Lənkəranda Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin anım mərasimi keçirilib - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Lənkəranda Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin anım mərasimi keçirilib + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Bu gün Lənkəran şəhərində Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə Azərbaycanın Milli Qəhrəmanı adını almış Əsgər Ələkbər oğlu Əliyevin anım mərasimi keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, N. hərbi hissəsinin zabit və əsgərləri, məktəblilər, ictimaiyyətin nümayəndələri və Milli Qəhrəmanın doğmaları Əsgər Əliyevin adını daşıyan “Dostluq” mədəniyyət və istirahət parkındakı büstünü ziyarət etməklə, önünə təzə-tər gül dəstələri düzüblər.
Mərasimdə Əsgər Əliyevin orta məktəb müəllimi Akif Xalıqov, Qarabağ müharibəsi veteranları cəmiyyətinin sədri Əbülfət Əliyev çıxış edərək Milli Qəhrəmanın şərəfli ömür yoluna bir daha işıq salaraq, onun xatirəsinə bəslənilən hörmət, diqqət və qayğıdan söhbət açıblar. Bildirilib ki, Əsgər Əliyev 8 noyabr 1974-cü il tarixdə Lənkəran rayonunun Ləj kəndində anadan olub. 1982-1992-ci illərdə Ləj kənd və Haftoni qəsəbə orta məktəblərində təhsil alıb. Daha sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olub. 1995-ci ilin 14-17 mart tarixlərində Bakıda hakimiyyəti zorla devirmək cəhdi zamanı Əsgər Əliyev Milli Ordunun sıralarında hərbi əməliyyatlarda iştirak edib və qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Əsgər Əliyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov Milli Qəhrəmanın atası Hacı Ələkbər Əliyevə dərin hüznlə başsağlığı verərək, cəsur kursantın xatirəsinin həmişə xalqımız tərəfindən hörmətlə anıldığını, onun şərəfli ömür yolunun məktəblilərə, gənclərə örnək olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Milli Qəhrəmanın atası Hacı Ələkbər Əliyev onun övladının xatirəsinə bəslənilən ehtirama görə ölkə prezidenti cənab İlham Əliyevə, ŞİH-nın başçısı Taleh Qaraşova, qədirbilən Azərbaycan xalqına ailəsi adından minnətdarlığını bildirib.
Mərasimdə “Gənc Aslanovçular” dərnəyi üzvlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.


Ağaddin BABAYEV,
Lənkəran.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !