Lənkəran Mədəniyyət Mərkəzində Xocalı – qan yaddaşımız! adlı tədbir keçirilib - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Lənkəran Mədəniyyət Mərkəzində “Xocalı – qan yaddaşımız!” adlı tədbir keçirilib + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Xocalı soyqırımı təkcə azərbaycanlıların deyil, bütünlüklə bəşəriyyətin faciəsidir. Azərbaycanın Xocalı şəhərində dinc azərbaycanlılara qarşı amansız qətliam törədilməsi, şəhərin darmadağın edil-məsi, yüzlərlə insanın – qocanın, cavanın, qadının, uşağın öldürülməsi insanlıq adına həqarətdir. Bu faciəni xalqımızın hər zaman ehtiramla anması və onun acı nəticələrini dünyaya hayqırması hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

 

Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzi hər il Xocalı soyqırımının ildönümünü bütün klub filiallarında milli hüzn günü kimi geniş qeyd edir. Bu ilki “Xocalı – qan yaddaşımız!” adlı silsilə mədəni-kütləvi tədbirlərə fevralın 20-də şəhər Mədəniyyət Mərkəzindən start verilib. Mərkəzin foyesində “Xocalı” guşəsi yaradılıb. Burada Mərkəzin “Buta” rəsm dərnəyinin yeniyetmə üzvləri “Xocalıya ədalət!” adlı rəsm sərgisi qurublar. Sərgidə 8 rəssamın 14 rəsm işi nümayiş olunur. Mərkəzi Kitabxananın Uşaq şöbəsi isə Qarabağ savaşına və xüsusən də Xocalı faciəsinə həsr olunmuş kitablardan ibarət sərgi təşkil edib. Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə Xocalı faciəsi barədə geniş məlumat verərək, bu ilki anım tədbirlərinin əsasən uşaq və yeniyetmələrin iştirakı ilə təşkil olunduğunu bildirib. Mərkəzi Kitabxananın Uşaq şöbəsinin təçkilatçılığı ilə şəhər 10 saylı orta məktəbin və 17 saylı uşaq bağçasının yetirmələri Xocalı faciəsinə həsr olunmuş şeirlər soyləyiblər. Kitabxananın Uşaq şöbəsinin müdiri Xuraman Quliyeva çıxışında bu faciənin azərbaycanlıların milli yaddaşına əbədi həkk olunduğunu vurğulayıb. Şəhər 5 saylı orta məktəbin şagirdi Səbinə Əliyeva insanlığın qətliamını İblis əməli adlandıraraq, Hüseyn Cavidin “İblis” pyesindən bir parçanı söyləyib. Məktəbli Hümmət Əliyev Xocalıya həsr olunmuş şeir və “Amin” mahnısını təqdim edib. Ədəbi-bədii kompozisiyanın sonunda bütün tədbir iştirakçılarının birlikdə oxuduğu “Qalx, qalx, ulu torpaq!” mahnısı Xocalı faciəsinin heç vaxt unudulmayacağının bariz ifadəsinə çevrilib.


Ağaddin BABAYEV,


Lənkəran.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !