Gəncədə havaların isti keçməsi ilə əlaqədar yaşıllıqların qorunmasına diqqət artırılıb -

Gəncədə havaların isti keçməsi ilə əlaqədar yaşıllıqların qorunmasına diqqət artırılıb

Son günlər respublika ərazisində olduğu kimi, Gəncə şəhərində də havaların kəskin isti keçməsi müşahidə edilir. Şəhər əhalisinin ən çox üz tutduğu məkanlar olan bağ və parklar isti yay günlərində həm də xüsusi qayğı tələb edir.


Gəncə Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, bu vaxta qədər şəhərdə ekoloji vəziyyətin sağlamlaşdırılması, yeni-yeni park və yaşıllıq zonalarının salınması ilə yanaşı, həm də onların qorunması üçün zəruri tədbirlər həyata keçirilib. Bu ilin birinci yarısında 450 hektar ərazisi olan Heydər Əliyev Park Kompleksində və şəhərin müxtəlif ərazilərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən ağacəkmə aksiyaları zamanı 94 min ağac əkilib. Şəhərin ayrı-ayrı ünvanlarında 2 hektara yaxın çəmənlik salınıb, 254 mindən çox ting, kol və çiçək əkilib.


Son günlər havaların isti keçməsi ilə əlaqədar olaraq şəhərin müxtəlif mikrorayonlarında, yaşayış massivlərində, eləcə də qəsəbələrdə yerləşən parklarda, yol kənarlarında, yaşıllıq zolaqlarında əkilən ağaclara diqqət artırılıb, onlara aqrotexniki qaydada qulluq göstərilir. Yaşıllıq zonalarının suvarma suyu ilə təminatı üçün 18 subartezian quyusu təmir edilərək istismara verilib, ağaclar vaxtlı-vaxtında suvarılır.


Həmçinin Gəncə şəhərində yeni yaşıllıqların salınması, ağac, ting və güllərin əkilməsi, mövcud yaşıllıqlara isə davamlı qulluq göstərilməsi məqsədilə bir sıra idarə və təşkilatlara müvafiq tapşırıqlar verilib. 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !