Gəncənin idmançıları ötən il yarışlardan 57 qızıl, 43 gümüş və 31 bürünc medal qazanıblar -

Gəncənin idmançıları ötən il yarışlardan 57 qızıl, 43 gümüş və 31 bürünc medal qazanıblar

Gəncənin ötən il idman sahəsində qazandığı uğurlar ölkəmizdə həyata keçirilən düşünülmüş dövlət gənclər siyasətinin mühüm tərkib hissəsidir və bu nailiyyətlər yeni ildə də davam etdiriləcək.

 

Ötən il Gəncə idmançılarının qazandığı nailiyyətlərdən danışan şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov AZƏRTAC-a bildirib ki, 2016-cı ildə şəhər üzrə 460-dan çox idmançı 28 respublika, 6 beynəlxalq, 4 Avropa, 1 Olimpiya və 1 Paralimpiya yarışlarında iştirak edib.

 

Həmin idmançılar yarışlardan 57 qızıl, 43 gümüş və 31 bürünc medal qazanıb və ölkəmizi beynəlxalq arenalarda ləyaqətlə təmsil ediblər.

 

Müşfiq Cəfərov deyib ki, “Rio-2016” Yay Olimpiya Oyunlarında 65 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz Toğrul Əsgərov qazandığı gümüş medalla, cüdoçumuz Ramil Qasımov isə “Rio-2016” Yay Paralimpiya Oyunlarında əldə etdiyi qızıl medalla nəinki, gəncəlilərə, eləcə də Azərbaycan ictimaiyyətinə, idmansevərlərə böyük qürur hissi yaşadıb.

 

“İdmançılarımızın qazandığı hər bir mükafat, fəxri ad, yüksək kürsülərdə Azərbaycan bayrağının dalğalanması, himnimizin səsləndirilməsi Gəncənin idman sahəsindəki inkişafı, ölkəmizdə isə gənclərə və idmana göstərilən böyük diqqətin, eləcə də yüksək qayğının nəticəsidir”, - deyə idarə rəisi bildirib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !