Lənkəran Dövlət Universitetində ilk dəfə olaraq fizika-riyaziyyat fənləri üzrə regional olimpiada keçirilib - + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Lənkəran Dövlət Universitetində ilk dəfə olaraq fizika-riyaziyyat fənləri üzrə regional olimpiada keçirilib + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Fəaliyyət göstərdiyi 25 il ərzində Lənkəran Dövlət Universitetində (LDU) ilk dəfə olaraq fizika-riyaziyyat fənləri üzrə regional olimpiada təşkil olunub. Bölgə gənclərinin dəqiq elmlərə olan həvəs və marağını artırmaq, ölkə üçün potensial riyaziyyatçı kadrlar yetişdirmək işinə yardımçı olmaq, istedadlı gənclərin riyazi qabiliyyətlərini üzə çıxartmaq məqsədi daşıyan olimpiadanın açılışında LDU-nun rektor vəzifəsini icra edən riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov çıxış edərək bilik yarışmasına qatılan gənclərə uğurlar arzulayıb. Dəqiq elmlərin inkişafının ölkənin inkişafı ilə üst-üstə düşdüyünü, riyaziyyat və fizika fənləri üzrə ölkədə ixtisaslı kadrlara böyük ehtiyac duyulduğunu bildərən N. İbrahimov rəhbərlik etdiyi ali təhsil ocağında bu istiqamətdə aparılan geniş miqyaslı təbliğat-təşviqat işlərindən danışıb, keçirilən olimpiadanı da həmin proqramın tərkib hissəsi kimi dəyərləndirib.


Cənub bölgəsinin 6 rayonundan olan şagird və tələbələrin qatıldığı olimpiada 3 istiqamətdə - orta məktəb, orta ixtisas məktəbi və ali məktəb tələbələri arasında fizika və riyaziyyat fənləri üzrə keçirilib. Bilik yarışmasına region üzrə 130 şagird və tələbə qatılıb.


İki gün davam edən olimpiadada orta, orta ixtisas və ali məktəb tələbələri arasında hər iki fənn üzrə 3 qalib müəyyənləşdirilib. Olimpida ən yüksək nəticəyə nail olan iki qalibi də müəyyənləşdirib. Riyaziyyat üzrə ən yaxşı nəticəni Masallı rayonunun Böyük Kolatan tam orta məktəbinin şagirdi Seyran İbrahimov, fizika üzrə LDU-nun tələbəsi Tural Həbibov əldə ediblər.


LDU-nun rektor vəzifəsini icra edən professor Natiq İbrahimov qalibləri universitetin professor-müəllim heyəti adından təbrik edərək, uğurlu nəticə göstərən şagirdləri həm də gələcəkdə LDU-nun tələbələri kimi görmək istəyini bildirib. Belə olimpiadaların bundan sonra da müxtəlif fənlər üzrə keçirilməsinin vacibliyini qeyd edən N. İbrahimov ölkənin inkişafının bu günkü gəncliyin səviyyəsindən, elmi bacarıqlarından, zamanla ayaqlaşa bilmək qabiliyyətindən asılı olduğunu gənclərin diqqətinə çatdırıb.


Olimpiada qalibləri kubok, fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırılıb.


Sonda xatirə şəkilləri çəkilib.

 


Ağaddin BABAYEV,
Lənkəran.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !