Astarada şəhid türk zabitinin yeni qurulmuş məzarının açılışı olub - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran)

Astarada şəhid türk zabitinin yeni qurulmuş məzarının açılışı olub + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran)

1918-ci ildə mart qırğınları dövründə şəhid olmuş Osmanlı Türk İslam Ordusunun zabiti Yusif Camal bəyin və onun silahdaşının Astara rayonunda yerləşən məzarları yenidən qurulub. Bu münasibətlə keçirilən açılış mərasimində Türkiyənin Azərbaycandakı səfirliyinin hərbi attaşesinin köməkçisi Hüner Gönül, Astara rayonunun rəsmiləri və yerli ictimayyətin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ehtiram əlaməti olaraq abidələrin üzərinə gül dəstələri düzüblər.


Mərasimdə səslənən çıxışlarda 1918-ci ilin martında ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri qətliamlara son vermək üçün Azərbaycana gələn Osmanlı Türk İslam Ordusunun zabiti Yusif Camal bəy və silahdaşlarının cəsurluğu barədə söz açılıb. Bildirilib ki, qəhrəman türk zabiti ermənilərin törətdiyi qətliamın qarşısını alarkən döyüşdə top mərmisinin qəlpəsi ilə yaralanaraq dünyasını dəyişib.

Xalq arasında "Camal Paşa" kimi tanınan Yusif Camal bəy onunla eyni vaxtda şəhid olan astaralı silahdaşı Hacı Osmanla yanaşı dəfn olunub. Kənd ağsaqqallarının sözlərinə görə, Pensər qəbiristanlığında daha bir neçə türk əsgərinin məzarı var.


Tarixi mənbələrə görə, 1918-ci ilin martında erməni-daşnak və eserlərdən ibarət hərbi birləşmələri Lənkəran və ətraf rayonlarda 40-a yaxın kəndi yandırıb, yüzlərlə günahsız insanı qanlarına qəltan edib, misli görünməmiş talanlar törədiblər. Bu talanlar Yusif Camal bəyin rəhbərlik etdiyi 300 nəfərlik Osmanlı Türk İslam Ordusu Lənkərana gələnə qədər davam edib.

 


Ağaddin BABAYEV,
Astara.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !