Astarada Sərhəd hərbi idman oyununun rayon turu keçirilib - + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Astarada “Sərhəd” hərbi idman oyununun rayon turu keçirilib + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Astara Sərhəd Komendantlığında Dövlət Sərhəd Xidməti, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq Lənkəran Sərhəd Dəstəsi, Astara Rayon Təhsil Şöbəsi (RTŞ) və Rayon Gənclər və İdman İdarəsinin (RGİİ) birgə təşkilatçılığı ilə “Sərhəd ” hərbi idman oyunun Astara rayon turu keçirilib.


Tədbiri giriş sözü ilə açan Lənkəran Sərhəd Dəstəsinin şəxsi heyət üzrə şöbə rəisinin müavini, polkovnik-leytenant Mehman Şükürov idmançılara uğurlar diləyib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.


Astara RGİİ-nin rəisi Ərçə Əliyev, RTŞ-nin gənclərin çağırışa qədər hazırlığı üzrə metodisti Rusif Rzayev vətənpərvərlik tədbirinin əhəmiyyəti barədə çıxış edərək, məktəbli gənclərə hərbi, fiziki və mənəvi tərbiyədə müvəffəqiyyətlər arzulayıblar.


Yarışda 12 komanda üzrə 60 nəfər məktəbli, 12 nümayəndə, 5 nəfər hakimlər heyəti məharətlərini nümayiş etdiriblər.


Yarışda “Sıra hazırlığı”, “Avtomatın sökülməsi və yığılması”, “Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyyəsi”, “Kəndirin dartılması”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili” mərhələləri üzrə komandalar mübarizə aparıblar.


Oyunların yekun mərhələsində Şiyəkaran kənd 2 saylı tam orta məktəbi birinci, Astara şəhər 3 saylı tam orta məktəbi ikinci, Astara şəhər 7 saylı tam orta məktəbi üçüncü yeri özünə təmin ediblər.


Fəxri yerləri qazanan və mərhələlərdə fərqlənən komandalara Rayon Təhsil Şöbəsi , Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.


Rayon turunun qalibi olan Şiyəkaran kənd 2 saylı tam orta məktəbin komandası cari ilin may ayında Lənkəran şəhərində keçiriləcək respublika zona turunda Astaranı təmsil edəcək.

 



Ağaddin BABAYEV,
Astara.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !