Şəhid leytenantın anım mərasimi - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran)

Şəhid leytenantın anım mərasimi + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran)

Martın 27-də Silahlı Qüvvələrimizin zabiti, tağım komandiri Qalib Laim oğlu Zülfüqarlının şəhidlik məqamına çatmasının bir ili tamam olub. Bu münasibətlə onun doğulub boya-başa çatdığı Vilvan kəndindəki ata ocağında anım mərasimi keçirilib. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun icra strukturlarının nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbi qulluqçular, Qarabağ veteranları, kənd sakinləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə səslənən çıxışlarda şəhid zabitin qısa, lakin mənalı ömür yolundan danışılıb. Diqqətə çatdırılıb ki, Qalib Layim oğlu Zülfüqarlı 1992-ci il dekabrın 20-də anadan olub. Lənkəran şəhər 7 saylı tam orta məktəbi bitirdikdən sonra 2010-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunub. 2014-cü ildə leytenant rütbəsi ilə cəbhənin ön sıralarında hərbi xidmətini davam etdirib. Zabiti olduğu hərbi hissənin döyüşçüləri ilə birlikdə düşmənin layiqli dərsini verən, xalqımıza qələbə sevinci yaşadan oğulların sırasında Qalib Zülfüqarlı da fərqlənib, komandanlığın təşəkkürnamələri ilə təltif olunub. Lakin 2015-ci il martın 27-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu ərazisində düşmən təxribatının qarşısını alarkən şəhid olub. Ölkə başçısı İlham Əliyevin tapşırığı və müdafiə naziri Zakir Həsənovun əmri ilə ölümündən sonra o, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.
Mərasim iştirakçıları Vətən torpaqları uğrunda şəhid olmuş Qalib Zülfüqarlının daim xatirələrdə yaşayacağını, onun qısa, lakin mənalı ömür yolunun gələcək nəsillərə örnək olacağını bildiriblər.
Anım mərasimi şəhid leytenantın qəbrinin ziyarəti ilə başa çatıb.

 


Ağaddin BABAYEV,


Lənkəran.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !