Astaranın Pəlikəş kəndində sahə xəstəxanasının açılışı olub - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran)

Astaranın Pəlikəş kəndində sahə xəstəxanasının açılışı olub + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran)

İyunun 12-də Astara rayonunun ucqar Pəlikəş kəndində sahə xəstəxanası üçün tikilmiş yeni bina istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimdə rayon rəsmiləri, müvafiq qurumların nümayəndələri və kənd sakinləri iştirak edib. Tədbirdə çıxış edən kənd ağsaqqalı Talıb Salayev bildirib ki, rayon mərkəzindən xeyli uzaqda dağlıq ərazidə yerləşən, ən ucqar kəndlərin daxil olduğu Pəlikəş inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ərazisinə asfalt yolun çəkilməsi ilə buradakı yaşayış məntəqələrinin ən mühüm problemləri həllini tapıb. Uzun illər yararsız vəziyyətdə olan, əhaliyə tibb xidməti göstərmək üçün ən adi şəraiti olmayan köhnə tikilinin yerində müasir tipli xəstəxana binasının inşa edilməsini yerli sakinlərə böyük töhfə olduğunu bildirən natiq, ölkə Prezidenti İlham Əliyevə, rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə və layihəni gerçəkləşdirən Azərbaycan Kənd İnvestisiya Layihəsi rəhbərlərinə bütün sakinlər adından minnətdarlığını çatdırıb. Qeyd edilib ki, 1972-ci ildə inşa edilmiş köhnə bina əvvəllər sovxozun gübrə anbarı, sonralar isə xəstəxana binası kimi fəaliyyət göstərib, əsaslı təmir olunmadığından bərbad hala düşüb. 7000 nəfər əhaliyə xidmət göstərən Pəlikəş kənd sahə xəstəxanasının yeni yaraşıqlı binasını görmək doğrudan da ürəkaçandır.
Sım kənd tam orta məktəbin direktoru Nəbi Xalıqov, Pəlikəş kənd sahə xəstəxanasının baş həkimi Elşad Baxşıyev və başqaları da çıxışlarında yüksək diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə hədsiz minnətdarlıqlarını bildiriblər.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxışında qeyd edib ki, hazırda dünyanın əksər ölkələrində böhran yaşandığı halda Azərbaycanda böyük sosial layihələr həyata keçirilir. Respublikada aparılan tikinti-quruculuq, abadlıq işləri göz önündədir. Son illərdə təkcə Astara rayonunun kənd və qəsəbələriində deyil, ən ucqar yaşayış məntəqələrində görülən işlərin miqyası xeyli artıb. Yüksək dağlıq ərazidə yerləşən Pəlikəş kəndinin yolları bərbad olduğu üçün əhali bundan böyük əziyyət çəkirdi. Mövcud olduğu illərdə normal yolu olmayan bu kəndə ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ayrılmış vəsait hesabına yüksək səviyyəli avtomobil yolu çəkilib. 12 min nəfər əhaliyə xidmət edən 21 km uzunluğunda olan Deqədi-Pəlikəş avtomobil yolunun asfaltlaşdırılması və 13 aprel 2015-ci ildə bu yolun açılışında ölkə rəhbərinin şəxsən iştirak etməsi cənab Prezidentin ölkənin hər bir vətəndaşının rifahının yaxşılaşdırılmasına yüksək diqqət və qayğıyla yanaşdığının bariz nümunəsidir. İllərlə həllini gözləyən bu problemin aradan qaldırılması ilə dağ kəndlərinin minlərlə sakini rahatlığa çıxıb. Burada və qonşu kəndlərdə yeni məktəb binaları tikilib istifadəyə verilib, körpülər salınıb, elektrik təsərrüfatının yeniləşdirilməsi istiqamətində işlər görülüb. Bütün görülən işlər əhalinin güzəranının yaxşılaşdırılmasına, azad, firavan yaşamasına xidmət edir.
İcra başçısı bildirib ki, bir neçə gün öncə cənab Prezidentin Astara şəhərindəki park-bulvar kompleksinin ərazisinin genişləndirilməsi ilə əlaqədar vəsaitin ayrılması barədə verdiyi Sərəncam da dövlət başçımızın Astaraya və astaralılara yüksək diqqət və qayğısının təzahürüdür. Park-bulvarın ərazisi genişləndiriləndən sonra ətrafında yaradılacaq müasir turizm infrastrukturları – mehmanxana, hotellər, idman-əyləncə və iaşə obyektləri şəhərə xüsusi yaraşıq verəcək.
Kənd sakinləri ilə görüşdən sonra Dünya Bankının Azərbaycan üzrə direktoru Navid Hasan Naqvin, Azərbaycan Kənd İnvestisiya Layihəsinin Dünya Bankı üzrə təşkilatçı meneceri Satoşi İşihava, Azərbaycan Kənd İnvestisiya Layihəsinin direktoru Sübhan Əsgərovun iştirakı ilə Pəlikəş kənd sahə xəstəxanası üçün inşa edilən yeni binanın açılışına qatılıblar.
İcra başçısı Qəzənfər Ağayev və Dünya Bankının Azərbaycan üzrə direktoru Navid Hasan Naqdin xəstəxananın yeni binasının açılış lentinini kəsəndən sonra burada həkim, tibb işçiləri və xəstələr üçün yaradılmış şəraitlə tanış olaraq tövsiyə və tapşırıqlarını veriblər.

 

 

Ağaddin BABAYEV,

Astara.

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !