Astarada ötən ilin yekunları müzakirə olunub - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Astarada ötən ilin yekunları müzakirə olunub + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Fevralın 17-də Astara Rayon İcra Hakimiyyətində (RİH) 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında RİH başçısının hesabat yığıncağı keçirilib. Tədbirdə geniş hesabatla çıxış edən Astara RİH-nin başçısı Qəzənfər Ağayev yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunmuş, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən konkret rəqəmləri bir daha diqqətə çatdırıb.
Natiq məruzəsində qeyd edib ki, 2016-ci ildə Astarada da bütün sahələrdə uğurlu nəticələr qazanılıb. İqtisadi və sosial inkişafın əsas keyfiyyət göstəricisi olan ümumi məhsul və xidmətlərin həcmi ötən illə müqayisədə 14 faiz artaraq 205 milyon 220 min manata çatıb.
Orta hesabla bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi 1938 manat təşkil edib. Əvvəlki illə müqayisədə sənayedə 15 faiz azalma, kənd təsərrüfatında 6 faiz, tikintidə 45 faiz, ticarət və xidmətlər sahəsində 3,5 faiz, nəqliyyat sahəsində 13 faiz, informasiya və rabitə sahəsində 14 faiz artım müşahidə edilib.
Son illərdə rayonda 8250 iş yeri açılıb, bunun da 7500-dən çoxu daimi iş yeridir. İl ərzində isə rayonda 990 yeni iş yeri açılıb.
İcra başçısının sözlərinə görə, hesabat ilində tikinti-quruculuq və abadlıq sahəsində də rayonda müəyyən işlər görülüb. 860 şagird yerlik Astara şəhər 2 saylı tam orta məktəb binasının əsaslı təmiri, Sım kənd tam orta məktəbi və rayon kənd təsərrüfatı idarəsi üçün yeni binanın tikintisi, Pensər kənd və Ərçivan qəsəbəsində çaylar üzərində piyada körpülərinin təmiri başa çatdırılaraq istifadəyə verilib. Şəhər ərazisində yerləşən mənzil fonduna daxil olan 11 çoxmənzilli yaşayış binasınin blok və fasadında təmir işləri yekunlaşdırılıb, bu da həmin binalarda yaşayan sakinlərin razılığına səbəb olub.
Rayona gələn turistlərin və qonaqların maraqlı istirahət etmələrindən ötrü bulvara yaxın ərazidə mövcud binalar yenidən qurularaq hotel, uşaq əyləncə mərkəzi və ictimai-iaşə obyektlərinin tikintisi davam etdirilir.
Ölkə başçısının Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin ailələrinin sosial məişət şəraitinin yaxşılaşdırılmasına dair müvafiq Sərəncamının icrası olaraq rayonda mənzil növbəsinə alınmış 4 ailə üçün fərdi yaşayış evləri tikilərək onların istifadəsinə verilib.
Rayon ərazisindəki magistral və yerli əhəmiyyətli yolların təmiri, abadlaşdırılması işi də il ərzində davam etdirilib. Yerli əhəmiyyətli Vaqo, Təngərüd və Səncərədi kənd daxili yollarında 13 min kv.m yol asfaltlaşdırılıb. Azərbaycan Kənd İnvestisiya Layihəsinin maliyyə dəstəyi ilə rayonun Kijəbə qəsəbə, Siyaku və Şuvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan kəndlərdə avtomobil yolları təmir edilib, Pəlikəş kənd sahə xəstəxanası üçün yeni binanın tikintisi hazırda davam edir.
Rayonun qaz təchizatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilib, əvvəlki illərdə qazlaşdırılmamış Şağlazüzə kəndinə təbii qazın verilməsi təmin olunub, rayon üzrə ümumi quraşdırılmış sayğacların sayı 16 min 330-a çatdırılıb.
Rayonda istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasından ötrü elektrik xətt təsərrüfatının yaxşılaşdırılması istiqamətində işlər davam edib. Ümumilikdə 960 ədəd yeni metal və dəmir beton dayaqlar quraşdırılıb, 11 ədəd köhnə transformatorlardan ibarət şəbəkə yeni müasir tipli şəbəkə ilə əvəz olunub. Hazırda Kijəbə qəsəbəsi və ətraf yaşayış massivlərini elektrik enerjisi ilə təmin edən Lovayın yarımstansiyasının əsaslı təmirində tamamlanma işləri aparılır.
Rayon telekommunikasiya qovşağı tərəfindən əhaliyə göstərilən rabitə xidmətinin həcmi 754 min manat təşkil edib, bu da ötən illə müqayisədə 24 min 546 manat çox olub. Qovşaqda genişzolaqlı internet xidmətləri lahiyəsi əsasında xətt şəbəkəsi genişləndirilib.
Q.Ağayev diqqətə çatdırıb ki, hesabat ilində rayon əhalisinə göstərilən tibbi xidmətin daha da yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib, rayon Mərkəzi Xəstəxanası yeni tibbi cihaz və avadanlıqlarla təmin olunub, Pensər kənd sahə xəstəxanası və Şiyəkəran kənd həkim məntəqəsinin dam örtüyü dəyişdirilib.
İcra başçısı bildirib ki, rayonda ənənəvi kənd təsərrüfatı sahələrindən olan çəltikçiliyin inkişafı sahəsində də uğurlar əldə olunub. Keyfiyyətli və ekoloji təmiz Astara düyüsü bazarlarda öz layiqli yerini tutub, ətirli və dadlı düyüyə olan tələbat xeyli artıb. 2016-cı ildə çəltik əkini aparılmış 133 hektar sahədən 543 ton çəltik yığılıb, hər hektarın məhsuldarlığı 41 sentner təşkil edib.
Rayonda yaradılmış çayçılıq təsərrüfatlarının ərazisi genişləndirilərək 345 hektara çatdırılıb. Bunun 192 hektarını məhsuldar çay sahələri təşkil edir. 2016-cı il ərzində çay plantasiyalarından ümumilikdə 646 ton yaşıl çay yarpağı yığılaraq çay emalı müəssisələrinə təhvil verilib. Bu da əvvəlki ildəkindən 224 ton çoxdur. Bu sahədə aparılan təbirlər nəticəsində gələcəkdə 1000 hektar torpaq sahəsində çay plantasiyalarının salınması nəzərdə tutulub.
İcra başçısının məruzəsində ötən il rayonda sitrus meyvələrinin istehsalında müsbət dinamikanın müşahidə edildiyi, sitrus bağlarından ümumilikdə 43 min 215 ton məhsul yığıldığı, həmçinin 72 hektarda yeni sitrus bağının salınaraq əkin sahəsinin ümumilikdə 2285 hektara çatdırıldığı qeyd olunub.
Q.Ağayev ötən il ayrı-ayrı sahələr üzrə müəyyən nöqsanlara da yol verildiyini bildirərək, idarə və təşkilat rəhbərlərindən çatışmazlıqların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməyi tələb edib.
Məruzə trafında müzakirələrdə Rayon Təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Etibar Abbasov, DSMF Astara rayon şöbəsinin müdiri Elbrus Abbasov, İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev, Kijəbə qəsəbə sakini Əminə Həsənova, Astara şəhər sakini Firudin Quliyev, sahibkar Nazir Cahangirov, fermer təsərrüfatının rəhbəri Rahim Qəhrəmanov, Sım kənd tam orta məktəbin direktoru Nəbi Xalıqov və başqaları tədbirdə çıxış edərək, abadlaşan, müstəqil dövlətimizin qazandığı nailiyyətlərindən qürur duyduqlarını vurğulamaqla, ölkəmizin daha da çiçəklənməsi naminə ölkə rəhbəri ətrafında hər an sıx birləşdiklərini söyləyibər.
İclasda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzənmədov 2016-cı ilin bütün Azərbaycan xalqının həyatında olduğu kimi, Astara sakinlərinin həyatında da əlamətdar olduğunu vurğulayaraq, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin təqdirəlayiq olduğunu diqqətə çatdırıb.
Sonda yığıncağın qətnaməsi qəbul edilib, iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış müraciətin mətni oxunub.


Ağaddin BABAYEV,
Astara.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !