Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının su səyahəti Astarada - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran)

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahəti Astarada + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran)

Aprelin 5-də Bakının Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti Naxçıvandan sonra aprelin 9-da Astarada davam edib.


Bakıda Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə başlanan su səyahətinə Astarada “Yanar bulaq”dan start verilib.


Dünya və Avropa Çempionatının sərbəsr güləş üzrə bürünc mükafatçısı, 2016-cı ildə Bakıda keçirilən “Qran-Pri” beynəlxalq yarışın qalibi, idman ustası Əliabbas Rzazadə, Əməkdar Məşqçi, idman ustası Məhərrəm Ağayev və Astara şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Mirrahil Ağayev “Yanar bulaq”da Azərbaycanın dəmirçilik ənənəsindən, İslam dünyasında ənənəvi qab dizaynına uyğun döyülmüş misdən hazırlanmış “Bakı 2017”-nin gözəl su qablarını su ilə doldurublar. Tədbirin davamı olaraq axşam saatlarında rayonun sahil bulvar kompleksində lazer və su şousu keçirilib.


Qeyd edək ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının səyahəti su ünsürünə həsr olunub. Paklıq və birlik rəmzi olan su İslamda mühüm amildir və onun Xəzər dənizinin sahilində yerləşən Bakı üçün də xüsusi əhəmiyyəti var. Ölkənin 15-dən çox tarixi şəhərini, 5 gölü, 1 su anbarını, 3 çayı, 1 bulağı, 3 şəlaləni və Xəzər dənizini əhatə edən su səyahəti bununla da 3 min kilometrdən çox məsafəni qət edəcək. Azərbaycanın müxtəlif guşələrində böyük təbii gözəlliyə malik 15 su məkanının hər birində iki atletin müşayiəti ilə yerli uşaq xüsusi mərasimdə mis qabı su ilə dolduracaq. Prezident İlham Əliyevin göndərdiyi Xəzərin suyu ilə yanaşı, götürüləcək digər sular sonradan axşam festivalında təqdim olunacaq. Azərbaycan musiqisi və rəqsləri, möhtəşəm su effektləri və əlvan atəşfəşanlığı ilə zəngin olan bu tədbirdə hər kəs iştirak edə biləcək. “Xəzərdən başlayan səyahət” 37 gün davam edəcək və mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə başa çatacaq. Həmin vaxt uşaqlar ölkənin göl və çaylarından, şəlalə və bulaqlarından topladıqları Azərbaycanın saf suları ilə İslam dünyasının 50-dən çox dövlətindən olan idmançıları Oyunlarda salamlayacaqlar.

 



Ağaddin BABAYEV,


Astara.



 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !