ABŞ-ın Azərbaycandakı səfiri Astarada olub - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran

ABŞ-ın Azərbaycandakı səfiri Astarada olub + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran

Martın 10-da Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri cənab Robert Sekuta cənub bölgəsinə səfəri çərçivəsində Astarada olub. Hörmətli qonaq öncə Astara Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Qəzənfər Ağayevlə görüşüb.
Səfər zamanı Robert Sekutanı xanımı Ann Sekuta və digər qonaqlar müşayiət ediblər.
İcra başçısı Qəzənfər Ağayev ABŞ Səfirliyinin nümayəndələrini salamlayaraq, Astara rayonunun sosial-iqtisadi inkişafı, turizm potensialı, kənd təsərrüfatı, əhalinin məşğuliyyəti, yeni açılmış iş yerləri, fəaliyyət göstərən sənaye və emal müəssisələri haqqında geniş və ətraflı məlumat verib.
İcra başçısı həmçinin səfir Robert Sekutanı maraqlandıran sualları cavablandıraraq, Astara rayonunun İran İslam Respublikası ilə sərhəddə yerləşdiyinə görə mühüm strateji əhəmiyyət daşıdığını, ölkə rəhbərliyi tərəfindən rayona daim diqqət və qayğı göstərildiyini, abadlıq və quruculuq işlərinin ilbəil genişləndirildiyini diqqətə çatdırıb.
Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın fəaliyyətindən, yeni inşa edilən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətindən də söhbət açılıb, ABŞ investorlarının Astara rayonuna cəlb edilməsi istiqamətində müzakirələr aparılıb.
Söhbət zamanı əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan-ABŞ dostluq əlaqələrinin bundan sonra daha da inkişaf etdirilməsində belə görüşlərin mühüm əhəmiyyət daşıdığı vurğunaraq, Astara şəhərinin Amerika Birləşmiş Ştatlarının şəhərlərindən biri ilə qardaşlaşması təklifi irəli sürülüb.
ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta səmimi və işgüzar görüşün təşkilinə görə icra başçısına dərin təşəkkür və minnətdarlığını bildirib, Azərbaycanın çox gözəl və səfalı guşəsi olan “cənnət bağı” Astaraya bundan sonra da tez-tez səfər edəcəyini dilə gətirib.

Ağaddin BABAYEV,
Astara.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !