Aprel döyüşlərinin ildönümü Lənkəran Dövlət Universitetində qeyd olunub - + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Aprel döyüşlərinin ildönümü Lənkəran Dövlət Universitetində qeyd olunub + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Aprel döyüşlərində qələbənin ildönümü münasibəti ilə Lənkəran Dövlət Universitetində (LDU) tədbir keçirilib.
Tədbir vətənpərvər ruhu, mübarizlik əhval-ruhiyyəsi, torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda canını fəda etmiş şəhid eloğullarımızın xatirəsinə ehtiram və hörmət, qələbəyə inam amalı ilə diqqəti çəkib. Tədbirdə N. saylı hərbi hissənin əsgər və zabit heyəti, şəhid valideynləri, ikinci Qarabağ savaşının veteranları ilə yanaşı LDU-nin professor-müəllim və tələbə heyəti də iştirak edib. Tədbiri giriş sözü açan universitetin kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru Kamran Kazımov ötən ilin Aprel döyüşlərində ordumuzun qazandığı qələbəni müasir Azərbaycan hərb tarixinin parlaq səhifəsi adlandırıb, torpaq uğrunda qurban gedən şəhidlərin qədirbilən xalqımızın, xüsusən gənc nəslin yaddaşında daim yaşayacağını, zaman-zaman xatırlanacağını bildirib.


Daha sonra aprel şəhidlərinin müqqəddəs xatirəsi iştirakçılar tərəfindən bir dəqiqəlik sukutla yad olunub.
Azərbaycanın Milli Qəhrəmanı, şəhid Əsgər Əliyevin atası Hacı Ələkbər Əliyev çıxışında şəhid ailələrinə göstərilən diqqət və ehtiramı önə çəkib, ötən ilki Aprel döyüşlərində erməni tapdağından azad olunmuş torpaqları oğlunun şəhid ruhuna, özü kimi şəhid valideynlərin ürəyinə təskinlik adlandırıb, Azərbaycan bayrağının Xankəndində, Şuşada dalğalanacağı günün uzaqda olmadığını bildirib.


Daha sonra universitet tələblərinin hazırladığı qələbə ruhlu “Vətən marşı” adlı musiqili-ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Tələbələrdən Xaqani Bədəlov, Babək Cəfərov, Günel Babazadə, Səyyar Ağazadə və başqalarının ifasında səslənən vətənpərvər ruhlu şeir və mahnılar, səhnəciklər gənc nəslin qələbəyə inamı, mübariz əhval-ruhiyyəsi, kövrəkliyi və səmimiliyi ilə diqqəti çəkib. Qələbəyə çağırış ruhlu tədbir “Əsgər marşı” ilə yekunlaşıb.


Xatırladaq ki, Aprel döyüşlərində qələbənin ildönümü ilə bağlı keçirilən umumrayon tədbirində də LDU-nin tələbə və müəllim heyəti fəal iştirak edib.

 

 

Ağaddin BABAYEV
Lənkəran.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !