Azexport növbəti görüşünü cənub bölgəsinin sahibkarları ilə keçirib - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Azexport növbəti görüşünü cənub bölgəsinin sahibkarları ilə keçirib + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi region sahibkarları ilə növbəti görüşünü Lənkəranda cənub bölgəsinin sahibkarları ilə keçirib. Martın 4-də şəhərin Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımdımlıdan olmaqla 100-dən artıq sahibkar iştirak edib.
İş adamlarının diqqətinə çatdırılıb ki, Azexport portalı sahibkarlıq və ixrac imkanlarını genişləndirmək üçün onlara dəstək funksiyasını həyata keçirir. Belə ki, portal bölgələrdə fəaliyyət göstərən kiçik və orta sahibkarların ixracyönümlü məhsullarının xarici tərəfdaşlara çatdırılmasının asanlaşdırılması və ölkəmizin ixrac potensialının artırılması istiqamətində mühüm addımlar atır.
Tədbirdə çıxış edən Azexport.az portalının rəhbəri Zaur Qardaşov portalın funksionallığı, Azərbaycan istehsalçıları barədə vahid məlumat bazasının işləmə prinsipi, eyni zamanda portalın ixracatçılara təklif etdiyi əlavə imkanlardan bəhs edib, həmçinin Azexport.az-a inteqrasiya olunmuş milli və beynəlxalq ödəniş sistemləri, nəqliyyat və logistika xidmətləri, real rejimdə tərcümə xidməti və Azərbaycan məhsullarının beynəlxalq ticarət platformalarında yerləşdirmə imkanları barədə geniş məlumat verib. Sahibkarlara məhsul və xidmətlər haqqında məlumatların portala daxil edilmə, yolları izah edildikdən sonra, onları maraqlandıran suallar cavablandırılıb. Sahibkarlar isə çıxışları zamanı ölkəmizdə əlverişli biznes mühitinin formalaşdırılması və sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən islahatlardan məmnunluqlarını ifadə ediblər.
Qeyd edək ki, Azexport.az portalına əsasən Yaponiya, Niderland, Çin, Rusiya, Gürcüstan, Misir, Belarus, Pakista və digər ölkələrdən olmaqla, əsasən şərab, toyuq əti, yumurta, müxtəlif şirələr, quru süd, mineral sular, alma, viski və digər məhsullara dair sifarişlər gəlir. Azexport portalı təchizat zənciri üzrə bütün xidmətlərə - sertifikatlaşdırma, nəqliyyat, logistika, bazarlara çıxış, ödəmə imkanları yaradır.
Əlavə edək ki, sahibkarların tam məlumatlılığını təmin etmək, onların problemlərini dinləyib müzakirə etmək üçün Azexport komandası indiyə qədər Bakinın rayonlarında 500-ə yaxın, respublikanın rayonlarında isə 400–ə yaxın kiçik və orta sahibkarla görüş keçirib.
Məlumat üçün onu da bildirək ki, Azexport.az portalı Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında yaradılıb. Ötən müddətdən bəri portala beş mindən artıq yerli istehsal olan məhsul daxil edilib.

 


Ağaddin BABAYEV,
Lənkəran.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !