Zöhrə FƏRƏCOVA : - İstiqlal mücahidi

Zöhrə FƏRƏCOVA : İstiqlal mücahidi

Gəncənin sonuncu qubernatoru



Xalqımızın milli istiqlal mübarizəsinin fəal iştirakçıları sırasında onun da adı var. Görkəmli dövlət xadimi Xudadat bəy Rəfibəyli Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və fəaliyyətində misilsiz xidmətlər göstərib.
O, 1877-ci ildə Gəncədə dünyaya gəlib. Böyük bir nəslin nümayəndəsi olan Xudadat bəyin təhsilinə valideynləri xüsusi diqqət və qayğı ilə yanaşıblar. Atası Ələkbər bəy Rəfibəyli onun ziyalı kimi yetişməsinə çalışırdı. Ələkbər bəyin həyatı, ömür yolu oğlu üçün gözəl nümunə idi. O, Gəncə mahalının sayılıb-seçilən ağsaqqallarından idi. Azərbaycan xalqının milli istiqlal hərəkatında Ələkbər bəyin böyük xidmətləri olub, müxtəlif vəzifələrdə çalışıb. Maarifçi və xeyriyyəçi kimi də geniş fəaliyyət göstərib. Gəncədə ilk teatr tamaşalarının təşəbbüskarı olub. Publisist kimi də fəaliyyət göstərib. İsmayıl Qaspıralının “Tərcüman” qəzetində vaxtaşırı yazıları çap olunub. Ələkbər bəy Azərbaycanın ilk siyasi partiyasının - Bakıda Əhməd bəy Ağayev tərəfindən əsası qoyulan “Difai” partiyasının Gəncə təşkilatının rəhbərlərindən biri idi.
Xudadat bəy Rəfibəyli ilk təhsilini Gəncə gimnaziyasında alıb. Sonra Xarkov İmperator Universitetinin tibb fakültəsinə daxil olub. 1904-cü ildə həmin universiteti bitirib. Xarkov Universitetinin hospital-klinikasının cərrahiyyə şöbəsində üç il ordinator işləyib. Xarkovda tələbə dostları ilə azərbaycanlılardan ibarət “Zemlyaçestvo” (“Həmyerlilər”) dərnəyini yaradıb.
1907-ci ildə Azərbaycanın ilk ali təhsilli cərrahlarından biri kimi Gəncəyə qayıdıb. Qubernatorun əmri ilə şəhər xəstəxanasının direktoru vəzifəsinə təyin edilib. 17 il Gəncə xəstəxanasının baş həkimi və Həkimlər Cəmiyyətinin sədri olub.
1912-1913-cü tədris ilində Sankt-Peterburqdakı İmperator Klinik İnstitutunda 12 ixtisas üzrə dinləyici kimi iştirak edib. Xudadat bəy öz peşəsinin bilicisi, bacarıqlı cərrah idi. Fəaliyyətinə görə Xudadat bəy Rəfibəyli titulyar müşavir (1909), kollej asessoru (1910), saray müşaviri (1912) rütbələrinə layiq görülüb, 1909-1916-cı illərdə Gəncə Mahal Məhkəməsində fəxri barışıq hakimi (mirovaya sudya) işləyib. 1915-ci il noyabrın 18-də kollej müşaviri rütbəsinə irəli çəkilib, 1916-cı ildə 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif olunub.
Xudadat bəy Rəfibəyli 1914-cü ildə Həsən bəy Ağayevlə Azərbaycanda ilk səhiyyə-sağlamlıq cəmiyyətini - “Gəncə tibb cəmiyyəti”ni yaradırlar. Cəmiyyətin üzvləri xeyirxah işlər görür, imkansızlara, yoxsullara pulsuz tibbi yardım göstərir, yoluxucu xəstəliklərin qarşısını almağa çalışırdılar.
1917-ci ilin martında Xudadat bəy Gəncədə yaranan Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilir. O, heç bir partiyanın, heç bir qrupun üzvü deyildi. Ömrünün sonunadək bitərəf qalır. Ancaq Azərbaycanın müqəddəratı həll olunduğu dövrdə millətini, yurdunu dərin məhəbbətlə sevən bu vətənpərvər insan ictimai-siyasi hadisələrdən kənarda qala bilmir.
Fəal milli mövqeyinə görə çar hökumətinin məxfi nəzarətində olan Xudadat bəyin atası Ələkbər bəy də 1917-ci ilin fevral inqilabından sonra Gəncə Milli Komitəsinin üzvü kimi daha geniş fəaliyyət göstərməyə başlayır. 1918-ci ildə Qafqaz İslam Ordusunun başında Gəncəyə gələn Nuru paşanı qarşılayanlar sırasında Ələkbər bəylə Xudadat bəy Rəfibəylilər də vardı.
Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən səhiyyə sahəsində ciddi tədbirlər həyata keçirir. 1918-ci il iyunun 17-də Fətəli xan Xoyski tərəfindən Gəncədə təşkil edilən ikinci hökumət kabinetində Xalq Səhiyyə və Himayədarlıq Nazirliyi yaradılır. Xudadat bəy Rəfibəyli Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk səhiyyə və himayədarlıq naziri təyin olunur. 1918-ci ilin sentyabrında yeni hökumət Bakıya köçürüləndə bu nazirlik əsasında Xalq Səhiyyə Nazirliyi və Himayədarlıq və Dini Etiqad İşləri Nazirliyi təsis edilir. Həmin il oktyabrın 6-da Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci hökumətdə dəyişikliklər edilir. Xudadat bəy Rəfibəyli yenə də xalq səhiyyə naziri kimi fəaliyyət göstərməyə başlayır. O, yeni hökumətin səhiyyə sisteminin qurulmasında fəal rol oynayır. Xudadat bəyin rəhbərliyi ilə Azərbaycanda yeni xəstəxanalar, ambulatoriyalar, həkim və feldşer məntəqələri yaradılır, dövlət hesabına pulsuz müalicəxanalar, ekspertizalar üçün laboratoriya açılır, yoluxucu xəstəliklərlə mübarizə genişləndirilir. Gəncə yaxınlığındakı Zurnabad kəndində taun əleyhinə stansiya təşkil olunur. Görüləcək işlər hələ çox idi. Amma 1918-ci ilin dekabrında Xoyskinin hökuməti istefa verir və Xudadat bəy də səhiyyə naziri vəzifəsini tərk edir.
Bu xeyirxah, ədalətli, nüfuzlu insanı Azərbaycan hökuməti diqqətdən kənarda qoya bilməzdi. O, 1919-cu ilin mayında Gəncə quberniyasının qubernatoru vəzifəsinə təyin edilir. Xudadat bəy bundan sonra da həkimlik sənətindən uzaqlaşmır. O, günün birinci yarısında xəstələri müalicə edir, qalan vaxtda quberniyanın işləri ilə məşğul olurdu.
Həmin vaxtlar Gəncə quberniyasında vəziyyət mürəkkəb idi. Xudadat bəy Rəfibəyli quberniyanın ərazisində Andranikin başçılıq etdiyi erməni-daşnak silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımların qarşısını almaq, hərc-mərcliyə, qarətlərə son qoymaq, sabitlik yaratmaq üçün qətiyyətlə işə başlayır. Bir il sonra sovet hökuməti tərəfindən həbs edilən Xudadat bəy istintaq zamanı deyir: “Quberniyanı idarə etməyə başlayarkən məndən tələb olunmuşdu ki, əmin-amanlıq yaradım. Görülən tədbirlər nəticəsində quberniyadan quldur dəstələri təmizləndi və ləğv olundu, onların bəzi başçıları ayaqları ilə gəldilər, məhkəmə tədqiqatına və istintaqa qədər pulla zaminə buraxıldılar. Nəticədə xeyli sakitlik yaranmağa başladı”.
Azərbaycan milli istiqlalının beşiyi sayılan Gəncədə əmin-amanlığı bərpa etmək qubernator üçün asan olmamışdı. Bolşevik əlaltıları, erməni daşnakları müstəqil dövlətimizin məhvinə çalışırdılar. Yerli satqınlar da cümhuriyyətimizə zərbə vurmaq istəyirdilər. Gəncənin qubernatoru əhali arasında təbliğat aparır, təxribatların qarşısını alırdı.
1919-cu ildə Ələkbər bəy Rəfibəyli dünyasını dəyişdi. Onun vəfatı Azərbaycanda kədərlə qarşılandı. Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Usubbəyli, Həsən bəy Ağayev, Firidun bəy Köçərli, Məmməd Səid Ordubadi və Əhməd Cavadın mətbuatda başsağlıqları dərc olundu. Ələkbər bəy canından çox sevdiyi Azərbaycanın ağır günlərini görmədi.
1920-ci il aprelin 27-dən 28-nə keçən gecə bolşeviklər Azərbaycanı işğal etdilər. Aprelin 29-da Qırmızı ordu hissələri Gəncəyə doğru irəlilədi. Qırmızı ordu əsgərlərinə şəhərdə kütləvi qırğınlar törətməyə bəhanə verməmək üçün Xudadat bəy aprelin 30-da tutduğu vəzifədən istefaya getdi. Gəncənin sonuncu qubernatoru bir yerdə çalışdığı insanlara müraciət etdi: “Bir ilə yaxın Gəncə qubernatoru vəzifəsini icra edərkən əmin oldum ki, həm quberniya idarəsinin və qubernator dəftərxanasının qulluqçuları, həm də mənə tabe olan polis idarəsinin qulluqçuları onlara həvalə olunmuş vəzifələri vicdanla yerinə yetirmiş və quberniyada asayiş, sülh və əmin-amanlıq yaratmaq işində mənə kömək etmək üçün var qüvvələrini əsirgəməmişlər. Ona görə də qubernator vəzifəsini tərk edərkən adlarını saydığım idarələrin qulluqçularına çəkdikləri zəhmətə və qeyrətlə işlədiklərinə görə səmimi minnətdarlıq etməyi özümə mənəvi borc bilirəm və ümidvaram ki, onlar Azərbaycan Respublikasının tərəqqisi və çiçəklənməsi naminə öz vəzifələrini indən belə də vicdanla və səylə yerinə yetirəcəklər. Qubernator Rəfibəyov”.
Xudadat bəy şəhərdə qalıb həkimlik fəaliyyətini davam etdirmək fikrində idi. Lakin Qırmızı ordu hissələrinin gəlişi ilə şəhərdəki ermənilər fəallaşdılar. Onlar azərbaycanlıların və milli ordu hissələrinin yeni hökumətə qarşı təxribata hazırlaşdığını, bu işin başında Xudadat bəy Rəfibəylinin dayandığını, onun general-qubernator olanda da bolşevik tərəfdarlarına qarşı sərt tədbirlər həyata keçirdiyini, erməni qırğınında iştirak etdiyi barədə yanlış məlumatlar yaymağa başladılar. Bu xəbərlər Xudadat bəyin həbsini istəyən Gəncədəki Qırmızı ordu komandanlığı üçün bəhanə oldu. 1920-ci il mayın 12-də bolşeviklər Xudadat bəyi həbs etdilər. Onun silahlı əsgərlərin nəzarəti altında Bakıya aparılacağı xəbərini eşidən gəncəlilər dəmiryol stansiyasına toplaşdılar. Xudadat bəy üç nəfər silahlı əsgərin müşayiəti ilə gəlirdi. Həmişəki kimi vüqarlı idi. Qürurla addımlayırdı. Bir nəfər Xudadat bəyə onu azad etməkdə gəncəlilərə kömək üçün Şəmkirdən 500 nəfər silahlı süvari dəstə gəldiyini dedi. Xudadat bəy təmkinlə cavab verdi: “Qan tökməyin, bu bizim nəslin üstündə ləkə kimi qalar. Mən bütün həyatımı vicdanla yaşamışam və heç bir günahım yoxdur. Məni heç nədə təqsirləndirə bilməzlər”.
Mühafizəçilərə ermənilərin silahlı dəstələri də qoşuldu. Gəncəlilərin isə qarşısını kəsib saxladılar. Qatar Bakıya yollandı.
1920-ci il mayın ortalarından Gəncədə vəziyyətin kəskinləşməsinin, üsyanın başlamasının səbəblərindən biri də Xudadat bəyin həbs edilməsi ilə bağlı idi.
Xudadat bəy bir neçə maddə ilə mühakimə olunurdu. Əsas ittiham ermənilərin yazdığı danoslara əsaslanırdı. Onun həbsi üçün uzun müddət çalışan erməni daşnakları öz istəklərinə uyğun hərəkət edirdilər. Xudadat bəy Rəfibəylinin istintaqını bolşevik cildinə girmiş daşnak müstəntiqi M.Səfikyan aparırdı. Xudadat bəy müstəntiqə belə bir ifadə verdi: “Mənim erməniləri qətlə yetirməyim haqqında ittiham ermənilərin özlərinin uydurmasıdır. Mən nə Qaçaq Məmmədqasıma, nə də Sarı Ələkbərə ermənilərin qətl edilməsi barədə göstəriş verməmişəm. Mən Gəncədə yaşayan ermənilərlə bir neçə dəfə görüşüb, onları qanunlara riayət etməyə çağırmışam. Lakin ermənilər hər dəfə mənim tələblərimə riayət etməyiblər və Gəncədə ermənilər yaşayan məhəllədə insanları silahlandırıblar. Mənim həbs edilməyim də onların istəyi ilə həyata keçirilib”. Səfikyanın cəhdlərinə baxmayaraq, Xudadat bəy verdiyi ifadələrdən imtina etmədi. O dedi: “Barəmdə irəli sürülmüş ittihamda özümü təqsirkar hesab etmirəm. Mənə imkan verilsəydi, mövcud olan sənədləri üzə çıxarıb heç bir günahım olmadığını sübut edərdim”.
Ancaq ona son sözü demək fürsəti belə verilmədi. İyunun 1-də Xudadat bəyi tələsik və gizli Nargin adasına apardılar, orada güllələdilər.
Azərbaycanın qeyrətli oğlu Xudadat bəy Rəfibəyli 43 yaşında qətlə yetrildi. Həyat yoldaşı Cəvahir xanım, üç övladı - 11 yaşlı Kamil bəy, 9 yaşlı Rəşid bəy və 7 yaşlı Nigar xanım həyatın sərt sınaqları ilə üz-üzə qaldılar. Xudadat bəydən sonra başları çox bəlalar çəkdi. Ancaq istiqlal mücahidinin adına layiq ömür sürdülər. Rəfibəylilərin bir çoxu kimi Kamil bəylə Rəşid bəy də doğma Azərbaycanı tərk etmək məcburiyyətində qaldılar. Kamil bəy Türkiyədə, Rəşid bəy Rusiyada yaşadı. Biri həkim, digəri geoloq oldu. Nigar Rəfibəyli isə xalq şairi kimi tanındı.
Azərbaycan Respublikası Prokurorluğunun 1990-cı il 2 iyul tarixli qərarı ilə Xudadat bəy Rəfibəylinin işində cinayət tərkibi olmadığına görə xitam verildi və bəraət qazandı.


Zöhrə FƏRƏCOVA,
Azərbaycan Dillər Universitetinin müəllimi


Azərbaycan qəzeti 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !