Lerikdə Xocalı soyqırımının 25-ci ildönümü münasibəti ilə tədbir keçirilib - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Lerikdə Xocalı soyqırımının 25-ci ildönümü münasibəti ilə tədbir keçirilib + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Lerik Rayon Mədəniyyət Mərkəzində rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilat rəhbərlərinin, ağsaqqallar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının iyirmi beşinci ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları öncə mədəniyyət evinin foyesində Xocalı soyqırımına həsr olunmuş kitab, jurnal və qəzetlərdən, rayon məktəblilərinin Xocalı faciəsinə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.
Daha sonra Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov Xocalı faciəsi haqqında, rayonda faciə qurbanlarının xatirəsinin yad edilməsi ilə bağlı keçirilən tədbirlər barədə məlumat verib.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək bildirib ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən hazırlanmış tədbirlər planına uyğun olaraq respublikanın hər yerində olduğu kimi Lerikdə və rayonun ucqar kəndlərində də Xocalı faciəsi anılır, faciə qurbanlarının xatirəsi hörmətlə yad edilir. Bu tədbirlərin davamı olaraq 26 fevralda cənab Prezidentin təşəbbüsü ilə Bakı şəhərində yürüş keçiriləcək.
Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Elxan Qənbərov, rayon təhsil şöbəsinin əməkdaşı, tarixçi Qafur Xosiyev də çıxılarında yüz illər boyu erməni millətçilərinin XIX və XX əsrlərdə öz havadarlarının dəstəyi ilə Azərbaycana qarşı olan ərazi iddialarından, azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasətindən söz açaraq, bu qanlı faciənin soyqırımı aktı kimi bütün dünya dövlətləri tərəfindən tanınmasından ötrü iş aparılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu bildiriblər. Natiqlər Ali Baş Komandanın rəhbərliyi və həyata keçirdiyi uğurlu siyasətlə torpaqlarımızın mənfur düşməndən azad olunacağı günün uzaqda olmadığını qeyd ediblər.
Daha sonra Lerik şəhər 3 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Kənan Seyfullazadənin ifasında faciə qurbanlarının xatirəsinə həsr olunmuş şeir səslənib.
Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş “Xocalıyıq” sənədli-bədii filmə baxış keçirilib.


Ağaddin BABAYEV,
Lerik.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !