Siciliyada Xocalı soyqırımının 25-ci ildönümü anılmışdır -

Siciliyada Xocalı soyqırımının 25-ci ildönümü anılmışdır

İtaliyanın Siciliya regionunun Kataniya şəhər meriyasının “Platamone” sarayında Azərbaycanın İtaliyadakı Səfirliyi, Kataniya şəhərindəki Fəxri Konsulluğu və bu şəhərdə fəaliyyət göstərən “Alkantara” uşaq simfonik orkestrinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Xocalı qurbanlarının anım tədbiri keçirilmişdir. Tədbirdə Kataniya meriyasının nümayəndələri, xarici ölkələrin Siciliyada akkreditə olunmuş konsulları, şəhərin elmi, akademik, mədəni, işgüzar çevrələrinin təmsilçiləri və jurnalistlər iştirak etmişdir.

 

Tədbiri giriş sözü ilə açan AR-in Kataniya şəhərindəki Fəxri Konsulu Domeniko Koko tədbirin əhəmiyyətindən danışmışdır. Ardınca çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımının acı nəticələri barədə məlumat vermiş, bu soyqırımın 25-ci ildönümünün anılması çərçivəsində İtaliyanın müxtəlif şəhərlərində tədbirlərin təşkil olunmasını, Kataniyadakı xatirə gecəsinin bu xüsusda sonuncu tədbir olduğunu bildirmişdir. M.Əhmədzadə “Xocalıya Ədalət!” kampaniyasının Xocalı həqiqətləri barədə beynəlxalq səviyyədə məlumatlandırma üçün əhəmiyyətini qeyd etmiş, Ermənistanın Xocalı soyqırımı ilə bağlı inkarçı mövqeyindən və Azərbaycana qarşı hərbi təcavüzdən əl çəkməsi üçün beynəlxalq ictimaiyyətin qəti mövqeyinin vacibliyini vurğulamışdır.

 

“Alkantara” uşaq simfonik orkestrinin rəhbəri Saurina Qomez çıxış edərək Xocalıda qətlə yetirilmiş dinc əhali arasında uşaqların da olmasını ürək ağrısı ilə qeyd etmiş, Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı keçirilən bu tədbirdə orkestr tərəfindən səsləndiriləcək musiqilərin məhz Xocalıda həlak olmuş uşaqların xatirəsinə ithaf edildiyini, bu musiqilərlə uşaqların dili ilə dünyaya sülh mesajı göndərmək istədiklərini bildirmişdir. Nitqinin sonunda S.Qomez Zəlimxan Yaqubun “Xocalı Mənim Xocalım” şerini italyanca səsləndirmişdir.

 

Daha sonra sözügedən orkestrin ifasında musiqi parçaları təqdim edilmişdir.

 

Tədbirin sonunda “Sonsuz dəhliz” (“Endless Corridor”) filmi nümayiş etdirilmişdir. Filmin təqdimatı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilib və hər il dünyanın müxtəlif yerlərində təbliğat-təşviqat tədbirlərini keçirən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilmişdir. Tanınmış prodüser Aleksandras Brokas və nüfuzlu "Grammy Award" mükafatçısı Cerald Rafşun tərəfindən çəkilmiş bu film Xocalı dəhşətlərinin şahidi olan iki xarici jurnalistin faciədən 20 il sonra yenidən Azərbaycana səfər edərək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşməsi və onların bölüşdüyü xatirələr, eləcə də Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibələri əsasında qurulmuşdur. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !