bir universitet şəhərciyidi. Universitetin həyətində ceyranları görüb çox heyrətləndim. Oğlum dedi ki, qəribədi, mən burda işləsəm də, birinci dəfədi ki, belə yaxından görürəm ceyranları. Zarafatla dedim ki, eşidiblər ki, təbiəti sevən şair gəlib, ona görə məni qarşılamağa çıxıblar. Peperdayn sözünün lüğəvi mənasının bibər olduğunu biləndə ağlıma gəldi ki, peper elə bibərin təhrif olunmuş variantıdır. Universitetdə tədris korpusları, idman meydançaları, yataqxanalar, kitabxana və s. var. Universitetin həyətindən Sakit okean çox gözəl görünür…
Ümumiyyətlə ikinci səfərimdə, 31 iyul 2016-cı ildən 18 avqust 2016-cı ilə qədər Amerikada qaldığım müddətdə xeyli gəzdim, Sakit okeanda dəfələrlə çimdim, Santa Monikadakı təyyarə müzeyində, Los Anselesdəki Elm mərkəzində, Koliforniya universitetində, Hollivudda və s. yerlərdə oldum…
Elə ki, Vətəndən ayrı düşürəm,
ürəyim dumana, çisginə bürünür…
Ancaq nədənsə uzaqdan
vətən daha gözəl,
daha cazibədar,
daha bütöv görünür…


Allah mənə Amerikaya üçüncü dəfə səfər etmək şansını da verdi. 2017-ci il iyul ayının iyirmi doqquzunda İstambula uçdum. Təyyarə limanında Sabir Rüstəmxanlı ilə rastlaşdıq, öpüşüb-görüşdük, hal-əhval tutduq. Biləndə ki, Amerikaya gedirəm, üzünə təbəssüim qondu, mənə yaxşı yol dilədi. Nəhayət, uçuş vaxtı gəldi… İstanbul – Los Anceles marşurutu ila Amerikaya uçdum… On dörd saata yaxın uçuş adamı çox yorur… Ancaq «qarşıda səni doğma adamlar gözləyir» fikri insanın dözümünü artırır… Digər tərəfdən, bir neçə dəfə bu yolun yolçusu olmaq insanı istər-istəməz mühitə alışdırır. Əvvəlki dəfələrdə olduğu kimi bu dəfə də təyyarədən Qrinlandiyaya tamaşa elmək məni duyğulandırdı… Hər tərəf bəmbəyaz qara bələnib… Elə bil heç bu adanın yaydan xəbəri yoxdu. Dənizdəki buz dağları, aysberqlər isə bəmbəyaz pambıq tayalarını xatırladır…
Təyyarəmiz Los Anceles hava limanında yerə endi. Gömrükdən rahatlıqla keçdik… Baqajlarımızı aldıq. Nədənsə telefonum işləmir… Şəhərə çıxanda gördüm ki, oğlum Gursel, nəvələrim Fateh və Fatimə bizi qarşılamağa gəliblər…
Yenə övladlarımın qaldığı həmin ünvandakı ev, yenə tanış küçələr, parklar, idman meydançaları, tanış ərazi… Yenə Analar çimərliyi, Venis çimərliyi, Santa Monika çimərliyi, Hollivud, Kalvarsiti, Marina Del Rey, Venis kanalı boyunca sıralanan bənzərsiz evlər…
Oğluma dedim ki, işdən macal tapanda bizi olmadığımız yerlərə apar… Sən olmayanda ötən illər gəzdiyimiz yerləri özümüz də gəzərik…
Belə də elədik… Uşaqlar öz iş-gücləri ilə məqğul olanda axşam-səhər şəhərə çıxıb gəzirdik… Küçələr bir-birindən gözəl, təmiz və səliqəlidir. Bir-birinə oxşayan ev, həyət yox dərəcəsindədir… Ancaq ümumi bir stil şəhəri birləşdirir, simmetriya yaradır… Enli küçələr, yaşıllıq zolağı, piyada keçidi, evlərin həyətindəki yaşıllıq… Küçənin hər iki tərəfi belədir və bu, xüsusi bir stil yaradır… Bu qədər geniş küçədə heç gəzən də yoxdur… Hamı öz iş-gücü ilə məşğuldur… Hasar, pəncərələrdə, qapılarda dəmir məhəccər, hətta pərdə belə yoxdur… Şəxsi evlərin əksəriyyəti birmərtəbəlidir və taxtadan tikilir… Hasarsız, çəpərsiz həyətlər bir-birindən fərqlənir… Yaşıllıq da var, gül-çiçək də, dekorativ bitiklər, kollar da, eləcə də meyvə ağacları da… Nar, tut, limon, portağal…
31.07.2017 tarixdə Gursel bizi Hollivuda apardı… Gecə işıqları par-par yanır, bu məşhur yerə xüsusi gözəllik verirdi… Səsli-küylü küçə Hollivudun gecə həyatı üçün çox səciyyəvi idi… Bu dəfə nə qədər axtardıqsa maşın saxlamaq üçün yer tapa bilmədik… Buna görə maşınla bir neçə dəfə o başa, bu başa getməklə kifayətlənməli olduq… Burada 2015, 2016-ci illərdə də olmuşdum deyə düşüb piyada gəzməyə o qədər də cəhd göstərmədim və dedim ki, evə qayıdaq, yəni Venisə…
Növbəti səfərimiz Matador çimərliyinə oldu… Okean sahili ilə Venisdən başlayıb Malibuya qədər gedən yolla hərəkət elədik… Təkcə Malibu şəhəri boyunca olan sahilyanı kücənin 33-34 kilometr uzunluğunda olması maraqlı faktdır. Yolun üst tərəfində dağ yamaclarında tikilən bənzərsiz evlər, alt tərəfində isə Sakit okean boyu sıralanan çimərliuklər, estakadalar, parklama yerləri… Malibunun qurtaracağında sol tərəfə dönüb axtardığımız ünvana gəldik… Bura hündür bir yerdir… Yuxarıdan baxanda okeanın cazibədar mənzərələri göz oxşayır. Bu çimərliyi digərlərindən fərqləndirən sahil boyu sıralanan nəhəng qayalar, kahalardır… Qayalar okeanın gözəlliyini daha da artırır… Bura çimmək üçün də çox əlverişli yerdir… Səhər-səhər adam az idi, sonra axın başladı, nə başladı… Çimən kim, sörfinqlə üzən kim, şəkil çəkdirən kim…
13.08.2017-ci il tarixdə səfərimiz yenə də Malibu istiqamətində idi… Peperdine universitetinin yanından sağa burulub üzü dağlara sarı getməyə başladıq… Sıldırımlı nəhəng dağların yamacları ilə çəkilən yolla üzü yuxarı gedə-gedə bir-birini əvəz edən mənzərələrə baxamaq adama ləzzət eləyir. Nəhəng qayalar bu dağları daha da əzəmətli göstərir. Öz-özümə düşünürəm ki, o boyda okeanın qarşısında yalnız bu boyda silsilə dağlar duruş gətirə bilər…
Yolumuz dağ yamacının bu üzündən o üzünə aparan tuneldən keçdi… Yenə hamar yollar, nəhəng qayalar, üstündə kol-kos bitən dağlar, dərin dərələr… Macəra həvəskarları kanat yollardan istifadə eləyirdilər. Biz isə onlara baxa-baxa yolumuza davam elədik və gəlib Malibu qoruğuna (Malibu Greek state park) çatdıq… Maşını parklama yerində saxlayıb, yolumuzu piyada davam etdirdik… İstər-istəməz kölgəsinə sürü yerləşən nəhəng ağaclar, vələmirli yamaclar, çaylaq yeri, kol-koslu, meşəli dağlar yadıma doğma Qubadlını, Çardaxlını, Xocamsaxlını saldı… Bu boyda mənzərəli yerdə bir dənə olsun tikiliyə, obyektə rast gəlmədim… Bu qoruq ayrı-ayrı şəxslərə yox, hamıya məxsusdur, hamının üzünə açıqdır… Tanımadığım ağaclar çoxdur, ancaq nəhəng palıd ağacları da burada az deyil.
Yatağından görünür ki, bu dərədən iri bir çay axırmış. İndi onun yerində qoyun-quzu sürüsü kimi irili-xırdalı çaylaq daşları gözə dəyir. Elə bil yay günəşinin altında saca dönən bu daşlar çay həsrəti ilə inildəyir… Öyrəndim ki, yağışlar yağmağa başlayanda, küsüb gedən bu çay yenidən yatağına qayıdır. Məlum oldu ki, çayın yuxarı başında böyük bir su hövzəsi var… Su görmək ümidi ilə üzü yuxarı dırmanırıq. Nəvələrim Fateh və Fatimə də həvəslə bizə qoşulublar… Getdik, getdik, axır ki, nəhəng qayaların kölgəsində gözəl bir gölə rast gəldik… Suyu dumduru… Sahilində çoxlu sayda adamlar, peşəkar, həvəskar rəssamlar mənzərələrin gözəlliyini kağıza, kətana köçürmək yarışına giriblər elə bil… Bəzi adamlar alpinist kəndiri ilə uca qayalara dırmanmaqla məşğuldular… Mən isə bir qayanın üstündə əyləşib gözəlliyə tamaşa eləyirəm…
Geri qayıdanda adını bilmədiyim çayın yanında dayandıq. Körpünün aşağı hissəsində çimməyə yararlı göl əmələ gəlib. Nəvələrim çimdilər, mən baxdım… Yadıma Xocamsaxlı gölündə çimdiyim günlər düşdü…
Kəndimizi yada salır
kölgəsinə sürü sığan ağaclar.
Kəndimizi yada salır
Vələmirli yamaclar…
Ancaq nə bu ağaclar,
nə qurşağa çıxan vələmir,
mənim könül yarama
məlhəm eləmir…

Balboa gölü və onun ətrafında salınan park Los Anceles sakinlərinin, eləcə də turistlərin ən çox gəldiyi məkandır. Sahəsi böyük olan (10 hektar) bu gölün sahillərində çoxlu quş məskən salıb. Burada qu da gördüm, qaşqaldaq da, ördək də, qaz da, qarabatdaq da, digər adını bilmədiyim quşlar da… Eynən qaratoyuq kimi, ondan bir az böyük və ondan bir az kiçik quşlar da çoxdur burada… Qoruqda quşları yemləmək qadağandır, bir tərəfdən onların təhlükəsizliyi, digər tərəfdən quşların ələbaxım, tənbəl olmamaları üçün… Sahildə xeyli dələ, onlara bənzər digər kiçik canlılara da rast gəldim. Yaşıllıqla bəzənmiş parkda hər cür ağac var… Uzaqda meşəli dağlar görünür… Katamaranla göldə üzmək adama ləzzət eləyir… Özünü təbiətin bir parçası hesab eləyirsən burda…
Amerikada hər şeyin, o cümlədən suyun da qədrini bilirlər. İstifadə olunmuş su təmizlənərək çay şəklində bu gölə axıdılar. Göldən çıxan artıq su isə axaraq bir az kənardakı çaya qovuşur… Bir sözlə, istifadə olunmuş su, təmizlənərək yenidən təbiətə qaytarılır…
Balıqçılar qəsəbəsinə gedib orda su avtobusuna mindik və körfəz boyu üzdük. Gəmilər, sahildəki evlər, quşlar… Hətta durna da gördüm körfəzin sahilində… 2015-ci ildə də su avtobusu ilə burada üzmüşdük. Aradan iki il ötəndən sonra yenə həmin marşurutla hərəkət elədik… Mənzərələr çox gözəldir və göz oxşayır… Üzə-üzə gedib körfəzin qurtaracağına - həmişə uşaqlarla çimdiyimiz Analar çimərliyinə gəlib çıxdıq, oradan yenə geriyə – Balıqçılar qəsəbəsinə üzdük. Maşını dayanacaqdan götürüb evə qayıdanda artıq qaranlıq düşmüşdü…
Amerikdada keçən il avqustun 18-də, bu il isə 15-də dərslərin başlaması məni təəccübləndirdi. Öyrəndim ki, burada həmişə məktəb avqustun üçüncü həftəsinin ilk ikinci günündə açılır… Bir və beşinci sinif şagirdləri ayrı, altı və səkkizinci sinif şagirdləri ayrı, doqquz və on ikinci sinif şagirdləri isə ayrı məktəblərdə təhsil alırlar. Hiss olunur ki, uşağın öz yaşıdları ilə ünsiyyətinə üstünlük verilir… Şagirdlər məktəbə sevinə-sevinə gedirlər. Bəzi uşaqlar velosipedlə, balacalar isə samoktla… Bu kiçik nəqliyyat vasitələrinin də öz parklama yeri var… Bizdəki kimi ilk zəng zamanı tədbir keçirilmir. Hərə öz sinfi üçün nəzərdə tutulan yerdə dayanır, zəng vurulan kimi müəllim gəlib öz şagirdlərini sinfə aparır. Uşaqlar içəri özləri ilə heç nə aparmırlar. Dərs otağının bayır tərəfindəki dəhlizdəki asılqandan çantalarını asıb, içəri keçirlər. Bəzən bardaş qurub yerdə oturur, bəzən isə dairəvi masa arxasında əyləşib müəllimin verdiyi tapşırıqları yerinə yetirirlər.
Müəllimlər də, şagirdlər də, valideynlər də ürəkləri necə istəyirsə, elə də geyinirlər… Sadə və dəbdəbəsiz. Demək olar ki, valideynlər, müllimlər kosmetikadan istifadə etmirlər… Əvəzində hər gün şagirddən tutmuş müəllimə qədər yeni paltar geyinirlər. Bu, yazılmamış qaydadır. On iki gün uşaqları hər səhər məktəbə apardım və bu on iki gündə müəllimlərin hər gün fərqli paltarda dərsə gəlməsinin şahidi oldum. Uşaqlara ev tapşırığı verilmir. Onlar evdə ancaq yaşlarına uyğun kitablar oxuyurlar. Kitabxana ilə əlaqə güclüdür…
Hər il olduğu kimi bu il də Koliforniya universitetinə getdik. Nəvələrimi dərsə qoyub (riyaziyyat dərnəyinə) universitetin həyətində gəzdik, şəkil çəkdirdik… Universitet özü üçün gələcək kadrları belə hazırlayır. Uşaqlar imtahan verib müsabiqədən keçəndən sonra bu dərnəklərdə iştirak etmək hüququ qazanırlar… Adam fəxr eləyir ki, belə mötəbər universitetdə işləyənlər arasında azərbaycanlılar da var…
Santa Monika mənim ən çox xoşum gələn müasir şəhərlərdən biridir. Oğlumun iş yeri, doktorant olduğu elmi müəssisə məhz bu şəhərdədir. Buradakı Tanqva parkı, sahilyanı bulvar, müasir tipli küçələr, fərqli, gözəl binalar, xüsusən Santa Monika körpüsü və çimərliyi ayrı aləmdir. Buralarda özümüz sərbəst şəkildə xeyli gəzdik… Üç il dalbadal Amerikada olmağımız bu yerləri doğma bir məkana çevirib elə bil… Amerikanın o başı ilə bu başını, Atlantik okeanla Sakit okeanı birləşdirən 66 №li yolun sonu maraqlı bir məkandır. Burada üçüncü ildi ki, oluram. Ürəyimdən keçdi ki, kaş yolun o biri başını da görə, Atlantik okeanın sahillərində gəzə biləydim…
Santa Monika turistlərin ən çox diqqətini cəlb edən şəhərlərdən biridir. Qonaqların ən çox üz tutuqları yerlərdən biri də buranın geniş, mənzərəli çimərliyidir. Çimərlikdə tez-tez siyasi səciyyəli aksiyalar keçirilir. Avqustun 20-də Venis çimərliyində maşın saxlamağa yer olmadığı üçün Santa Monikaya gəldik… Sahildə dalğalanan bayraqlar diqqətimi cəlb elədi… Bayraqlar içində üçrəngli bayrağımızı görmək məni əhəmiyyətli dərəcədə duyğulandırdı… Yaxına gedib bayrağımızı sığalladım, onun yanında şəkil çəkdirdim… Sonradan məlum oldu ki, bu aksiya «Amerika amerikalılara məxsus olmalıdır» fikrinə etiraz əlaməti olaraq təşkil edilibmiş…
Keçən il Katalina adasına üzməyi planlaşdırmışdıq… Ancaq mən razı olmadım. Ona görə ki, vətənə dönməyimizə cəmi bircə gün qalmışdı… İkiqat yol yorğunu olmaq istəmədim və dedim ki, qismət olsa, gələn il gedərik o adaya… Çox şükür, arzuma, daha doğrusu, Sakit okeanın ortasındakı adanı görmək istəyinə çata bildim… 26 avqust 2017-ci ildə Gurselin maşını ilə Los Anceles portuna getdik. İki adanı bir-biri ilə birləşdirən uzun, upuzun körpü məni heyrətləndirdi… Maşın saxlamağa çox çətinliklə yer tapdıq… Biletlərimizi qeydiyyatdan keçirib, adaya üzən böyük gəmiyə mindik… Gəmi yavaş-yavaş okeana sarı üzməyə başladıqca sahildəki mənzərəni ləzzətlə seyr elədim. İndi muzey kimi istifadə olunan 61 nömrəli nəhəng hərbi gəmi diqqətimi çəkdi… Bizim mindiyimiz gəmi onun yanından keçib, sahildən aralaşan kimi böyük sürətlə üzməyə başladı… Sakit okeanın ucu-bucağı yoxdur… Tək uçan bir ördək diqqətimi cəlb elədi… Uçur, uçur, uçurdu… Ona baxa-baxa tənhalığın dəhşətlərini anladım…
Okeanda rastımıza gəmi çıxanda istər-istəməz adam toxtaqlıq tapırdı elə bil… Arabir balinalar, köpək balıqları qalxıb belini göstərir, yenə dərinliyə baş vururdular… Hiss elədim ki, sirli-sehrli, əzəmətli nağıllar dünyası var okeanın dibində…
Təxminən saat yarım üzəndən sonra uzaqdan Katalina adası göründü… Əvvəl elə bilirdim ki, bu ada kiçikdir, yaxınlaşdıqca gördüm ki, əzəmətli bir dağdı elə bil… Əsrlər boyu bu boyda okeanın mühasirəsində qalsa da, ona təslim olmayan ada məhz elə belə də olmalı imiş… Uzaqdan dağın yamacında, okeanın sahilində tikilən evlər diqqətimi cəlb elədi… Doğrudan da, insan hər şeyə qadir imiş…

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !