Lənkəranlı gənclər Sərhəddən-sərhədə velosiped yürüşünə start veriblər - + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Lənkəranlı gənclər “Sərhəddən-sərhədə” velosiped yürüşünə start veriblər + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Son zamanlar ekologiyanın çirklənməsinə bilavasitə səbəb olan amillərdən biri də avtomobillərin sayının çoxluğudur. Bir sıra ölkələrdə bunun qarşısını almaqdan ötrü velosiped nəqliyyatından istifadə edirlər. Velosiped ekologiyaya müsbət təsir etməklə yanaşı, həm də sağlam həyat bəxş edir. Məhz bunu özlərinə şüar seçən 4 lənkəranlı gənc Azərbaycanın cənub sərhədi Astaradan, şimal sərhədi Xaçmaza kimi məsafəni velosipedlə qət etməklə sağlam həyat, ekologiyanın qorunması və velosiped idmanın faydaları haqqında yol boyu gəncləri maarifləndiriblər.


Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Velosiped İdmanı Federasiyası və Gənclər üçün Təhsil Mərkəzinin tərəfdaş təşkilatçılığı ilə “Sərhəddən-sərhədə” adlı veloyürüş layihəsinə martın 21-də start verilib. Belə ki, layihənin iştirakçıları olan gənclər Astara Gömrük İdarəsinin qarşısından yola düzülərək Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Şirvan, Hacıqabul, Bakı, Sumqayıt, Xızı, Siyəzən, Şabran, Quba və Xaçmaz rayon və şəhərlərində gənclərlə görüşüb layihə haqqında onları məlumatlandırıblar. Veloturçu gənclər olduqları hər rayon və şəhərlərdə Heydər Əliyev Mərkəzlərini ziyarət edib və Ulu Öndərin həyat və fəaliyyəti barədə daha yaxından tanış olublar.

Ümumilikdə 768 kilometrlik məsafəni qət edən gənclər təkcə şəhər və rayon mərkəzlərində deyil, həmçinin yolboyu qarşılarına çıxan gənclərlə də söhbət edib, onlara layihənin məqsədini aşılayıblar.


Layihənin rəhbəri Tərlan Zülfüqarovun sözlərinə görə, onların ən böyük arzuları Qarabağa yürüş etməkdir.

 


Ağaddin BABAYEV,


Lənkəran.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !